“Caspian Agro 2024” sərgisi çərçivəsində “Beynəlxalq Aqrar İnnovasiya Forumu” keçirilir

OXUNUB: 347 Özəl İQTİSADİYYAT
Forumda kənd təsərrüfatının müxtəlif sahələrinə dair panel müzakirələr təşkil olunur 
"17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi” çərçivəsində "Beynəlxalq Aqrar İnnovasiya Forumu” keçirilir. Forumda kənd təsərrüfatının müxtəlif sahələrinə dair panel müzakirələr təşkil olunur. "Caspian Agro 2024” çərçivəsində keçirilən panellərdə yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə kənd təsərrüfatının müxtəlif prioritet sahələri üzrə müzakirələr aparılır.
"Dayanıqlı kənd təsərrüfatının inkişafı iqlim dəyişikliyində” mövzusuna həsr olunmuş ilk panel sessiyada çıxış edən kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov bildirib ki, aqrar sahə ölkə iqtisadiyyatının əsas strateji sahələrdən biridir. Kənd təsərrüfatı sektorunun inkişafının torpaq, su və iqlim kimi ətraf mühit amillərindən bilavasitə asılı olduğunu deyən nazir müavini Sarvan Cəfərov bildirib ki, təbii resurslardan səmərəli istifadə olunması mühüm əhəmiyyət kəsb edir. Nazir müavini ölkəmizin ətraf mühit məsələlərinə həssaslıqla yanaşdığını, bu sahədə olan qlobal çağırışları dəstəklədiyini bildirib. 
Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Umayra Tağıyeva Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinin əhəmiyyətinə toxunub, iqlim dəyişikliyinin kənd təsərrüfatı sahəsinə təsirinin minimuma endirilməsi məqsədilə həyata keçirilən tədbirlərdən söz açıb.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Zakir Quliyev su ehtiyatlarından səmərəli istifadə, su itkilərinin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərə toxunub, bu istiqamətdə gələcək planları açıqlayıb. 
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ölkəmizdəki nümayəndəsi Muhammad Nasar Hayat isə ərzaq təhlükəsizliyi, yeni çağırışlara uyğun dayanıqlı kənd təsərrüfatı sisteminin yaradılması, ətraf mühiti qorumaqla məhsuldarlığın artırılması, bu istiqamətlərdə qlobal əməkdaşlıq məsələrinə toxunub. Qlobal çağırışların təsirləri fonunda Davamlı İnkişaf Məqsədlərinə nail olmaq üçün daha dayanıqlı aqroərzaq sistemlərinin qurulmasının vacib olduğunu deyən FAO rəsmisi təmsil etdiyi təşkilatın bu istiqamətdə Azərbaycana dəstəyini davam etdirəcəyini vurğulayıb. 
Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Stefanie Stallmeister Azərbaycanla uğurlu əməkdaşlıq təcrübəsi, ötən dövrdə birgə icra olunan layihələrin əhəmiyyətini diqqətə çatdırıb. O, iqlim dəyişikliyinin ölkə iqtisadiyyatına təsirlərinin azaldılması, müxtəlif iqlim ssenariləri üzrə gələcək tədbirlərlə bağlı öz tövsiyələrini əsirgəməyəcəyini vurğulayıb.  
Daha sonra "Aqrar Biznes Festivalları və əməkdaşlıq: Beynəlxalq əlaqələr və qarşılıqlı fəaliyyət prinsipləri”, "Kənd təsərrüfatında suvarmanın təşkilinə müasir baxış: problemlər və innovativ həllər”, "Sahibkarlığın stimullaşdırılması, yerli istehsala dəstək”, "Meyvə və tərəvəz məhsullarının istehsalı və emalı sahələrində müasir yanaşmalar” mövzularında panel sessiyalar keçirilib.  
Panel sessiyalarda ərzaq təhlükəsizliyinin təmin olunmasında aqrar innovasiyaların rolu, innovativ həllərin tətbiqi ilə məhsuldarlığın artırılması, torpaq və su resurslarından daha səmərəli istifadə olunması istiqamətində müzakirələr aparılıb.
Sessiyalar zamanı ölkədə kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirlər müzakirə olunub, bu sahədə tətbiq edilən innovativ həllər və nəticələr barədə informasiya-məsləhət xarakterli məlumatlar bölüşülüb.
Panel sessiyalarda mövzular ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb. 
Beynəlxalq Aqrar İnnovasiya Forumu çərçivəsində mayın 16-da "Qadınların aqrar sahədə rolu”, "Heyvandarlığın və yem istehsalının dayanıqlı inkişafı: problemlər və innovativ həll yolları” və "Agritech ekosisteminin inkişaf prespektivləri” mövzularında panel sessiyalar təşkil olunacaq.
 






 

RƏYLƏR