“Gənclər Kuboku: Hərb Oyunları” başa çatdı

OXUNUB: 222 QHT
"İrəli” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən "Gənclər Kuboku: Hərb Oyunları” layihəsi uğurla başa çatıb.

Tədbirlər 27 avqust – 2 sentyabr tarixlərində Ağdam rayonunda baş tutub. Bir həftə müddətində həyata keçirilən düşərgədə gender balansı saxlanılmaqla qeydiyyat və müsahibə mərhələlərini uğurla başa vurmuş ümumilikdə 100-dən çox gənc iştirak edib. Layihənin açılış mərasiminə dövlət rəsmiləri, millət vəkilləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri də qatılıb.
Layihə boyunca gənclərin açıq havada ekstremal şəraitdə hərbi pentatlon, stend atıcılığı, kamandan oxatma, əlbəyaxa döyüş və digər müxtəlif idman növləri üzrə yarışı təşkil olunub, gənclər yarışlarda birincilik uğrunda mübarizə aparıb. Həmçinin, bir həftə ərzində peşəkar idmançılar ilə master-klass, mentorlar tərəfindən xüsusi təlimlər, hərbi yönlü fiziki-psixoloji və intellektual oyunlar da keçirilib.
Bununla yanaşı, layihə çərçivəsində tibbi estafet, silah söküb-yığma, səmti müəyyənetmə yarışları da keçirilib, hərbi mövzuda "Axtar Tap”, maneəli qaçış, ipdartma və s. oyunları oynanılıb. Gənclərin fəaliyyətləri, həmçinin, müxtəlif mövzularda komanda təqdimatları, yürüş və ekskursiyalar ilə davam edib.
Layihənin sonunda verilən tapşırıqları uğurla icra etmiş, həmçinin, keçirilən yarışlarda qalib olmuş komandalar müəyyənləşdirilərək, fəxri fərman, diplom və digər müxtəlif dəyərli hədiyyələrlə mükafatlandırıblar.
Qeyd edək ki, "İrəli” İctimai Birliyi 5-9 sentyabr 2021-ci il tarixlərində Naxçıvan Muxtar Respubikasında indiyədək üç mövsümü uğurla həyata keçirilmiş "Marş İrəli” layihəsinin dördüncü mövsümünü həyata keçirməyə hazırlaşır. Silsilə layihənin ilk mövsümü Ağdam, ikinci mövsümü Goranboy, üçüncü mövsümü isə Göygöl rayonunda baş tutub, ümumilikdə 500-ə yaxın gənc iştirak edib.
"İrəli” İctimai Birliyi tərəfindən bundan sonra da gənclərin hərtərəfli inkişafı və onların vətənpərvər formalaşması sahəsində tədbirlər davam etdirəcək.

RƏYLƏR