Ekspert: Bankların öhdəliklərinin icrasında çətinliklər yaranacaq

OXUNUB: 821 İQTİSADİYYAT

Mərkəzi Bank tərəfindən keçirilən sonuncu depozit hərracında tələb təklifi 4,71 dəfə üstələyib.

İcmal.Az xəbər verir ki, hərracda MB-nin 250 milyon manat təklifinə qarşı banklar tərəfindən sifariş 1,2 milyard manata yaxın olub.

Bu, son BİR ayda dördüncü rekord göstəricidir. 

İqtisadçı-ekspert Samir Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, martın 29-da keçirilən hərracda depozitin cəlbedilmə müddətinin 20 günə qaldırılması da tələbatı azalda bilməyib: 

"Analoji tələbat martın 14-də Bakı Fond Birjasında keçirilmiş hərracda qeydə alınıb. Həmin hərracda MB-nin 250 milyon manatlıq sifarişinə qarşı bankların tələbi bir milyard manatdan çox olub.

İndiki dövrdə "resurs bolluğu”ndan əziyyət çəkən banklar öhdəliklərini yerinə yetirməkdə çətinliklə üzləşiblər. Real sektorun riskləri və əhalinin kredit tarixlərinin pisləşməsi bankların kreditləşmə marağını azaldıb.

Faktiki olaraq aktivlərinin ən yaxşı halda 40%-ni aktiv kreditləşməyə yönəldən banklar aktivlərinin qalan hissəsini gəlirə çevirməkdə problemlərlə üzləşiblər və MB-nin hərrac imkanlarından yararlanmağa çalışırlar. Nəzərə alaq ki, kreditləşmənin aktivlərdə payının 20%-dən az olduğu banklar da var”.

İqtisadçı hesab edir ki, MB valyuta bazarında sabitliyi qorumaq və banklara dəstək üçün hərraclar vasitəsilə dövriyyədən müvəqqəti də olsa, 1,3 milyard manat çıxara bilib:

"Bunun 700 milyon AZN-ni depozit, 600 milyon AZN-ni isə notların yerləşdirilməsi üzrə hərraclar vasitəsilə həyata keçirilib. Mərkəzi Bank 2018-ci ilin ilk üç ayı ərzində banklara depozit hərracları vasitəilə 15 milyon, notların yerləşdirilməsi yolu ilə 3 milyon manata yaxın dəstək verib. MB ümumilikdə banklara 18 milyon manatlıq faiz ödəyib”.

O hesab edir ki, proseslər belə davam edəcəyi təqdirdə milli valyutada yerləşdirilmiş əmanətlərin faiz dərəcələri əhəmiyyətli dərəcədə aşağı düşəcək, bankların əmanətçilər qarşısında öhdəliklərinin yerinə yetirməsində çətinliklər yaranacaq.

Qeyd edək ki, martın 1-nə depozitlərin həcmi aylıq 1% artdığı halda, faizlərə çəkilən xərclər iki dəfədən çox yüksəlib.

Belə ki, 2018-ci ilin yanvar ayında banklar depozitlər üzrə faizlərin ödənilməsinə 32 milyon manat xərcləsələr də, fevral ayında bu rəqəm 64 milyon manat olub. 

İcmal.Az

RƏYLƏR