100-dən artıq ölkədən nümayəndələrin, beynəlxalq təşkilatların rəhbərlərinin, dövlət və ictimaiyyət təmsilçilərinin iştirak etdiyi Forumda Azərbaycan Prezidenti cənab İlham Əliyevin çıxışı yalnız mədəniyyətlərarası dialoqun əhəmiyyətini deyil, həm də müasir Azərbaycan dövlətçiliyinin ideoloji əsaslarını, milli birliyin fəlsəfəsini, azərbaycançılıq ideologiyasının ictimai-siyasi mahiyyətini və müstəqil dövlətçilik konsepsiyasını əhatə edən mühüm siyasi mesajlarla yadda qaldı.
Ölkə Prezidentinin çıxışında xüsusi diqqət çəkən məqamlardan biri azərbaycançılıq ideologiyasının Azərbaycan cəmiyyətinin bütövlüyünü, milli həmrəyliyini və dövlətə bağlılığını təmin edən fundamental dəyər kimi təqdim edilməsi idi. Dövlət başçısının bu istiqamətdə səsləndirdiyi fikirlər bir daha təsdiq etdi ki, azərbaycançılıq sadəcə milli mənsubiyyəti ifadə edən anlayış deyil, Azərbaycan dövlətinin siyasi-fəlsəfi mahiyyətini, tarixi yaddaşını, milli özünüdərkini və gələcək inkişaf istiqamətlərini müəyyən edən vahid ideoloji platformadır.
DÖVLƏTÇİLİYİMİZİN VƏ MULTİKULTURAL DƏYƏRLƏRİMİZİN MÖHKƏM TƏMƏLİ
Prezident İlham Əliyev Forumdakı çıxışında Azərbaycanın tarixən multikultural ölkə olduğunu, Avropa ilə Asiyanın qovşağında yerləşərək əsrlər boyu müxtəlif mədəniyyətlər arasında körpü rolunu oynadığını vurğuladı. Dövlət başçısı ölkəmizdə yaşayan bütün etnik qrupların və dini konfessiyaların nümayəndələrinin Konstitusiyaya uyğun olaraq bərabər hüquqlara malik olduğunu, onların bir ailə kimi yaşadığını xüsusi qeyd etdi.
Prezidentin bu kontekstdə səsləndirdiyi ən mühüm fikirlərdən biri belə idi: Azərbaycan cəmiyyətinin bütün üzvləri milli ideyalar ətrafında birləşiblər və həmin ideyalardan biri azərbaycançılıqdır. Bu ideologiya Azərbaycanda yaşayan bütün xalqları vahid amal ətrafında bir araya gətirir.
Əslində, bu fikir azərbaycançılıq ideologiyasının mahiyyətini ən dolğun şəkildə ifadə edir. Çünki azərbaycançılıq hər hansı etnik, dini, sosial və ya regional mənsubiyyətlə məhdudlaşmır. O, Azərbaycanı öz Vətəni hesab edən, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, dövlətçilik ənənələrinə və milli-mənəvi dəyərlərinə bağlı olan bütün insanları birləşdirən ümummilli məfkurədir.
Azərbaycançılığın ideoloji əsaslarının müasir dövlətçilik sistemində konseptual şəkildə formalaşdırılması Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri ilə bilavasitə bağlıdır. Məhz Ulu Öndər Heydər Əliyev mürəkkəb tarixi-siyasi şəraitdə milli birliyin qorunmasını, dövlətçilik təfəkkürünün möhkəmləndirilməsini, milli kimliyin inkişaf etdirilməsini və müxtəlif etnik-dini qrupların vahid Azərbaycan cəmiyyəti daxilində həmrəyliyini dövlət siyasətinin əsas prioritetlərindən birinə çevirmişdir.
Azərbaycançılıq – milli dövlətçiliklə ümumbəşəri dəyərlərin, milli kimliklə multikulturalizmin, vətənpərvərliklə tolerantlığın və milli maraqlarla beynəlxalq əməkdaşlığın harmoniyasına əsaslanır. Bu ideoloji xətt Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni tarixi mərhələdə daha da inkişaf etdirilərək müasir Azərbaycan dövlətinin strateji inkişaf fəlsəfəsinə çevrilmişdir.
Bu gün azərbaycançılıq ideologiyası Azərbaycan cəmiyyətinin vahidliyini qoruyan, dövlət-vətəndaş münasibətlərini möhkəmləndirən, milli maraqların müdafiəsinə səfərbərlik yaradan və gələcək nəsillərdə dövlətçilik düşüncəsini formalaşdıran mühüm mənəvi-siyasi mexanizmdir.
