Hesablama Palatası Mərkəzi Bankda hansı problemləri üzə çıxarıb? –HESABAT

OXUNUB: 865 İQTİSADİYYAT BANK
Hesablama Palatası 2022-ci il üçün Mərkəzi Bankını 2021-ci il və 2022-ci ilin 6 ayı ərzində maliyyə-təsərrüfat fəaliyyətinin uyğunluq auditini aparıb.

Audit nəticəsində deyilir ki, Mərkəzi Bankının gəlir və xərclərinin proqnozlaşdırılması fəaliyyəti kifayət qədər təkmil hüquqi çərçivəyə əsaslanıb.

Hesabatda bildirilir ki, Mərkəzi Bank tərəfindən büdcə müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla hazırlanıb. Bu da öz növbəsində maliyyə hesabatlılığının dürüstlüyü üzrə risklərin aşağı səviyyədə saxlanılmasına zəmin yaradır.

Hesablama Palatası bir sıra problemləri də qeyd edib.

Ayrı-ayrı illər və obyektlər üzrə Mərkəzi Bankın İdarə Heyətinin təsdiq etdiyi investisiya büdcəsində hər il üçün nəzərdə tutulan vəsaitlər müvafiq il ərzində istifadə edilməyib və ya müvafiq ilin büdcəsində nəzərdə tutulmadığı halda, investisiya xərclərinə yol verilib.

Layihə-smeta sənədlərinə ekspertiza rəyi alınmadan, tikintiyə müəllif nəzarəti təmin edilmədən və tikintinin ehtimal olunan qiyməti hesablanmadan tikinti işləri başlanılıb və obyektin tikintisinin başa çatmasını rəsmiləşdirən "İstismara icazə Aktı” tərtib və təsdiq edilməyib. Tikinti işləri tam başa çatdıqdan sonra qanunvericiliyin tələblərinə uyğun sənədləşmə aparılıb.

Bundan başqa uzunmüddətli aktivlərə hesablanmış amortizasiya xərclərinin qalıq məbləği ilə  31.12.2021-ci il tarixinə tərtib edilən illik maliyyə hesabatlarının göstəriciləri arasında uyğunsuzluqlar olub. 276,4 min manat dəyərində olan əsas vəsaitlər "Kompüter və avadanlıqlar” sinfində uçota alınmalı olduğu halda, "Mebel və avadanlıqlar” sinfində uçota alınıb.

"Mərkəzi Bankın yeni inzibati binasının tikintisi” obyekti ilə əlaqədar tikinti-quraşdırma işləri üzrə 103358,0 min manat məbləğində investisiya xərcləri kapitallaşdırılan xərclər kimi tanınmayıb.

Həmçinin Sumqayıt Ehtiyat Mərkəzinin yeni inzibati binasının istifadəyə verilməsinə baxmayaraq, istismarda olduğu müddətdə 854,8 min manat məbləğində amortizasiya xərci hesablanmayıb.

Elmi-tədqiqat işlərinə görə fiziki şəxslə bağlanmış müqavilə üzrə  4,9 min manat məbləğində vergi borcunun, hüquqi şəxslərlə bağlanmış müqavilələr üzrə isə 9 halda 210,6 min manat məbləğində vergi borcunun, həmçinin informasiya texnologiyaları sahəsi üzrə iş və xidmətlərin göstərilməsinə görə bağlanmış müqavilələr üzrə 207,4 min manat ƏDV məbləği dövlət büdcəsinə ödənilməyib.

Palatanın rəyində deyilir ki, Mərkəzi Bank korporativ idarəetmə standartlarına sadiqlik göstərərək bankın strateji baxışı əsasında onun strateji vəzifə və hədəflərini müəyyən edib, onlara nail olunması üçün bütün idarəetmə səviyyələrində dəqiq səlahiyyət bölgüsünü, effektiv daxili nəzarət sisteminin tətbiqini təmin edib.

RƏYLƏR