Əslində, məsələ ilə bağlı yazı yazmağı çoxdan planlaşdırırdım. Amma hər dəfə iki səbəbdən təxirə salırdım: 1. Fikirləşirdim ki, müvafiq dövlət qurumları bu sahədə, yəqin ki, işləyir və biz bunun müsbət nəticəsini görəcəyik; 2. İşimin başdan aşdığı bir zamanda vaxtımı sərf etmək istəmirdim. Amma bu günlərdə rusiyalı siyasi şərhçı Vitaliy Arkovun sosial şəbəkədəki statusunda bir erməninin "at oynatması” vəziyyətin ürəkaçan olmadığını bir daha göstərdi. Göstərdi ki, ermənilər rus və ingilis dilli (digər dillərdə olan yazıları izləyə bilmirəm) şəbəkələrdə mütəşəkkil şəkildə fəaliyyət göstərirlər. Həmin platformalarda onlarla mübarizə aparmaq çox çətindir.
Hazırlıqlı trollarla mübarizənin çətinlikləri nədən ibarətdir?
Saytlarda "yatan” erməni trolları bizim istifadəçiləri özündən çıxarır, onların arqumentlərlə yox, söyüşlə cavab verməsini təhrik edirlər. Xüsusi biliyi və hazırlığı olmayan sadə azərbaycanlı istifadəçilər isə bundan bixəbər olduqları üçün həmin torlara düşür. Nəticədə, həmin paylaşımları izləyən müxtəlif ölkələrin müxtəlif milli mənsubiyyətli şəbəkə istifadəçiləri növbəti dəfə erməni təxribatı nəticəsində azərbaycanlıların güya tərbiyəsiz, barbar millət olduğuna şahidlik edirlər.
Ermənilər buna necə nail olurlar?
Bu sahədə fəaliyyət göstərən ermənilər peşəkar olduğundan bir neçə məqama xüsusi diqqət yetirirlər. Əvvəla, onları əsəbiləşdirib özündən çıxarmaq, demək olar ki, mümkün deyil. Onlar yazışmaya emosional yanaşmırlar. İkincisi, hiss olunur ki, onların rəhbərləri bizim sosial şəbəkə istifadəçilərimizin cavab verməyə çətinlik çəkdikləri və ya da, cavab versələr belə, bununla mübahisə etməyin mümkün olduğu mövzuları müəyyənləşdirir. Odur ki, erməni trollar azərbaycanlıları məhz bu sahəyə sürükləyirlər. Bizim sosial şəbəkə istifadəçilərimiz bu çəkişmənin (sosial şəbəkə sahəsindəki mübarizənin) pərdəarxası oyunlarından bixəbər olduqları üçün həmin pusulara düşür və nəticədə qarşıdurmanı kənardan izləyənlər bizim məğlubiyyətin şahidi olurlar. Bu sahədə məğlubiyyət isə kənar izləyicilərin rəyinin formalaşdırılmasında məğlubiyyət anlamına gəlir.
Əlbəttə ki, məğlubiyyətin adı gələndə bir çox soydaşlarımız "qələt edirlər”, "onlar kimdir ki?” və bundan daha ağır ifadələri fikirləşir və ya da səsləndirirlər. Təəssüflər olsun ki, ermənilərin arzu və istəyi də elə bu olduğu üçün, bizim məğlubiyyətimiz göz qabağında olur. Onların bütün provokasiyalarına tutarlı və arqumentli cavab verilməlidir.
Ermənilərin sosial şəbəkə təxribatının qarşısı alına bilərmi?
Əslində bu çox asan, amma elə asan olduğu qədər də çətindir. Bunun üçün biz ermənilərin xüsusi klişelərini müəyyənləşdirib onlara tutarlı cavablar hazırlamalıyıq. Bu cavablar, Azərbaycanın televiziya məkanından "tökülən” təbliğatdan fərqli olaraq, pafos və sözçülükdən uzaq olmalıdır. Misal kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müxtəlif beynəlxalq platformalarındakı çıxışlarını göstərmək olar. Götürək elə Ermənistanın baş naziri ilə Münhendəki polemikanı. Məsələnin mahiyyətindən tam məlumatlı olan, ölkəmizin haqlı mövqedə olduğunu hüquqi və siyasi baxımdan tam əsaslandırmağa qadir olan İlham Əliyev Paşinyanı dərsi bilməyən uşağın gününə saldı. Bundan başqa da, Prezidentimizin beynəlxalq platformadakı uğurlu çıxışları dillər əzbəri olmuş "Vur, komandir, vur!” ifadəsinə daha birini, "Qarabağ Azərbaycandır və nida işarəsi” ifadəsini əlavə etdi.
