“Bona Dea İnternational”ın binası bankda girovdadır: külli miqdarda kredit götürülüb

OXUNUB: 2099 index-manşet Səhiyyə
"Bona Dea İnternational” hospitalı ilə bağlı AFN-in redaksiyasına yeni məlumatlar daxil olub. Son günlər xərçəng xəstəliyindən əziyyət çəkən gənc qızın meyitinin "girov saxlanması” ilə gündəm olan klinikanın binasının ölkə banklarından birində girovluqda olduğu deyilir. Bildirilir ki, "Bona Dea İnternational”ın binası bir neçə milyonluq kredit müqaviləsində girovluqdadır. Daxil olan məlumatda o da bildirilir ki, hospitalın direktoru Faiq Əliyevin SOCAR prezidenti Rövnəq Abdullayevin yaxın qohumudur (bibisi oğlu). Qeyd edək ki, bundan əvvəl böyük layihələrə rəhbərlik edən Anar Əliyev ad-soyadlı şəxsin də R.Abdullayevin qohumu olduğu deyilirdi. Yəni Əliyev soyadının SOCAR prezidentinə yad soyad olmadığı məlum məsələdir.


"Bona Dea İnternational”ın binasının girov qoyulmaqla götürülən kreditin təyinatı, səbəbi və s. bu kimi suallara cavab tapmaq üçün klinikanın saytında göstərilən nömrələrə zəng vursaq da, özünü direktor müavini kimi təqdim edən Afaq adlı xanım "buna ancaq rəhbərlik izah verə bilər” dedi. Rəhbərliklə əlaqə saxlamağımıza, suallarımızın rəhbərliyə çatdırılmasına isə heç bir yardım göstərməyəcəyini bildirdi.

Qeyd edək ki, "Bona Dea İnternational” iş adamı Faiq Əliyevin biznesinin bir hissəsidir. Klinikanın açılışı təzə olan dövrdə mətbuatda "Bona Dea Medikal” və "Bona Dea” şirkətlərindən başqa, Faiq Becan oğlu Əliyevin "Palitra” MMC, "Riva-İnşaat” MMC, "Riva” MMC, "Makro Qrup” MMC və "Format Qrup” MMC-nin təsisçisi olması haqda məlumat əksini tapıb. O da bildirilir ki, "Riva-İnşaat” MMC "SOCAR Petroleum”un tədarük etdiyi neft məhsullarının çox az sayda topdan alıcısından biridir. "Palitra” MMC isə "Port Baku”, "SOCAR Tower”, "White City Head Office” və Bakı Olimpiya Stadionunun bəzək işlərində iştirak edib.

Hospitalın tikintisininin SOCAR dövlət şirkəti tərəfindən maliyyələşdirildiyi bildirilsə də, bu məlumat rəsmi təsdiqlənməyib.

RƏYLƏR