“İnsan Hüquqları Aylığı” çərçivəsində silsilə tədbirlər davam etdirilir

OXUNUB: 1078 Özəl
Aqrar Tədqiqatlar Mərkəzi, Qax, Zaqatala, Balakən və Neftçalada "İnsan Hüquqları Aylığı” çərçivəsində silsilə tədbirlər keçirilib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş "İnsan Hüquqları Aylığı” çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən silsilə tədbirlər davam etdirilir. Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyinin dəstəyi ilə bu dəfə Aqrar Tədqiqatlar Mərkəzində insan hüquq və azadlıqlarının təmin edilməsi mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə çıxış edən Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyinin sədri Fuad Məmmədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə iyunun 18-i Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi təsis edilib və artıq 17 ildir ki, hər il qeyd olunur. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən ənənəvi olaraq 18 may - 18 iyun tarixlərinin  ölkə ərazisində "İnsan Hüquqları Aylığı” elan edildiyini xatırladan Fuad Məmmədov bildirib ki, maarifləndirmə tədbirləri insan hüquqlarının təbliği sahəsində ictimai məlumatlılıq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır.
Aqrar Tədqiqatlar Mərkəzinin elmi katibi Akif Vəliyev insan hüquq və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Akif Vəliyev əlavə edib ki, qəbul edilən qanun və qərarlar ölkəmizdə insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə təminat verir.
Daha sonra əməyin mühafizəsi ilə bağlı standartlar, işçilərin sağlamlığının və iş qabiliyyətinin saxlanılması, işçilərin layiqli əmək şəraiti ilə təmin olunmasına yönəldilmiş təşkilati, texniki, sanitar-gigiyenik və müalicəvi-profilaktik tədbirlər barədə təqdimatlar keçirilib. Tədbirdə çıxış edənlər vurğulayıb ki, "İnsan Hüquqları Aylığı” çərçivəsində təşkil olunan tədbirlər ölkəmizdə insan hüquqlarının təbliğində, eləcə də əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsində və onların problemlərinin həllində önəmli rol oynayır. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan qurumlar tərəfindən bölgələrdə də insan hüquqlarını təbliğ edən mövzularda müxtəlif maarifləndirmə tədbirləri və müzakirələr təşkil olunur. Belə ki, "İnsan Hüquqları Aylığı” çərçivəsində Qax, Zaqatala, Balakən və Neftçala dövlət aqrar inkişaf mərkəzlərində "İnsan hüquqlarının və azadlıqlarının mahiyyəti” mövzusunda görüşlər keçirilib. Tədbiri giriş sözü ilə açan Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyinin Təşkilat şöbəsinin müdiri Anar Tağıyev insan hüquqları və qanuni mənafelərinin qorunması istiqamətində dövlət səviyyəsində görülmüş məqsədyönlü işlərdən bəhs edib. O, Həmkarlar İttifaqlarının əmək hüquqlarının qorunması ilə bağlı fəaliyyətindən danışıb.
Tədbirdə çıxış edən Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Məhəmməd Fətəliyev, Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Məhəmməd Şərifov, Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Vaqif Şabanov Kənd Təsərrüfatı Nazirliyinin insan hüquqlarının müdafiəsi və təşviqi sahəsində həyata keçirdiyi geniş fəaliyyət barədə tədbir iştirakçılarına ətraflı məlumat veriblər. Qurum rəhbərləri dövlət aqrar inkişaf mərkəzlərində iş prosesinin təşkili, fermerlərə göstərilən xidmətlərə toxunub, fəaliyyət zamanı kənd təsərrüfatı məhsulları istehsalçılarının hüquq və azadlıqlarının təmininə xüsusi həssaslıqla yanaşıldığını vurğulayıblar. 
Tədbirdə çıxış edən natiqlər insan hüquq və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi olduğunu və dövlətin hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
 



 

RƏYLƏR