Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi çərçivəsində növbəti sığorta ödənişləri edilib. Aprel ayında Aqrar Sığorta Fondu tərəfindən İsmayıllı, Qusar və Şabran rayonlarında gilas və badam bağları, eləcə də kələm əkinlərinə dəyən zərərlərə görə fermerlərə sığorta ödənişləri verilib.
İsmayıllı rayonunun Qalıncaq kəndində gilas bağında baş verən fırtına hadisəsi nəticəsində dəyən zərərə görə fermer Səlahəddin Məmmədova 20 218 manat, gilas bağında baş verən fırtına hadisəsi nəticəsində dəyən zərərə görə fermer Dilquşə Həsənovaya 21 747 manat məbləğində sığorta ödənişi təqdim edilib.
Qusar rayonunun Gican kəndindən olan Etibar Səfərova məxsus kələm əkini sahəsində baş verən sel-subasma hadisəsi nəticəsində dəyən zərərə görə fermerə 1566 manat, Şabran rayonunun Pirəbədil kəndindən olan Sübhan Kamilova məxsus badam bağında baş verən şaxtavurma (donvurma) hadisəsi nəticəsində dəyən zərərə görə fermerə 1777 manat məbləğində sığorta ödənilib.
Aqrar sığorta ödənişi alan fermerlər, sığorta mexanizminin işindən razı qalıb, bu dəstəyə görə dövlətə təşəkkür ediblər. Təsərrüfatlarını daha da inkişaf etdirəcəklərini bildirən sahibkarlar digər fermerləri də bu sərfəli imkandan istifadə edərək əkin sahələrini və meyvə bağlarını sığortalamağa çağırıblar.
Qeyd edək ki, Aqrar Sığorta Fondu tərəfindən meyvə bağları üzrə ödənişləri sürətlə artır. Bir qədər əvvəl üzüm, ərik və alça bağları üzrə də sığorta ödənişləri həyata keçirilib.
Xatırladaq ki, 2023-cü ildə Aqrar Sığorta Fondu tərəfindən fermerlərə 4,4 milyon manat sığorta ödənişi edilib ki, bunun 3,5 milyon manatı əkin sahələri və bitkiçilik, 910 min manatı isə heyvandarlıq üzrə olub. Aqrar Sığorta Fondunun fəaliyyəti, göstərdiyi xidmətlər, aqrar sığorta şərtləri və tariflərlə Fondun internet səhifəsi (asf.gov.az) vasitəsilə tanış olmaq mümkündür.
Xatırladaq ki, aqrar sığorta mexanizmi vasitəsilə 48 sayda bitki və bitkiçilik məhsullarını, o cümlədən meyvə bağlarını və tərəvəz əkinlərini sığortalamaq mümkündür. Aqrar sığorta əkin sahələrini təbiət hadisələri – dolu, qasırğa-fırtına, sel-subasma, şaxtavurma, leysan, normadan artıq qar yağıntıları, 3-cü şəxslərin hərəkətləri və sair risklərdən qoruyur. Sığorta haqqının 50%-ni isə fermerlərə dəstək üçün dövlət ödəyir. Nəticədə fermerlər cüzi məbləğ ödəməklə meyvə bağlarını və tərəvəz sahələrini sərfəli şərtlərlə sığorta edə bilərlər.