Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov Oğuzda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

OXUNUB: 539 Özəl İQTİSADİYYAT
2023-cü ilin sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Nazirliyin Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov iyunun 7-də Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Oğuz, Qax, Qəbələ və Ağsu rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Qəbulda vətəndaşların müraciətləri əsasən işlə təminat, dövlət qulluğuna qəbul qaydaları, kənd təsərrüfatı texnikası ilə təminat, güzəştli şərtlərlə kreditin verilməsi, əkin subsidiyası, sığorta ödənişi və digər məsələlərlə bağlı olub. Şöbə müdiri İlham Süleymanov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Şöbə müdiri vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qəbuldan sonra Elm, təhsil və insan resursları şöbəsi tərəfindən Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzi, Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri, Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma və Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzlərinin əməkdaşlarına "İşgüzar etiket və korporativ mədəniyyət" mövzusunda təlim keçirilib. 
Səfər çərçivəsində Aqrar İnkişaf Könüllüləri ilə görüş keçirilib, aktiv fəaliyyəti ilə fərqlənən bir qrup könüllüyə sertifikatlar təqdim edilib.
Daha sonra şöbə müdiri İlham Süleymanov Oğuz rayonunda intensiv üsulla salınmış meyvə bağlarına baş çəkib. 
Görüşlərdə meyvəçiliyin inkişafı, meyvə bağlarında düzgün aqrotexniki qulluq edilməsi, intensiv bağların genişləndirilməsi, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin quraşdırılması barədə fikir mübadiləsi aparılıb, fermerlərin dövlətin bu prosesə verdiyi dəstək mexanizmlərindən geniş yararlandığı qeyd olunub.
 
 






RƏYLƏR