İqtisadi müstəqillik siyasi suverenliyin əldə olunmasına şərait yaradır - TƏHLİL

OXUNUB: 70 index-manşet İQTİSADİYYAT

İstənilən dövlətin dünya birliyinə inteqrasiyası ilk növbədə qonşu ölkələrlə münasibətlərin tənzimlənməsi ilə başlayır, sonrakı mərhələdə region dövlətləri ilə qarşılıqlı faydalı əlaqələrin qurulmasını ehtiva edir və bu prosesləri uğurla baş vurandan sonra qlobal əməkdaşlıq platformasında bərabərhüquqlu yerini tutur. Dünya birliyinə inteqrasiya dedikdə ilk növbədə qarşılıqlı və bərabərhüquqlu əməkdaşlıqdan və qarşılıqlı inteqrativ proseslərdən söhbət gedir. Yəni hansısa nisbətən kiçik və zəif dövlətin özündən daha güclü dövlətin hegemonluğu və dominantlığını qəbul edərək, dominantın diqtə etdiyi dəyərlərə söykənib mövcudiyyətini davam etdirməsi heç də bərabərhüquqlu inteqrasiya hesab edilə bilməz.

Dünyanın qloballaşması istər-istəməz dövlətləri məcburən bir biri ilə inteqrasiyaya sövq edir və bu prosesin qarşısının alınması demək olar ki mümkün deyil. Ölkələr üçün bu prosesdə əsas amil suverenliyin qorunub saxlanması və xarici ölkənin siyasi təsir dairəsinə düşməməsidir. Məhz bu səbəbdən müasir qloballaşma şəraitində dövlətlər öz suverenliyini qorumaq üçün elə bir unikal formul yaratmalıdır ki, bu formul hesabına özünün ilk növbədə iqtisadi müstəqilliyini təmin edə bilsin. Məhz iqtisadi müstəqillik siyasi suverenliyin əldə olunmasına şərait yaradır ki, bu halda dövlət özünün gələcək inkişafı üçün qlobal və regional inteqrasiyaya asanlıqla gedə bilir. Bu prosesi tənzimləyə bilməyən, həmçinin dünyaya inteqrasiya zamanı suverenliyini itirməkdən ehtiyatlanan dövlətlər adətən özünü izolyasiya etmə siyasətinə əl atır ki, bunun da cəmiyyətin inkişafına vurduğu sağalmaz yaralar Şimali Koreya və Türkmənistan misalında göz önünə gətirilə bilər.

İqtisadi müstəqilliyin qazanılması xüsusilə yeni yaranmış dövlətlər üçün əhəmiyyət daşıyır və bu dövlətin yaranma xarakterindən asılı olaraq müxtəlif olur.

SSRİ misalında məsələyə yanaşarsaq 30 ildən artıqdır ki, müstəqillik qazanan post sovet respublikalarının hələ də Rusiyanın təsirindən çıxa bilməmələrinin əsas səbəbi həmin dövrdən qalma iqtisadi bağların qüvvədə qalmasıdır. Məhz bu səbəbdən Rusiya özündən iqtisadi cəhətdən asılı olan dövlətlərə bərabərhüquqlu tərəfdaş kimi deyil, özünün vassal dövləti kimi yanaşır. Bu vassallığı qəbul etmək istəməyən, real suverenlik qazanmaq istəyən ölkələr isə Rusiyanın hərbi aqressiyası ilə üzləşir. Gürcüstanda 2008-ci ildə baş vermiş müharibə, Ukraynada 2014-cü ildə Krımın ilhaqı ilə nəticələnmiş hərbi müdaxilə buna bariz misaldır. Təəssüf ki, Rusiya öz təsir dairəsindən çıxıb qlobal dünyaya inteqrasiya etmək istəyən, demokratik dəyərlərin təşəkkür tapmasını arzulayan dövlət və cəmiyyətlərin öz təsirindən çıxaraq Amerikanın təsir dairəsinə girməsi kimi qavrayır. Halbuki, "soyuq müharibə” çoxdan başa çatıb və dünya artıq birmənalı şəkildə liberalizmə doğru yürüməkdədir.

Konkret olaraq Azərbaycana gəldikdə bir çox hallarda sual yaranır ki, dövlət nəyə görə ilkin mərhələdə sovet dövründən miras qalmış sənayesinin dirçəldilməsini təmin etmədi və iqtisadiyyatı ilk növbədə xam neftin hasilatı və ixracından əldə olunan gəlirlər hesabına qurmağa başladı?

Heydər Əliyev yaxşı bilirdi ki, bütün digər post sovet ölkələri kimi Azərbaycan sənayesi də Rusiyadan asılıdır və bu sahənin qalması ilkin mərhələdə dövlətə stabil iqtisadi gəlirlər vəd etsə də, sonrakı mərhələdə suverenliyini əlindən alacaqdı. Və bu gün Azərbaycan Rusiya ilə artıq İttifaq dövləti qurmaq ərəfəsində olan Belarusla eyni aqibəti yaşayacaqdı. Məhz Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi və işə düşməsi Azərbaycanın iqtisadi suverenliyini təmin etdi, Rusiyanın asılılığından çıxardı, əhalinin sosial rifahının təmin edilməsi ilə yanaşı azad iqtisadiyyatı qurmağa və hərbi gücünü artırmağa şərait yaratdı. Unutmaq olmaz ki, hərbi güc suverenliyin təmin olunmasının ikinci mərhələsidir və bunun həyata keçirilməsi ilk növbədə iqtisadi müstəqillikdən keçir.

İqtisadi suverenliyin təmin olunmasından sonra Azərbaycan dünya birliyinə inteqrasiya prosesinə daha sürətlə qoşulmağa başladı, ancaq bununla belə bu prosesdə kor-koranəliyə yol vermədi.

Unutmaq olmazdı ki, Azərbaycanın torpaqlarının bir hissəsi Ermənistan tərəfindən işğal olumuş və ölkəmizin xarici siyasətində prioritet istiqamət kimi Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli dayanırdı.

Məsələn Azərbaycanın Qoşulmama Hərəkatına üzvlüyü, iki dönəm sədrlik etməsi bəzi dairələr tərəfindən tənqid olunsa da, İkinci Qarabağ müharibəsinin gedişində bu təşkilata üzv olan ölkələrin əksəriyyətinin birmənalı şəkildə bizim mövqeyimizi dəstəkləməsi son anda müsbət mənada öz həlledici təsirini göstərdi. Eyniylə İslam Əməkdaçlıq Təşkilatı çərçivəsində Azərbaycanın fəaliyyəti də, ölkəmizin beynəlxalq arenada öz haqq səsinin dəstəklənməsinə şərait yaratdı. Baxmayaraq ki, bəziləri islam həmrəyliyi adı altında gizlənərək "kafir” işğalçıya yardım göstərirdi.

Ümumiyyətlə ən sağlam inteqrasiya qarşılıqlı etimada əsaslanan inteqrasiyadır ki, bu mənada Türkiyə ilə Azərbaycanın strateji tərəfdaşlığını bütün dünya ölkələri üçün nümunə göstərmək olar. Digər bütün növ inteqrasiya tiplərinin kökündə qarşılıqlı iqtisadi maraqlar dayanır. Qarşılıqlı iqtisadi səmərəyə söykənməyən inteqrasiya isə ilk növbədə bir dövlətin digər dövlət üzrəində hegemonluğuna şərait yaradır və suverenliyini sual altına qoyur.

 

Tofiq Vahid

7NEWS.az


Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.İstiqamətin kodu 6.3.6


 

 

RƏYLƏR