Aydındır ki, hər kəsin, böyük siyasi təcrübəyə malik, təhsil ixtisasına görə beynəlxalq münasibətlər mütəxəssisi olan və nəhayət, Heydər Əliyev məktəbini qiyabi yox, əyani olaraq, dərsləri gündəlik, həm işdə, həm evdə, həm istirahət zamanı almaq imkanı olan İlham Əliyev kimi diskussiya aparması çox çətin, bəlkə də mümkünsüz məsələdir. Amma qarşı tərəfin hazırlıq keçmiş trolları üçün də bu səviyyə əlçatmazdır. Odur ki, onlarla mübarizə aparmaq, onlara qalib gəlmək mümkündür! İlk növbədə ona görə mümkündür ki, bizim mövqeyimiz haqlı mövqedir! Qalır sadəcə həmin mövqe haqqında əhalini populyar formada məlumatlandırmaq və parralel olaraq, ermənilərin bu sahədə olan təxribatlarına cavab vermək üçün xüsusi qrupları hazırlamaq. Bəri başdan deyim ki, həmin qrupun üzvləri, onlara rəhbərlik edəcək şəxslər kiminsə qohumu, kiminsə dostu olduğu üçün yox, bu işi bildiyi və Azərbaycanı sevdiyi üçün seçilməlidir!
İkinci mərhələdə onların hamısı üçün treninq keçirilməlidir. Bu treninqlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bütün nüanslarını beynəlxalq hüquq müstəvisində sənədlərə istinadən açıqlaya biləcək mütəxəssislərlə yanaşı, mütləq şəkildə psixoloqlar da iştirak etməlidir. Onlar namizədlərin psixoloji durumunu öyrənməli, rəqiblərin hansı üsullardan istifadə edə biləcəyini çatdırmalı və əks-üsullar haqqında treninq iştirakçılarını məlumatlandırmalıdır.
Mövzuya müraciətin əsas səbəbi
Təəssüflə qeyd etmək lazımdır ki, Ermənistan-Azərbaycan Dağlıq Qarbağ münaqişəsinin həlli ikitərəfli müstəvidən çoxdan çıxmışdır. Vaxtı ilə ABŞ yüksək rütbəli diplomatlarından biri şəxsi söhbətimizdə bir maraqlı ifadə işlətmişdi (söhbət ikimizin arasında olduğu üçün və fikir qeyri-rəsmi söhbətdə söylənildiyi üçün həmin şəxsin adını çəkməyəcəyəm). O deyirdi ki, əgər Minsk qrupu həmsədrlərindən heç olmasa biri münaqişənin həllini istəsəydi, problem çoxdan öz həllini tapmış olardı. Hadisələrin gedişi göstərir ki, həmin şəxs tamamilə düz demişdi. Amma biz bu vəziyyətdən çıxmaq üçün bir yol tapmaq məcburiyuyətindəyik.
İllərdir ki, Azərbaycan rəsmiləri, qeyri-hökumət təşkilatları müxtəlif beynəlxalq platformalarda məsələ ilə bağlı həqiqətləri dünya siyasətçilərinə çatdırmağa çalışırlar. Bir çox hallarda bu səylər ilkin məqsədə çatmaq üçün kifayət edir. Bəzi hallarda bunun kiçik müsbət nəticələri də olur (böyük nəticə yalnız torpaqlarımızın qaytarılması olar). Amma məsələ ilə bağlı ciddi müzakirə aparıldığı halda, ya müxtəlif dövlətlərdə ciddi qərarın hazırlanması istənilən halda görünməyən əl əyləci dartır. "Əyləcin dartılma” səbəbi araşdırılanda isə siyasi təhlilçilərimiz bildirirlər ki, həmsədr olan hər üç dövlətdə çox güclü erməni diasporu var, və onun lobbiçilik fəaliyyəti nəticəsində xeyrimizə olan qərarların qəbul olunmasının qarşısı çox vaxt alınır. Yəni, həmsədr ölkələrin siyasi dairələri, o cümlədən də prezidentləri, erməni diasporunun rəyini nəzərə almaq məcburiyyətindədirlər. Məsələ ilə bağlı xırdalıqlara varmadan mümkün əks-tədbirlərdən danışacağam.
Əvvəla qeyd edək ki, hər üç ölkədə, yəni Rusiya, ABŞ və Fransada erməni əsilli vətəndaşların sayı o qədər də çox deyil. Bəs onların gücü nədədir? Onların gücünü formalaşdıran bir neçə amil var. 1. Mütəşəkkillik 2. Maliyyə imkanları 3. KİV-lər vasitəsi ilə ictimayi rəyə təsir etmək imkanları.