Multikulturalizm və tolerantlıq – azərbaycançılığın ictimai təzahürü
Azərbaycanın tarixi inkişaf xüsusiyyətləri göstərir ki, müxtəlif xalqların, etnik qrupların və dini konfessiyaların nümayəndələrinin qarşılıqlı hörmət və anlaşma şəraitində yaşaması xalqımızın əsrlər boyu formalaşmış mənəvi ənənələrindən biridir.
Ölkəmizin coğrafi mövqeyi, Şərqlə Qərbin, Avropa ilə Asiyanın kəsişməsində yerləşməsi, tarixi İpək Yolu üzərindəki strateji mövqeyi Azərbaycanı müxtəlif sivilizasiyaların təmas və ünsiyyət məkanına çevirmişdir. Bu tarixi proseslər xalqımızın dünyagörüşündə dözümlülük, qarşılıqlı hörmət, mənəvi zənginlik və fərqli mədəniyyətlərə açıq münasibət kimi keyfiyyətlərin formalaşmasına mühüm təsir göstərmişdir.
Lakin Azərbaycan multikulturalizminin əsas üstünlüyü yalnız tarixi ənənələrdən ibarət deyil. Onun mühüm xüsusiyyəti bu dəyərlərin müasir dövlət siyasətində, hüquqi münasibətlər sistemində və ictimai həyatın gündəlik reallığında öz əksini tapmasıdır.
Prezident İlham Əliyevin Forumdakı çıxışında vurğuladığı kimi, Azərbaycanda müxtəlif etnik qrupların və dinlərin nümayəndələri bərabər hüquqlara malik olmaqla yanaşı, bir ailə kimi yaşayırlar. Bu, sadəcə tolerantlıq nümayişi deyil, milli həmrəyliyin və ictimai harmoniyanın real göstəricisidir.
Burada vacib bir məqamı xüsusilə qeyd etmək lazımdır: azərbaycançılıq müxtəlifliyi aradan qaldırmaq və ya fərqli kimlikləri vahid qəlibə salmaq məqsədi daşımır. Əksinə, o, hər bir vətəndaşın etnik, dini və mədəni özünəməxsusluğuna hörmətlə yanaşmaqla yanaşı, hamını vahid dövlətçilik ideyası ətrafında birləşdirir.
Bu baxımdan Azərbaycan modeli dünyaya mühüm bir mesaj verir: milli birlik üçün mədəni və dini eynilik zəruri deyil. Əsas olan ümumi Vətənə, dövlətə, milli maraqlara və ortaq gələcəyə bağlılıqdır. Deməli, multikulturalizm azərbaycançılığın mühüm ictimai təzahürü, azərbaycançılıq isə bu müxtəlifliyi vahid milli həmrəyliyə çevirən ideoloji təməldir.
«Dəmir yumruq» – azərbaycançılıq ideologiyasının tarixi sınaqdan keçmiş gücü
Prezident İlham Əliyevin çıxışında xüsusi siyasi və mənəvi məna daşıyan məqamlardan biri Azərbaycanın ən ağır tarixi sınaqlarından keçdiyi dövrlərdə milli birliyin nümayiş etdirilməsi idi.
Dövlət başçısı Ermənistanın hərbi təcavüzü və işğalı, eləcə də İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın bütün etnik və dini qruplarının nümayəndələrinin vahid amal uğrunda birləşərək «Dəmir yumruq» kimi mübarizə apardıqlarını vurğuladı.
44 günlük Vətən müharibəsi Azərbaycan xalqının milli birliyinin, dövlətə sədaqətinin, vətənpərvərliyinin və ümummilli həmrəyliyinin təntənəsi oldu. Həmin tarixi mərhələdə cəmiyyətimizin müxtəlif təbəqələrini, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşları birləşdirən əsas amil Azərbaycan dövlətinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü idi.
«Dəmir yumruq» yalnız hərbi-siyasi qələbənin rəmzi deyil, həm də milli iradənin, xalq-dövlət birliyinin və azərbaycançılıq ideologiyasının gücünün ifadəsinə çevrildi. Bu tarixi təcrübə göstərdi ki, güclü dövlət yalnız iqtisadi və hərbi potensialla deyil, həm də onun ətrafında birləşən cəmiyyətin mənəvi bütövlüyü ilə formalaşır. Milli ideya ətrafında birləşən, ortaq məqsədlərə sahib olan və dövlətinin gələcəyinə inanan xalq istənilən çətinliyin öhdəsindən gəlmək qüdrətinə malikdir.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, Böyük Qayıdış proqramı, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi inkişaf təşəbbüsləri də həmin milli birliyin və dövlətçilik iradəsinin davamıdır.
Beləliklə, azərbaycançılıq ideologiyası yalnız keçmişin tarixi nailiyyətlərini qorumaq deyil, həm də Azərbaycanın gələcək inkişafını təmin etmək üçün cəmiyyətin intellektual, mənəvi və ictimai potensialını səfərbər etmək funksiyasını yerinə yetirir.
