Ədalət nisbi anlayışdır və hadisələrə baxış bucağından asılı olaraq dəyişir – QƏLƏBƏNİN QLOBAL ƏHƏMİYYƏTİ

OXUNUB: 762 SİYASƏT TƏHLİL

Azərbaycanın 44 günlük haqq savaşının qələbə ilə başa çatmasından bir ildən biraz artıq vaxt keçir və bu müddət bizə imkan verir ki, müharibədən sonrakı vəziyyətin regional və qlobal dəyişikliklərə təsirinin ilkin təhlilini aparaq.

Şübhəsiz ki, Vətən müharibəsi Azərbaycan əsgərinin döyüş meydanında göstərdiyi şücayəti və axıdılan qanı hesabına qazanıldı. Lakin bu həm də, geosiyasi anlamda rəsmi Bakının diplomatik beyin savaşının qələbəsi idi.

Azərbaycan qlobal və regional maraqların kəsişdiyi coğrafi məkanda yerləşdiyi üçün burada qüvvələr balansının dəyişməsi avtomatik olaraq geosiyasi miqyasda qüvvələr balansının dəyişməsinə səbəb olur. İlham Əliyev həm də ona görə dahi strateqdir ki, Azərbaycanda toqquşan geosiyasi ziddiyyətləri öz dividentinə çevirə bildi.

İlham Əliyev 18 il ərzində güc toplayaraq qələbə topunu vurmaq üçün uyğun geosiyasi məqamı gözlədi və bu məqamı elə bir ustalıqla yaxaladı ki, sanki bütün qlobal siyasi küləklərin axın istiqaməti və sürətini əvvəlcədən hesablamışdı. Tarixi periud nöqteyi nəzərindən 44 gün, heç 44 dəqiqə, heç 44 saniyə, heç 44 milisaniyə də etmir, ondan yüz qat və min qat daha azdır. Və bu kiçicik tarixi anı yaxalamağın necə böyük dəqiqlik və siyasi ustalıq tələb etdiyini növbəti dəfə sübut edir.

Azərbaycanın zəfəri ilə barışmayan qüvvələrin başnda tarix boyu ermənipərəst mövqeyi ilə seçilən Fransa gəlir və müharibədən sonra Parisin Bakıya qarşı təhdidləri dayanmırdı.

Fransa Avropa İttifaqının üç ən güclü iqtisadiyyatından birinə sahib olan ölkə olmaqla yanaşı, BMT Təhlükəsizlik Şurasının daimi üzvü, "Böyük Yeddilik (G7)”in üzvü, yəni qısacası qlobal müstəvinin ən güclü oyunçularından biridir. Məntiq bunu deyirdi ki, milli maraqlarımıza Paris istiqamətindən zərbə dəyməməsi üçün Azərbaycanın Fransa ilə münasibətlərini ən azı həlim saxlaması gərəkdir. Ancaq İlham Əliyevin Fransanın hədələrinə qətiyyətli cavabları bütün məntiqi çərçivələri aşırdı.

Diqqət edək: "Əgər Fransa Dağlıq Qarabağ üçün öz müqəddəratını təyinetmə istəyirsə, qoy onlar demək olar ki, sakinlərinin yarısı ermənilərdən ibarət olan Marsel şəhərini onlara versinlər və onlara Dağlıq Qarabağ respublikası elan etməyə icazə versinlər və qoy onlara müstəqillik versinlər. Qoy Korsikaya müstəqillik versinlər, qoy basklara müstəqillik versinlər. Niyə onlar bizdən Dağlıq Qarabağ üçün müstəqillik tələb edirlər? Onların bunu bizdən tələb etməyə nə haqqı var? Onlar bu ittihamları dayandırmalıdırlar. Azərbaycana hücum etməyi və nüfuzumuza xələl gətirməyi dayandırmalıdırlar. Əgər biz muzdlular və terrorçular barədə danışmağa başlasaq, düşünürəm ki, bizi günahlandıranlar özləri çox utancverici vəziyyətə düşəcəklər. Yaxşı olar ki, onlar bizi günahlandırmazdan əvvəl güzgüyə baxsınlar.”-deyə Prezident İlham Əliyev 2020-ci ilin 4 oktyabr tarixində, müharibənin hələ başladığı ilk günlərdə, "Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsi zamanı demişdi.