Birinci amil ondan xəbər verir ki, ermənilər istənilən hadisəyə çevik olaraq münasibət bildirə, lazım gələrsə etiraz aksiyası keçirə bilir, seçkilərdə vahid qüvvə kimi çıxış edərək öz namizədlərinə səs verirlər. Bu etnik birlik, bir çox hallarda partiya birliyindən daha mütəşəkkil olur.
İkinci amil imkan verir ki, ermənilər maliyyə imkanlarından istifadə edərək, həm qanuni, həm də qeyri-qanuni yollarla nüfuz sahiblərini öz maraqları naminə çalışmağa sövq etsinlər.
Nəhayət üçüncü amil, birinci iki amil təsir etmədiyi halda işə salına bilər. Yəni ermənilərin istəyinin əleyhinə çıxan şəxslər KİV-lərdə ciddi tənqid, bəzən isə şərləmə kampaniyasına məruz qala bilər.
Təəssüflə qeyd etmək lazımdır ki, bu komponentlərin hamısında biz ermənilərə uduzuruq. Hələ ki, uduzuruq. Amma vəziyyəti bizim xeyirimizə dəyişmək üçün yollar var. Əlbəttə ki, bu çox geniş bir konsepsiya əsasında fəaliyyəti nəzərdə tutan işdir. Amma konkret olaraq bir sahədə məsələnin açıqlanması elə bu məqalənin məqsədidir.
21-ci əsrin bu günə qədər üzə çıxan əsas əlamətlərındən biri sosial şəbəkələrin mövcudluğudur. Onların yaradılması ilə dünya siyasətinə yeni texnologiyalar da gəldi. Həmin texnologiyalar siyasi məqsədlərə çatmaq üçün sosial şəbəkələrdən səmərəli istifadə metodikalarını gündəmə gətirdi. Bəzi hallarda beynəlxalq güc mərkəzləri sosial şəbəkələr vasitəsi ilə inqlablar həyata keçirdi (Misirdə olduğu kimi), bəzi hallarda isə, onlarda istifadə vasitəsi ilə hətta prezidentlərin seçilməsi təmin olundu (Tranpın seçilməsi kimi).
Belə olan halda, sosial şəbəkələrin qüdrətini nəzərə almamaq və bundan faydalanmamaq cinayətə bərabər bir səhv olar!
Nəticə
Əlbəttə ki, məsələ ilə bağlı bir çox məqamlar var ki, onların bu məqalədə göstərilməsi məqsədəuyğun deyil. Əsas odur ki, sosial şəbəkələrdən düzgün istifadə bizə qısa zaman ərzində təşəbbüsü ələ almağa imkan verə bilər. Bizim müxtəlif ölkələrdə KİV-ləri yaratmağımız və onları "söz sahibinə” çevirməyimiz çox vaxt aparacaq (hələ bizə KİV-ləri yaratmağa asanlıqla icazə versələr). Həmin ölkələrdə ciddi maliyyə nəhənglərinə çevrilməyimiz də o cümlədən. Diasporumuzun mütəşəkkilləşməsi sahəsində dövlət səviyyəsində ciddi tədbirlər görülsə də, bunun üçün müvafiq vəsayit ayrılsa da, hələ ki, həmsədr ölkələrdə mühüm siyasi qərarların qəbuluna təsir etmək imkanlarımız (diasporların imkanları nəzərdə tutulur) kifayət qədər zəyifdir.
Odur ki, yaranmış vəziyyətdə əlimizə düşən şansdan maksimum yararlanmağa çalışmalıyıq. Adı çəkilən dövlətlərin hər biri, müxtəlif dərəcə də olsa da, demokratiya əsaslarına söykənən dövlətlərdir. Demokratiyanın müxtəlif atributikası və onun qiymətləndirilmə üsulları haqqında danışmayaraq, bir məqamı önə çəkmək istərdim. Adı çəkilən istənilən ölkədə ictimayi rəyin formalaşdırılmasına ciddi diqqət yetirilir. Bu isə yalnız o halda baş verir ki, ciddi qərarların qəbul olunmasında ictimayi rəy mütləq şəkildə nəzərə alınır. Hazırda ictimayi rəyə təsir etmək imkanlardan biri də sosial şəbkələrdir. Sərhəd, vəzifə, yaş həddi tanımayan, böyük sərmayyə tələb etməyən bu sahədən düzgün istifadə etməklə həqiqətin geniş kütləyə çatdırılması, həqiqətə köklənmiş ictimayi rəyin formalaşdırılması və lazımı vaxtda obyektiv qərarın qəbul olunmasına nail olmaq mümkündür. Qalır, sadəcə, lazımı kadrları cəlb etmək, işi düzgün qurmaq və dünyanın güc mərkəzlərinin "Qarabağ Azərbaycandır və nida işarəsi” deməyinə nail olmaq!