"Dünyanın xoşbəxti mənəm dünyada": Zeynəb Xanlarova-81 – FOTO/VİDEO

OXUNUB: 1088 ŞOU-BİZNES

Bu gün SSRİ və Azərbaycanın Xalq artisti, dünya şöhrətli müğənni Zeynəb Xanlarovanın doğum günüdür.

O, 81 yaşını qeyd edir. Zeynəb Yəhya qızı Xanlarova 1936-cı il dekabrın 28-də Bakı şəhərində anadan olub. Bakı Məktəbəqədər Tərbiyə Məktəbini və Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində Seyid Şuşinskinin sinfini bitirib.

Azərbaycan Dövlət Opera və Balet Teatrında Üzeyir Hacıbəyovun "Leyli və Məcnun”, "Əsli və Kərəm” operalarında Leyli və Əslinin partiyalarını məharətlə ifa edən Z.Xanlarova estrada müğənnisi kimi daha çox uğurlar qazanıb. O, "Şahnaz”, "Qatar”, "Bayatı-Şiraz” təsniflərinin, habelə Azərbaycan bəstəkarları Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov, Tofiq Quliyev, Cahangir Cahangirov, Rauf Hacıyev, Ələkbər Tağıyev və digər bəstəkar mahnılarının mahir ifaçısıdır. Müğənninin özü də bir neçə mahnı bəstələyib.

Z. Xanlarova 1958-ci ildən Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsinin artisti, 1961-ci ildən M.F. Axundov adına Akademik Opera və Balet Teatrının baş solisti olub. O, Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Ümumittifaq "Qızıl val” mükafatı laureatı, Əlcəzair və Özbəkistanın fəxri vətəndaşıdır. 1967-ci ildə Azərbaycan SSR əməkdar artisti, 1975-ci ildə Azərbaycan SSR xalq artisti, 1980-ci ildə SSRİ xalq artisti adlarına layiq görülüb.

Müstəqil Azərbaycanın "İstiqlal”, "Şöhrət” və "Heydər Əliyev" ordenləri ilə təltif edilən Z. Xanlarova XI və XII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub.

Bir neçə çağırış Azərbaycan Milli Məclisinin deputatı olan Z. Xanlarova 2015-ci ildə yenidən millət vəkili seçilib.

Qısa müddətdə səsinin şirin avazı ilə milyonların ürəyinə yol tapdı. Bu səs hər bir azərbaycanlının qapısını döydü, evinin ən əziz qonağı oldu. Bu səs sərhədləri aşaraq yaxın-uzaq məmləkətlərdə eşidilməyə başladı. Musiqinin sərhəd tanımaması onun timsalında bir daha təsdiqini tapdı. Sərhədlərindən quşların belə səkə bilmədiyi keçmiş sovetlər məkanının qanunlarının ən sərt dönəmində o, öz şaqraq, bənzərsiz ifası ilə çox-çox uzaqlarda milyonların sevimlisinə çevrilə bildi. Dilimizi bilməyən əcnəbilər belə o şirin avazın, ecazkar ifanın sehrinə düşdü. Azərbaycanın Xalq Artisti Zeynəb Xanlarova qısa bir zaman kəsiyində milli olduğu qədər də bəşəri bir ifaçıya çevrildi.

Onun qastrol səfərlərinin xəritəsini cızmaq çətindir, bəlkə də, mümkün deyil. Zeynəb xanımın səsinin qət etdiyi məsafəni, yolları bir-birinə calasaq, bu sehirli nəğmə çələngini bəlkə də bir neçə dəfə planetin başına dolamaq mümkün olardı. Onu dilindən, dinindən, əqidəsindən asılı olmayaraq, hər yerdə - Avropada, Asiyada, Afrikada, Amerikada eyni məhəbbətlə, eyni hərarətlə qarşılayır, eyni coşqunluqla alqışlayırlar.

Bu xoşbəxtlik hər sənət adamına qismət olmur. Səni doğulduğun məmləkətdə olduğu qədər uzaq ellərdə də sevsinlər, dəyərləndirsinlər. Bu, yalnız və yalnız Zeynəb Xanlarova kimi xoşbəxt sənətkarlara nəsib ola bilərdi və oldu da...

Zeynəb xanım üz tutduğu, konsert proqramları ilə çıxış etdiyi hər bir məmləkətə təkcə özünü və Tanrının ona bəxş etdiyi səsini aparmır, o, həm də həmin ünvanlara Azərbaycanı aparır. O, öz Vətəninin, xalqının adını, şöhrətini yaxın-uzaq ellərdə zirvələrdən-zirvələrə qaldırmaq üçün bu yola çıxmışdır, bəlkə də bu səbəbdən harada olurdusa, orada tükənməz bir Azərbaycan sevgisi qoyub gəlir./publika

İcmal.Az

RƏYLƏR