Məlum olduğu kimi, Prezident İlham Əliyevin 19 mart 2026-cı il tarixli fərmanı ilə dövlət qulluqçularının əməkhaqqının yeni sistemi müəyyənləşdirilib. Fərmana əsasən, inzibati dövlət qulluğu vəzifələri üzrə aylıq vəzifə maaşının minimum məbləği 1170 manat, yardımçı vəzifələr üzrə isə 760 manat müəyyən edilib.
Sənədin mühüm müddəalarından biri dövlət qulluğunun xüsusi növünə aid olan qurumlarla bağlıdır. Fərmanın 6-cı bəndində bildirilir ki, yeni sistemdə nəzərdə tutulan təsnifata daxil olmayan və xüsusi dövlət qulluğuna aid vəzifələr üzrə əməkhaqqı səviyyələri həmin orqanların rəhbərləri tərəfindən Maliyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmaqla analoji ödəniş səviyyələrinə uyğunlaşdırılmalıdır.
Gununsesi.info-nun araşdırması zamanı məlum olub ki, bir sıra qurumlarda əmək haqlarının yeni qaydalarla hesablanmasına baxmayaraq, Dövlət Vergi Xidməti bu prosesdən kənarda qalıb.
Fərmandan bir neçə ay keçməsinə baxmayaraq, bu prosesin nə üçün hələ də yekunlaşdırılmadığı sualı ortaya çıxarır.
Vergi əməkdaşlarının maaşları niyə yeni sistemə uyğunlaşdırılmır?
"Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə görə vergi orqanlarında xidmət dövlət qulluğunun xüsusi növüdür. Eyni zamanda, həmin Əsasnamə vergi orqanlarının vəzifəli şəxslərinin xidmət illəri, xidmət nəticələri və ixtisas səviyyəsi nəzərə alınmaqla əməkhaqqının artırılması hüququnu da təsbit edir.
Məsələ sadəcə "maaş artımı veriləcəkmi?” sualından ibarət deyil. Burada əsas məsələ Prezidentin yeni əməkhaqqı siyasətinin dövlət qulluğunun xüsusi növünə aid qurumlarda necə tətbiq edilməsidir.
Məsələ ilə bağlı Maliyyə Nazirliyinin mövqeyini öyrənməyə hazırıq.























