“İnsanları başa düşmək lazımdır, qiymətləri qaldırmamışam, toya 12 min manata gedirəm“ - Roza Zərgərli

OXUNUB: 754 ŞOU-BİZNES

Müğənni Roza Zərgərlinin Yenisabah.az-a müsahibəsi:

-  Roza xanım, toy şənliklərinə icazə verilməsi ilə bağlı qərarı necə qiymətləndirirsiniz?

- Qərarı eşidəndə çox sevindim. Toylara icazə verilməsi o deməkdir ki, artıq yavaş-yavş əvvəlki həyatımıza geri dönəcəyik.

- Toylarla bağlı müəyyən qaydalar var: 50-150 nəfər qonaq iştirak edə bilər, COVİD pasportu tələb olunur və s. Sizcə, bu qaydalar münasibdirmi?

- Əgər dünya çapında pandemiya sözü səslənirsə və pandemiya həqiqətən varsa, deməli bu qayda-qanunlar mütləq olmalıdır. Nəzərə alsaq ki, 8 ay bundan qabaq heç bir nəfərlə də toyların keçirilməsinə icazə verilmirdi və bir-birimizə heç yaxın da dura bilmirdik, indi bu qaydalar çox normaldır. Bu qaydalara əməl etsək yavaş-yavaş onlar üçün də yumşalmalar gedəcək. Hələlik COVİD pasportu da, məsafə də vacibdir. Ona görə də 300 nəfərlik şadlıq sarayında 150 nəfərə icazə verilməsi çox normaldır.

- Axı çoxları bu qaydalara qarşı çıxırlar. Onların fikrincə, Azərbaycan kimi ölkədə 150 nəfərlə toy etmək mümkün deyil...

- O zaman qərara qarşı çıxanlar gözləsinlər ki, pandemiya bitsin, ondan sonra 500 nəfərlik toy etsinlər. Bugün pandemiya davam edir, yumşalmalar olsa da pandemiyadır, hələ heç kəs deməyib ki, "pandemiya bitdi”. Əgər bitsəydi, mən də 150 nəfərlə toy etmək qaydasına narazılıq edərdim. Pandemiya bitəndən sonra hər şeyə icazə vermələri yaxşıdır, yoxsa yavaş-yavaş yumşalmalara getmələri? Məncə, ikinci daha məqsədəuyğundur. Qarşı çıxanlar isə hələ gözləsinlər. Mən başa düşürəm ki, mövcud vəziyyətdə bundan artığını etmək olmaz və qətiyyən bu qaydalara qarşı çıxmıram.

- Qonaq sayının az olduğunu əsas gətirərək restoranlar qiymətlərin qaldırılacağının anonsunu verdilər. Sizcə, pandemiyada vəziyyəti ağır olan xalqı belə bir "sürpriz”lə sınağa çəkmək doğrudurmu?

- Qiymətləri artırıb, azaltmaq hər bir restoran sahibinin şəxsi işidir. Amma mənim  fikrimcə, az adam sayı olduğuna görə daha az bazarlıq ediləcək, bir toyu təşkil etmək üçün az xərc tələb olunacaq. Ona görə də nə ifaçılarda, nə də ki şadlıq evlərində qiymət qalxmamalıdır. Çünki 500 nəfərlik toy ilə 150 nəfərlik toy xərci arasında böyük fərq var. Onların qazancı əvvəlki dövrlə müqayisədə heç də dəyişmir. Sadəcə, 1 ildən çoxdur işləməyiblər deyə, işləmədikləri ayların qazancını çıxarmaq istəyirlər.

- Bəzi həmkarlarınız da toy qiymətlərini qaldıracaqlarını deyirlər. Sizdə vəziyyət necə olacaq? Qiymətləri qaldırmağı düşünmürsünüz?

- Mənim toy qiymətlərim pandemiyadan əvvəl necə var idisə, elə də qalıb. Hətta çox vaxt soruşuruq ki, "adam sayı nə qədər olacaq?” Həmin saya görə endirim də edirik. Qiymət qaldırmaq məsələsi bizə aid deyil.

- Bəs qiymətlər hansı aralıqdadır?

- Əvvəllər yarım saatı 3000 manata gedirdimsə, indi adam sayına baxıram, 150 nəfərdirsə, elə 3000 qalır, amma  say azdırsa, qiyməti aşağı salıram. Bütöv toya 12.000 manata gedirəm, adam sayı az olarsa, endirim də olur. Çünki indiki vəziyyətdə insanları da başa düşmək lazımdır.

RƏYLƏR