Müstəqil dövlətçilik, milli kimlik və ideoloji təhlükəsizlik
Prezident İlham Əliyevin Forumdakı çıxışının mühüm istiqamətlərindən biri Azərbaycanın dövlətçilik tarixinin, milli kimliyinin və müstəqillik iradəsinin qorunması məsələsi idi. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan uzun əsrlər dövlətçilik ənənələrinə malik olsa da, son bir neçə yüzillik ərzində müstəqil dövlətçilikdən məhrum olmuşdur. Bununla belə, xalqımız müxtəlif siyasi sistemlərdə yaşamasına baxmayaraq, öz milli dəyərlərini, dilini, ənənələrini və həyat tərzini qoruyub saxlaya bilmişdir.
Azərbaycan xalqının dövlətçilik ənənələrini, ana dilini, milli-mənəvi dəyərlərini və tarixi yaddaşını qoruyub saxlaması müstəqilliyimizin bərpası üçün mühüm mənəvi zəmin yaratmışdır. Prezidentin çıxışında səsləndirdiyi digər mühüm mesaj isə ideoloji təhlükəsizliklə bağlı idi. Dövlət başçısı ideoloji risklərin fiziki təhlükələr qədər ciddi olduğunu vurğulayaraq milli kimliyin, dövlətçiliyin, müstəqilliyin və həyat tərzinin qorunmasının daim diqqət mərkəzində saxlanılmasının vacibliyini bildirdi.
Qloballaşma, informasiya texnologiyalarının sürətli inkişafı, rəqəmsal kommunikasiya vasitələrinin genişlənməsi və informasiya müharibələrinin intensivləşməsi şəraitində cəmiyyətlərin ideoloji dayanıqlılığı xüsusi əhəmiyyət kəsb edir. Milli kimliyin zəiflədilməsinə, tarixi yaddaşın təhrif edilməsinə, dövlətə və cəmiyyətə inamın sarsıdılmasına yönəlmiş informasiya təsirləri qarşısında sağlam vətəndaş mövqeyinin formalaşdırılması zərurətə çevrilir.
Belə bir şəraitdə azərbaycançılıq ideologiyası milli-mənəvi təhlükəsizliyin, vətəndaş həmrəyliyinin və dövlətçilik düşüncəsinin qorunmasının mühüm dayağıdır. Xüsusilə gənc nəslin milli kimliyə bağlı, müasir dünyagörüşlü, intellektual, vətənpərvər və informasiya savadlı vətəndaş kimi yetişdirilməsi strateji əhəmiyyət daşıyır. Gənclər yalnız Azərbaycanın tarixini və milli-mənəvi dəyərlərini bilməklə kifayətlənməməli, həm də müstəqil düşünmək, informasiya mənbələrini təhlil etmək, dezinformasiyanı müəyyənləşdirmək və dövlətin milli maraqlarını şüurlu şəkildə müdafiə etmək bacarıqlarına yiyələnməlidirlər.
Azərbaycan – mədəniyyətlərarası dialoq və qlobal əməkdaşlıq məkanı
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində tutduğu mövqenin ideoloji və diplomatik əsaslarını da aydın şəkildə nümayiş etdirdi.
2011-ci ildə Azərbaycanın təşəbbüsü ilə əsası qoyulan və sonrakı illərdə beynəlxalq əhəmiyyətli platformaya çevrilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ölkəmizin sivilizasiyalararası anlaşmanın inkişafına verdiyi töhfənin mühüm göstəricisidir. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən «Bakı Prosesi» də bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Bu təşəbbüs müxtəlif mədəniyyətlərin, dinlərin və sivilizasiyaların nümayəndələrini ortaq müzakirə və əməkdaşlıq müstəvisində bir araya gətirir.
Prezidentin çıxışında səsləndirilən mühüm ideyalardan biri də divarlar deyil, körpülər qurmaq fəlsəfəsi idi. Bu yanaşma Azərbaycanın xarici siyasətinin, beynəlxalq əməkdaşlıq strategiyasının və multikulturalizm siyasətinin mahiyyətini ifadə edir.
Azərbaycanın həm İslam dünyası, həm Avropa, həm Asiya, həm də digər beynəlxalq platformalarda fəal iştirakı ölkəmizin müxtəlif siyasi və mədəni mərkəzlərlə əməkdaşlıq qurmaq imkanlarını genişləndirir.
Bu, azərbaycançılığın yalnız daxili milli birliyi təmin edən ideologiya olmadığını, eyni zamanda Azərbaycanın beynəlxalq aləmdə özünü təqdim etmə fəlsəfəsini də müəyyənləşdirdiyini göstərir.