Məlumat üçün bildirək ki, hazırda Fransanın ərazisi hesab olunan Korsika adası vaxtilə müstəqil dövlət olub və 1768-ci ildə fransızlar tərəfindən işğal edilib. Korsikalılar bu gün də, müstəqillik uğrunda mübarizəsini davam etdirir. Basklara gəldikdə isə, onların bir hissəsi İspaniyada, bir hissəsi isə Fransada yaşayır. İspaniya basklara muxtariyyət versə də, Fransa bunu etməyə tələsmir. Sual yaranır niyə?

Təbii ki, İlham Əliyevin iradı ədalətli irad idi, ancaq dünya axı ədalətli deyil. Yaxud ədalət nisbi anlayışdır və hadisələrə baxış bucağından asılı olaraq dəyişir. Bəli, məhz baxış bucağından asılı olaraq.

Necə ki, qlobal qüvvələr balansının dəyişdiyini İlham Əliyev nəinki Paşinyandan, hətta Makrondan da əvvəl sezmişdi və bu reallıq ona imkan verirdi ki, ədaləti Azərbaycanın baxış bucağından Fransaya diqtə etsin.

Makron bu reallığı İlham Əliyevin müsahibəsindən düz bir il sonra, 15 sentyabr 2021-ci il tarixdə qavrayacaqdı. Məhz həmin tarixdə ABŞ, Böyük Britaniya və Avstraliya arasında AUKUS adlandırılan üçtərəfli təhlükəsizlik paktının imzalanmasındı. Pakta əsasən, Avstraliya sualtı gəmilərinin hazırlanması ilə bağlı Fransa şirkəti ilə imzaladığı 66 milyardlıq müqavilədən Böyük Britaniyanın xeyrinə imtina edirdi. ABŞ, Britaniya və Avstraliya faktiki olaraq bu paktla yeni hərbi alyansın əsasını qoydular, hansı ki, Avrasiya qitəsinin tam şərqindən Avropaya qədər olan böyük bir ərazini əhatə edəcək. Yeni hərbi-geostrateji alyansın ərazisinin Əfqanıstan və Pakistandan başlayaraq, Orta Asiya, Qafqaz və Türkiyəni əhatə edəcəyini ehtimal etmək olar və Azərbaycan-Türkiyə-Pakistan üçlüsünün bu alyansın tərkib hissəsinin olduğunu demək mümkündür.

Bu nöqteyi nəzərdən yanaşdıqda, Ermənistan-Azərbaycan münaqişəsinin həllinin qlobal baxımdan necə böyük əhəmiyyətə malik olduğunu sezməmək mümkün deyil. Qafqazda sülhün əldə edilməsi, işğal olunmuş ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması ilə legitin hakimiyyətin nəzarətinə verilməsi Avrasiyada formalaşdıran böyük Şərq-Qərb ticarət-nəqliyyat marşrutunda sabitliyin təmin edilməsi üçün hesablanıb.

"Zəngəzur dəhlizi” isə bu marşrutun birləşdirici həlqəsi olduğu üçün İlham Əliyevin ermənilərin bu dəhlizi xoşluqla açmayacaqları təqdirdə, zorla açdırılacağı barədə xəbərdarlığı qalib komandanın emosianal çıxışından daha çox dəqiq strateji hesablamanın biruzəsi kimi qəbul olunmalıdır.

AUKUS-un yaradılması Fransa üçün o qədər gözlənilməz oldu ki, Paris 17 sentyabr 2021-ci ildə Avstraliya və ABŞ-dakı səfirlərini geri çağırmaq haqqında qərar qəbul etdi. Fransa xarici işlər naziriJan-İv Le Drian isə gəmi müqaviləsinin ləğv edilməsini "arxadan bıçaqlanma" adlandırdı.

Bu fakt əslində eyni cəbhədə olduqları görünən Qərb dövlətləri arasındakı ziddiyyətin göstəricisi idi. Ustalıq isə, ondan ibarətdir ki, bu ziddiyyətlərdən milli maraqlar üçün yararlana biləsən. Və İlham Əliyev bunu bacardı.

Səbuhi Abbasov

7NEWS.az


RƏYLƏR