Gənclər Təşkilatları Milli Şurasının 25 illik yubileyi və idarə heyətinin seçkiləri keçirilib

OXUNUB: 1160 QHT

21 noyabr 2020-ci il tarixində ölkənin ən böyük gənclər platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının "25 İl Gənclər Üçün” yubiley tədbiri və XVII Hesabat-Seçki Qurultayı keçirilib. Onlayn formatda keçirilən tədbirdə dövlət rəsmiləri, beynəlxalq və yerli qurumların nümayəndələri, Milli Şuranın üzvü olan gənclər təşkilatlarının rəhbər və səlahiyyətli nümayəndələri iştirak edib.

 

Gənclər Təşkilatları Milli Şurası (NAYORA) 21 noyabr 1995-ci ildə 11 gənclər təşkilatı tərəfindən təsis olunub. Avropa Gənclər Forumu, Türk Dünyası Gənclər Birliyinin tam hüquqlu üzvü, BMT-nin İqtisadi və Sosial Şurasının məşvərətçi statuslu üzvü, İslam Konfransı Təşkilatının Gənclər Forumunun həmtəsisçisi və tam hüquqlu üzvü, "Böyük İpək Yolu” beynəlxalq gənclər təşkilatının həmtəsisçisi və Dünya Gənclər Assambleyasının tamhüquqlu üzvüdür. Hazırda 133 üzv təşkilatı öz ətrafında birləşdirən Milli Şuranın əsas missiyası vətəndaş cəmiyyətinin formalaşmasında gənclər və gənclər təşkilatlarının rolunun artırılmasıdır.

 

Tədbirdə ilk öncə NAYORA-nın sədri Məryəm Məcidova tərəfindən Milli Şuranın 2018-2020-ci illər üzrə fəaliyyət hesabatı təqdim edildi.

 

Təqdimatın ardınca Azərbaycan Respublikası Prezident Administrasiyasının, Milli Məclisinin, Gənclər və İdman Nazirliyinin, Diasporla İş üzrə Dövlət Komitəsinin, Gənclər Fondunun rəsmiləri, habelə BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi və digər qurumların nümayəndələri təbrik çıxışları etdilər.

 

Çıxışçılar NAYORA-nın yubiley tədbirinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun ölkəmizin ərazi bütövlüyünün bərpası ilə nəticələnən qələbəmizlə eyni dövrə təsadüf etdiyini, istər ön, istərsə də arxa cəbhədə gənclərin bu qələbəyə mühüm töhfə verdiklərini vurğulayıb, hər bir kəsi bu zəfər münasibətilə təbrik etdilər.

 

"25 İl Gənclər Üçün” yubiley tədbiri BMT Baş katibinin gənclər üzrə elçisi Cayatama Vikramanayakinin (Jayathma Wickramanayake) təbrik videosunun nümayişi ilə yekunlaşdı.

 

Tədbirin ikinci hissəsində NAYORA-nın son seçki dövrü ərzində fəaliyyəti ilə bağlı hesabatın dinlənildiyi XVII Hesabat-Seçki Qurultayı keçirildi və NAYORA-nın seçkili orqanlarına, o cümlədən Sədr və Sədr müavinlərinin vakant vəzifələrinə seçkilər baş tutdu. Səsvermə nəticəsində hazırki Baş katib Azər Əliyev növbəti 2 illik müddətə NAYORA-nın sədri seçildi. Təşkilatın yeni seçilmiş sədri qarşıdan gələn müddətdə NAYORA-nın fəaliyyətinin daha da inkişaf etdirilməsi, o cümlədən gənclər təşkilatlarının dəstəklənməsi, idarəçiliyinin təkmilləşdirilməsi və beynəlxalq təmsilçiliyin daha da gücləndirilməsi ilə bağlı öz proqram ideyasını açıqladı.

 

Tədbir cari məsələlərin müzakirəsi ilə yekunlaşdı.

 

 

 

 

 

 

RƏYLƏR