Azərbaycan öz milli kimliyinə, tarixi köklərinə və mənəvi dəyərlərinə sadiq qalaraq dünya ilə açıq dialoq qurur. Bu model milli maraqlarla beynəlxalq əməkdaşlığın bir-birinə zidd olmadığını, əksinə, düzgün dövlət siyasəti nəticəsində bir-birini tamamladığını sübut edir.
İkili standartlara qarşı mübarizə və milli suverenlik prinsipiallığı
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən digər mühüm istiqamət beynəlxalq münasibətlərdə ikili standartlara qarşı prinsipial mövqenin ifadəsi idi. Dövlət başçısı Azərbaycanın uzun illər ərzində üzləşdiyi işğal və ədalətsizlik faktlarına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmamasına və beynəlxalq münasibətlərdə selektiv yanaşmalara diqqət çəkdi.
Azərbaycanın 30 ilə yaxın davam edən münaqişə dövründə beynəlxalq hüquqa əsaslanan mövqeyini qoruması, öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməsi dövlətin müstəqil siyasi iradəsinin mühüm təzahürüdür.
Prezidentin vurğuladığı kimi, heç bir dövlətin digər müstəqil dövlətə necə yaşamağı, hansı qərarları qəbul etməyi diktə etmək hüququ yoxdur. Bu yanaşma azərbaycançılıq ideologiyasının mühüm siyasi komponenti olan milli suverenlik və müstəqil dövlətçilik prinsipini ön plana çıxarır.
Azərbaycan öz milli maraqlarını qorumaqla yanaşı, beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edilməsini, dövlətlərin bərabərhüquqlu əməkdaşlığını və qlobal ədalətin təmin olunmasını müdafiə edir.
Azərbaycançılıq – milli ideoloji platformanın təməli
Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda səsləndirdiyi fikirlər azərbaycançılıq ideologiyasının müasir Azərbaycan dövlətçiliyindəki yerini və strateji əhəmiyyətini bir daha ortaya qoydu.
Bu çıxışın əsas məntiqi ondan ibarətdir ki, Azərbaycanın gücü yalnız iqtisadi inkişafı, hərbi qüdrəti, beynəlxalq nüfuzu və geosiyasi mövqeyi ilə ölçülmür. Azərbaycanın ən mühüm üstünlüklərindən biri müxtəlif etnik və dini mənsubiyyətə malik vətəndaşların vahid Vətən, vahid Dövlət və vahid Milli ideya ətrafında birləşməsidir.
Bu ideologiyanın yaşadılması və gələcək nəsillərə ötürülməsi hər bir vətəndaşın, xüsusilə gənc nəslin mənəvi məsuliyyətidir. Azərbaycan gənci milli kimliyini dərindən dərk etməli, ana dilinə, tarixinə, mədəniyyətinə və milli-mənəvi dəyərlərinə sahib çıxmalı, eyni zamanda müasir elmi-texnoloji biliklərə yiyələnməli, qlobal düşüncəyə və fəal vətəndaş mövqeyinə malik olmalıdır.
Müasir azərbaycançılıq həm milli köklərə bağlılığı, həm də dünyaya açıq olmağı özündə birləşdirən inkişaf fəlsəfəsidir. Bu ideologiya vətəndaşları etnik və dini fərqliliklərdən üstün olan ümumi məqsədlər ətrafında birləşdirir, dövlətin müstəqilliyinin və suverenliyinin qorunmasını ümummilli vəzifəyə çevirir.
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni tarixi mərhələdə inkişaf etdirilən azərbaycançılıq ideologiyası bu gün qalib Azərbaycanın milli özünüdərk fəlsəfəsi, dövlətçilik konsepsiyası və gələcək inkişaf strategiyasının mühüm mənəvi-siyasi dayağıdır.
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda səsləndirilən mesajlar bir daha təsdiq etdi ki, Azərbaycan öz milli kimliyini qoruyaraq dünyaya inteqrasiya edən, fərqli mədəniyyətlər arasında körpülər quran, milli həmrəyliyi dövlət gücünə çevirən və müstəqil siyasət yürüdən dövlətdir.
Azərbaycançılıq bizi birləşdirən milli ideya, müstəqil dövlətçiliyimizi qoruyan mənəvi güc, gələcəyimizi müəyyənləşdirən strateji məfkurədir. Bu ideologiyanın ətrafında sıx birləşmək, milli birliyimizi qorumaq, dövlətimizin maraqlarını müdafiə etmək və Azərbaycanı daha qüdrətli gələcəyə aparmaq hər birimizin ümummilli vəzifəsidir.
Asif ƏSGƏRLİ
YAP İdarə Heyətinin üzvü



















