Dindarlara tövsiyə: Məhərrəmlikdə oruc tutun!

OXUNUB: 1202 SOSİAL

İslam dinində elə məkanlar, aylar və ya günlər var ki, digərlərindən daha fəzilətlidir. Yəni  həmin vaxt, həmin yerdə etdiyimiz ibadət daha çox savab və mükafat qazandırır. Məsələn, Ramazan ayındakı oruc digər aylardan daha fəzilətli qılınıb və fərz hesab edilir. Eyni zamanda, Məhərrəm ayı da fəzilətlilər sırasındadır.

Bu il Məhərrəm ayı Miladi təqvimlə sentyabrın 22-də başlayacaq. Aşura günü isə oktyabrın 1-nə təsadüf edir.

Maraqlıdır, bu ayda oruc tutmaq olarmı?

İcmal.Az xəbər verir ki, ilahiyyat üzrə fəlsəfə doktoru Elşad Mahmudov Modern.az-a açıqlamasında məsələyə aydınlıq gətirib. O bildirib ki, Məhərrəmlikdə oruc tutmaq müstəhəbdir: "Peyğəmbərimiz hədisində Məhərrəmliyin "Allahın ayı” olduğunu bildirib. Bu səbəbdən Məhərrəm ayının xüsusi yeri və əhəmiyyəti var. Bu ayı canlı tutmaq, ibadətləri gücləndirmək, xüsusilə də oruc ibadətinin önəmini vurğulamaq lazımdır.

Peyğəmbərimiz belə buyurub: "Ramazan orucu xaricində ən fəzilətli oruc, Allahın ayı olan Məhərrəm ayında tutulan orucdur. Fərzlər xaricində ən fəzilətli namaz da gecə namazıdır”. 

Açığı, Aşura günü ilə əlaqəli məsələ xaric, Məhərrəm ayında əlimizdən gəldiyi qədər çox oruc tutmaq savabdır, müstəhəbdir. Yəni Məhərrəm ayı boyunca istədiyiniz günlərdə oruc ibadətini yerinə yetirə bilərsiniz. Eyni zamanda, sünnət olan oruclar həftənin birinci, dördüncü günü tutulan orucdur. Bu oruclara davam etmək daha fəzilətlidir. Çünki  Allahın ayının fərqinə varmaq lazımdır. Rəbbimizin bu aya xüsusi diqqəti var”.

E.Mahmudov Aşura günündə tutulan orucdan da söz açıb: "Aşura günündə oruc tutmaq belə izah edilir: "Rəsulullah Mədinəyə gəlincə, Yəhudilərin aşura günü oruc tutduqlarını  gördü. Onlardan: "Bu gün  nə üçün oruc tutursunuz?” deyə soruşdu. Onlar da "Bu, xeyirli bir gündür. Allah, o gündə Bəni-İsraili düşmənlərindən qurtardı. Həzrəti-Musa o gün oruc tutdu” dedilər. Rəsulullah da: "Mən Musaya sizdən daha yaxınam” buyurub o gün oruc tutdu və müsəlmanlara da tutmalarını tövsiyə etdi.

Yəni Aşura günündə tutulan oruc sünnət orucudur. Həmin gün  oruc tutub-tutmamağın hər hansı günahı, qadağası yoxdur. Sadəcə, oruc tutmayanlar bunun  fəziləti və mükafatından uzaq qalırlar”.

İcmal.Az

RƏYLƏR