Azərbaycan prezidenti İlham Əliyev martın 5-də Mərakeş Krallığının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Nasser Bouritanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
İcmal.Az xəbər verir ki, nazir Nasser Bourita Mərakeşin Kralı Əlahəzrət VI Məhəmmədin dövlətimizin başçısına salamlarını və Azərbaycan Respublikası prezidentinə və ölkəmizə ən xoş arzularını çatdırıb.
"Mərakeşin Kralı Əlahəzrət VI Məhəmməd Sizinlə olan çox yaxşı şəxsi münasibətlərini və ölkələrimiz arasında uğurla inkişaf edən əlaqələri yüksək qiymətləndirir”, - nazir deyib.
Qonaq qeyd etdi ki, ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının ildönümü ərəfəsində Mərakeş tərəfi, eyni zamanda, Mərakeşin mərhum Kralı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Kasablankada tarixi görüşünün keçirilməsinin 25 illiyinin qeyd edilməsi ilə bağlı tədbirlərə hazırlaşır.
Bu tarixi görüşü ölkələrimiz arasında çox yaxşı əlaqələrin qurulmasının əsası kimi dəyərləndirən Nasser Bourita bu gün prezident İlham Əliyevlə Mərakeş Kralının bu yolu uğurla davam etdirdiklərini vurğulayıb.
O, öz səfəri zamanı keçiriləcək birgə komissiyanın iclasının ikitərəfli münasibətlərin perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib. Mərakeş Krallığının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri qeyd etdi ki, ölkələrimiz beynəlxalq aləmdə həmrəylik nümayiş etdirir, Mərakeş Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və öz növbəsində, Azərbaycanın da Mərakeşin ərazi bütövlüyünü müdafiə etdiyinə görə minnətdarlığını bildirir.
Dünyada islamofobiyanın və radikalizmin gücləndiyini deyən nazir ölkələrimizin beynəlxalq səviyyədə İslam dəyərlərinin qorunması istiqamətində səylərinin gücləndirilməsinin önəmini qeyd edib.
Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəm əsaslar üzərində uğurla inkişaf etdiyini bildirərək, bu münasibətlərin təməlinin xalqımızın ümummilli lideri Heydər Əliyev və Mərakeşin mərhum Kralı tərəfindən qoyulduğunu vurğulayıb. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində həmrəylik göstərdiyini deyən prezident İlham Əliyev ölkələrimizin ərazi bütövlüyünün qarşılıqlı sürətdə dəstəklənməsinin önəmini qeyd edib.
Azərbaycanın İslam həmrəyliyi işinə öz töhfəsini verdiyini qeyd edən dövlətimizin başçısı Azərbaycanda multikulturalizmin və dini tolerantlığın hökm sürdüyünü, ölkəmizin bu istiqamətdə mötəbər beynəlxalq tədbirlərin, o cümlədən İslam Həmrəyliyi Oyunlarının, müxtəlif beynəlxalq sərgi və konfransların keçirildiyi bir məkana çevrildiyini vurğulayıb.
Bu baxımdan, İslam mədəniyyətinin qorunması ilə bağlı Azərbaycanın Avropada keçirdiyi təqdimatların, ISESCO tərəfindən Naxçıvanın bu il, Bakının isə bir neçə il bundan əvvəl İslam mədəniyyəti paytaxtı seçilməsinin önəmini qeyd edib. Bu gün Azərbaycan dünyada vüsət alan islamofobiyaya qarşı fəal mübarizə aparır və bu baxımdan ölkələrimiz beynəlxalq aləmdə eyni mövqe nümayiş etdirir.
İqtisadi əlaqələrə toxunan dövlətimizin başçısı bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib, bu baxımdan qarşılıqlı ticarətin artırılmasının, investisiya imkanlarının araşdırılmasının önəmli olduğunu bildirib.
Prezident İlham Əliyev Mərakeşin Kralı Əlahəzrət VI Məhəmmədin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Mərakeş Kralına çatdırmağı xahiş edib.
11:36
Azərbaycan prezidenti İlham Əliyev Mərakeş Krallığının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Nasser Bouritanı qəbul edib.
İcmal.Az-ın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.
İcmal.Az