Hazırda vətəndaş cəmiyyəti müəyyən mənada keçid dövrü yaşayır - TƏHLİL

OXUNUB: 394 SOSİAL

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından bugünümüzə qədər keçən illər ərzində ölkəmizin böyük inkişaf yolu keçməsi dünya miqyasında qəbul olunan reallıqdır. 30 ildə qüdrətli ölkəyə çevrilən, dünyada öz mövqeyini cəsarətlə bildirən, hüquqi dövlət quran Azərbaycan hər bir vətəndaşın qarantına çevrilmişdir.

Dönməz ictimai-siyasi sabitlik və əmin-amanlıq bərqərar olunmaqla, qanunun aliliyinə əsaslanan sivil vətəndaş cəmiyyəti formalaşdırılıb. Bu gün Azərbaycan inkişaf etmiş ölkələr arasında xüsusi yeri və böyük nüfuzu olan dövlətdir. Ölkəmizdə vətəndaş cəmiyyəti institutlarının keçdiyi inkişaf yoluna nəzər saldıqda istər-istəməz 1990-cı illərin əvvəlləri yada düşür. Xalqımız o vaxt milli dövlətçiliyini bərpa etsə də, çoxlu mənəvi sarsıntılara məruz qalaraq, böhranlı, ağrılı-acılı, faciəli günlər yaşayıb. 1993-cü ildə ölkədə ictimai-siyasi sabitlik təmin edilib. Həyata keçirilən düşünülmüş siyasət nəticəsində bütün sahələrdə əsaslı islahatların aparılması üçün zəmin hazırlanıb.

Müasir dövrün ən çox işlədilən sözlərindən biri də "vətəndaş cəmiyyəti” ifadəsidir. Bu ifadənin hər hansı ölkə daxilində işlədilməsinin səviyyəsi dövlət hakimiyyətinin formasını müəyyən etmək üçün təsəvvürlər sistemi yaradır. Vətəndaş cəmiyyəti quruculuğundan söhbət gedirsə, demək demokratik dəyərlərin mövcudluğundan danışılır. İnkişaf nəticəsində əldə edilmiş, müəyyən meyarlara cavab verən cəmiyyət anlaşılır ki, bu da tərəqqidə daha yüksək pillədir.

Vətəndaş cəmiyyəti açıq, demokratik, antitotalitar, müstəqil inkişaf edən cəmiyyətdir ki, burada əsas yeri insan, vətəndaş, şəxsiyyət tutur. Vətəndaş cəmiyyəti insanların siyasi yox, başlıca olaraq iqtisadi və şəxsi həyat fəaliyyəti sferasıdır. Burada avtoritar hakimiyyətə, totalitarizmə, insanlara qarşı zorakılığa yer yoxdur. Humanizm prinsiplərinə, qanunlara və əxlaqa hörmət edilir.

 

Bu gün ölkəmizdə Vətəndaş Cəmiyyəti quruculuğunda hansı proseslər gedir və qarşıda bizi hansı sınaqlar gözləyir? 7NEWS.az mövzunu QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə ilə müzakirə etdik: "Vətəndaş cəmiyyəti həmçinin beynəlxalq təcrübədə üçüncü sektor da adlanır. Bu səbəbdən vətəndaş cəmiyyətinin inkişafı dövlət (1-ci sektor) və özəl (2-ci sektor) sektorla təmas və birgə fəaliyyət nəticəsində mümkündür. Ötən əsrin 90-cı illərində vətəndaş cəmiyyəti, QHT anlayışları bəzi məmurlar üçün antidövlət səciyyəsi daşıyırdı. Həmin dövrlərdə dövlət qurumları ilə əməkdaşlıqda çox böyük çətinliklər var idi. Biz o çətin mərhələni ölkəmizin rəhbərinin cəsarətli mövqeyi nəticəsində keçə bildik. Əməkdaşlıq hətta o mərhələyə çatdı ki, dövlət özü bir çox layihələrə dəstək verməyə başladı və daha sonra QHT-lərə dəstək üçün ixtisaslaşmış bir qurum da yaratdı. Sözsüz ki, 2013-2014-cü illərdə QHT qanunvericiliynə edilən sərtləşdirici dəyişikliklər ölkəyə gələn qrant axınının qarşısını aldı. Etiraf edək ki, həmin dövrdə ölkənin təhlükəsizliyi və sabitliyi baxımdan müəyyən təhdidlərin yaranması meyləri də hiss olunurdu. Bəzi ekspertlər isə əksinə QHT-lərin fəaliyyətinə nəzarətin artırılması ilə bu təhdidlərin aradan qaldırlması mümkünlüyünü vurğulayırdırlar.

Nəticə etibarı ilə ancaq məhdud dövlət maliyyəsindən asılı qalan QHT sektoru kiçik layihələr üzrə fəaliyyət göstərməli oldular. Buna baxmayaraq ölkə səviyyəsində həyata keçirilən kiçik layihələr QHT-lərin fəaliyyətdə olması, cəmiyyətdə öz sözünü deməsi baxımdan mühüm dəstək mexanizmi idi. Ötən dövrdə kiçik maliyyə ilə bəzi QHT-lər fədakar fəaliyyət göstərməklə ölkəmizin inkişafına öz tövhələrini də vermişdir. Bir neçə dövlət qurumu ilə əməkdaşlıq etmək imkanı olan QHT-lər müəyyən mənada vəziyyətdən çıxamağa çalışsa da, təkcə QHT-lərə Dövlət Dəstəyi Şurası ilə əməkdaşlıq edən QHT-lər üçün devalvasiyalar və xərclərin artması fonunda çətinliklər artmaqda davam etmişdir.

