"Bir neçə gündür onlarla vətəndaşlardan şikayətlər gəlir ki, AZAL-ın təyyarə biletləri çox bahadır.
İki ildir ki, vətəndaşlarımız ölkədən kənara çıxa bilmir, həkimə, sanatoriyalara müalicəyə, qohum-əqrabasının yanına getmək istəyənlər var, necə getsinlər? Bizim vətəndaşlarımız, əsasən Şimali Qafqaza gedirlər. Mineralni Vodıya uçmaq üçün AZAL-ın qiyməti 900 AZN-ə yaxındır və iyulun 10-na kimi də biletlər satılıb.
Əfsanəvi futbolçumuz Maşallah Əhmədov Bakıdan Mineralni Vodıya bir saata qaçardı.
Mineralni Vodı Nyu-Yorkdur, Sinqapurdur, Yoxsa Tokio? Kimin pulu var, alsın getsin, pulu olmayanlar, maaşla yaşayanlar, kasıb olanlar, tələbələr və digər həssas qruplar ayaqlarını uzadıb ölsünlər?”
Bunu parlamentin bugünkü plenar iclasında Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib.
"Yaxşı, xaricə uçmaq ancaq seçilmişlər, xüsusi biznes imtiyazına malik olanlar, maaşla yaşamayanlar və qeyri-qanuni yollarla varlananlar üçündürsə, o zaman Azərbaycanda olan sanatoriyaları göstərək, bu maaşla yaşayanlar və ümumiyyətlə, maaşı olmayanlar da gedib orada sağlamlıqlarını bərpa etsinlər. Bizdə sanatoriya var? 3-4 sanatoriya var, onlar da elə pullular üçündür. Kasıb da gedib, Bakının kənarında zibilə batmış, anti-sanitar vəziyyətdə olan çirkli bir gölməçə var, orada dincəlsinlər”, - deyə R.Nurullayev çıxışında belə deyib.
Deputat bildirib ki, bu yanaşma ədalətli deyil:
"AZAL dövlət şirkətidir, dövlət də vətəndaşlarının normal həyatı üçün şərait yaratmalıdır. Təyyarə bileti 14 günlük müalicədən baha başa gəlir. Bu məsələyə təcili əncam çəkilməlidir. Normal dövlət quraq, normal. Elə dövlət ki, 10 milyonluq xalqın hər bir fərdi seçilmişlər içində olsun. Əgər münasibət dəyişməzsə, bizim də münasibət uyğun olacaq, get-gedə daha da sərtləşəcək və konkret ifşaedici faktlar da elə burada səsləndiriləcək”.
7News.Az