Gənclər Fondu və ASAN Xidmətin birgə layihəsi olan “GəncLİK” proqramının II mərhələsi uğurla yekunlaşıb

OXUNUB: 771 QHT

Gənclərdə liderlik qabiliyyətinin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) tərəfindən həyata keçirilən "GəncLİK” proqramının 2-ci mərhələsi uğurla yekunlaşıb.

Proqramda iştirakla bağlı 27 may-24 iyun 2019-cu il tarixlərində ərizə qəbulu həyata keçirilib. Müraciətçilər "GəncLİK” proqramının rəsmi internet səhifəsi vasitəsilə ərizə formasını müvafiq qaydaya uyğun olaraq doldurub qeydiyyatdan keçib. Proqrama müraciət etmiş gənclər arasından seçim meyarlarına uyğun gələn 321 gənc isə növbəti mərhələ olan test imtahanında iştirak etmək şansı qazanıb.

13-14 iyul tarixlərində Gənclərin İnkişaf və Karyera Mərkəzində baş tutmuş test imtahanında namizədlər 1 saat ərzində ümumi dünyagörüşü, qanunvericilik, məntiq və psixologiya bölməsi üzrə ümumilikdə 54 sualı cavablandırmağa çalışıb.

Minimum müəyyən olunmuş orta balı toplayan 104 gəncin növbəti mərhələdə iştirakı uyğun hesab edilmişdir. Həmin gənclər onlara təqdim olunan test tapşırıqlarının 50 %-dən çoxunu düzgün cavablandırıblar.

Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədlər növbəti mərhələdə video müraciət hazırlayaraq iştirak edəcəklər. Video müraciətin göndərilməsi üçün son tarix 5 avqust 18:00-dır.

"GəncLİK” proqramın məqsədi gənclərin liderlik qabiliyyətlərinin inkişaf etdirilməsi, onların potensialının hərtərəfli təkmilləşdirilməsidir. Cari ilin sentyabr-dekabr aylarını əhatə edəcək proqram çərçivəsində 30 gənc lider yerli və xarici mütəxəssislərin təlimlərində iştirak edəcək, onların regionlara səfərləri və dövlət qurumlarının rəhbər şəxsləri ilə görüşləri təşkil olunacaq. Məzun liderlərə fərdi ideyalarını reallaşdırmaq üçün xüsusi dəstək veriləcək, onların karyera inkişafı təşviq olunacaq.

RƏYLƏR