Ümumilikdə bütün sahələrdə aparılan islahatlar digər sahələr üzrə olduğu kimi QHT sektorunda da yeni imkanların yaradılmasın zəruri etdi.

Düzdür hələ ki, bu istiqamətdə prosesin getdiyi haqqında fikirlər səslənsə də, ölçülə bilən nəticələr yoxdur. Sözsüz ki, bunun da müəyyən obyektiv səbəbləri var. Hazırda yeni yaradılmış QHT-lərə Dövlət Dəstəyi Agentliyinin müvafiq formada komplektləşməsi və hazırladığı sənədlərin Nazirlər Kabinetində böyük ehtimalla müzakirəsi gedir. Nazirlər kabinetinə göndərilən təkliflərlə tanış olmasaq da, əldə etdiyimiz məlumata görə burada əsas məqam kiçik, orta və böyük qrantlar mexanizmin həyata keçirilməsidir. Bu ideya da uzun müddətdir ki, ekspertlər tərəfindən təklif olunurdu. Əlbəttə islahatlar fonunda bu ideyanın reallaşması üçün müəyyən mənada üfüqlərin açıq olduğu görünür. Bu mexanizm hökümət tərəfindən qəbul olunarsa və həyata keçirilməsi üçün uğurlu əlatlərdən istifadə edilsə vətəndaş cəmiyyəti yeni mərhələyə qədəm qoyacaq. QHT-lərin institusional inkişafı da hazırda əsas prioritetlərdən biridir. Vətəndaş cəmiyyətinin inkişafı və cəmiyyətdə rolunun artırılması üçün hazırda əsas məqam alternativ maliyyə mənbələridir. Bu alternativ maliyyə özəl sektor və xarici mənbələr hesabına formalaşa bilər. Yaxın gələcəkdə özəl sektordan gələn vəsaitdə nəzarəçarpan irəliləyişin olunması gözlənilmədiyi üçün, çıxış yolu xarici donorlardır. Bunun üçün isə qanunvericilikdə müəyyən dəyişikliyin olması əsas şətədir.

Hazırda demək olar ki, vətəndaş cəmiyyəti müəyyən mənada keçid dövrü yaşayır. Gözləntilər böyükdür. Lakin köklü dəyişiklərin qısa müddətdə baş verməsini gözləmək də sadəlövhlük olardı. Onu da nəzərə almaq lazımdır ki, hazırda dəyişikliklər üçün tarixi zəmin yetişib. Çünki dövlət qurumları da vətəndaş cəmiyyətinin yeni mərhələyə qədəm qoymasında maraqlıdır.

Vətəndaş cəmiyyətinin ictimai nəzarət ilə bağlı fəaliyyəti və ölkədə ictimai iştirakçılığın təmin olunması sahəsində də yeni mərhələ başlamışdır. Artıq 17 mərkəzi icra hakimiyyəti orqanı yanında ictimai şuralar yaradılıb, 3 qurum da proses davam edir. Lakin hesabatlılıq ilə bağlı vəziyyət ürəkaçan deyil. Hökumətin istəyi QHT-ləri prosesə daha aktiv cəlb etmək, problemlərin aradan qaldırlmasında və səsləndirilməsində QHT-lərin rolunu artırmaq olsa da, çox təəssüf ki, vətəndaş cəmiyyəti hələ ki, bu mərhələyə hazır deyil.

Mənim fikrimcə ictimai iştirakçılıqda aktivliyi artırmaq üçün əsas məqam vətəndaş cəmiyyətinin ümumi inkişafı ilə birbaşa bağlıdır. İctimai Şuralar prosedura baxımdan aktivləşsə də, ictimai iştirakçılığın digər formaları ilə bağlı vəziyyət daha da acınacaqlıdır. Düzdür vəziyyətin bu formaya düşməsində müəyyən mənada pandemiya da rol oynadı. Amma bütün hallarda bəzi qurumların fəaliyyətindən hiss olunur ki, həmin qurumları ictimai iştirakçılığın təmin olunmasında əsas rolu Ictimai Şuraların üzərinə qoymaq istəyir.

Hesab edirəm ki, ölkədə vətəndaş cəmiyyətinin daha aktiv fəaliyyəti üçün kifayət qədər böyük siyasi iradə var. Müvafiq şəxslər tərəfindən təkliflərin dinlənilməsi və müzakirəsi istiqamətində xeyli işlər aparılıb. Problemlər və çatışmazlıqlar hər kəsə bəllidir. Milli maraqların və ölkəmizdəki sabitliyin qorunmasını tam nəzərə almaqla müəyyən qərarların qəbulunun zamanı çatmışdır.”

 

Mənsur Mustafayev
7NEWS.az
Material Azərbaycan Respublikası

Medianın İnkişafı Agentliyinin maliyyə

dəstəyi ilə hazırlanmışdır.


 

RƏYLƏR