"İrəli” İctimai Birliyi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103-cü ildönümü münasibətilə "Üçrəngli tarix” adlı tədbirlər planı həyata keçirilib.
Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, "İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən silsilə tədbirlər çərçivəsində "İrəli” kollektivi və gənclərinin Gəncə şəhərinə səfəri baş tutub.
Gəncə şəhərində yerləşən Azərbaycan Xalq Cümhuriyyətinin parlament binası və Azərbaycan Xalq Cümhuriyyəti Muzeyinə ekskursiya təşkil edilib. Layihə iştirakçıları karantin rejiminin tələbləri nəzərə alınmaqla parlament binasında AXC-nin 23 aylıq fəaliyyət dövrünü özündə əks etdirən Bakı Media Mərkəzinin istehsal etdiyi "Son İclas” filmini izləyib, daha sonra mövzuya uyğun olaraq "Nə?, Harada?, Nə zaman?” intellektual oyununu oynayıblar.
Gəncə səfəri zamanı Vətən müharibəsi dövründə Ermənistanın mülki vətəndaşları hədəf alaraq raket zərbəsi endirdiyi ərazi də ziyarət olunub. Gəncədə torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüz uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanları yad edən "İrəli” kollektivi xiyabandakı əbədi məşəl abidəsi önünə gül dəstələri qoyaraq ölməz qəhrəmanlara öz ehtiramlarını ifadə ediblər.
Gənclərin Gəncə şəhərinə səfərindən əvvəl "İrəli”nin təşkilatçılığı ilə "Axtar tap” intellektual oyunu keçirilib. Cümhuriyyətin 103-cü ildönümü münasibətilə həyata keçirilən intellektual yarışın sualları Cümhuriyyət tarixinə həsr olunub. İntellektual oyunda gənclər Bakının müxtəlif nöqtələrində mövzu üzrə hazırlanan sualların cavablarını ipucular vasitəsilə məhz həmin məkanlarda tapıb, mobil tətbiq üzərindən cavablandıraraq, birincilik uğrunda mübarizə aparıblar.
Silsilə tədbirlər çərçivəsində "İrəli” İctimai Birliyinin ofisində mövcud karantin rejiminin tələbləri nəzərə alınmaqla məhdud sayda dəvətlinin iştirakı və gənclərin onlayn formatda qoşulması ilə 28 May – Respublika Günü münasibətilə "Tarixin ədaləti: Cümhuriyyətdən Böyük Zəfərə Azərbaycan” adlı hibrid seminar keçirilib. "İrəli” üzvü Taleh Mirzəyevin moderatorluğu ilə keçirilən seminarda Cümhuriyyət dövrünün, mühacirət irsinin tədqiqatçısı və bu mövzuda bir çox əsərlərin, araşdırmaların müəllifi, İstanbul Universitetinin doktorantı Dilqəm Əhməd gənclərin qonağı olub. D.Əhməd Cümhuriyyətin yaranması, bu dövrdəki ictimai-siyasi vəziyyət, Cümhuriyyət dönəmində İrəvan, Naxçıvan, Qarabağ və Zəngəzur məsələləri, ermənilərin hələ o dövrdən bəri Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsi haqqında məlumatları bölüşüb, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində tarixi ədalətin bərpa edildiyini, Azərbaycanın ərazi bütövlüyünə qovuşduğunu vurğulayıb, bu şanlı qələbənin Cümhuriyyət dövründə erməni separatçılığı ilə mübarizə aparmış həmvətənlərimizin də ruhunu şad etdiyini qeyd edib. Prezident İlham Əliyevin qətiyyəti sayəsində regionda formalaşmış yeni siyasi reallıqlar kontekstində tarixi Zəngəzur dəhlizinin açılması istiqamətində görülən işlər yeni tariximizin ən şanlı səhifələrindən biri kimi iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirdə 1918-ci ildə ermənilərin Qarabağı ələ keçirmək cəhdlərinə qarşı aparılan mübarizə və cənab Prezident İlham Əliyevin rəhbərliyi altında mənfur düşmənə qarşı aparılmış mübarizə müqayisəli şəkildə təhlil edilib, düşmənin heç bir zaman dayanmadığı, öz çirkin əməllərinə davam etməsi xüsusi vurğulanıb. Qeyd edilib ki, bir əsr bundan öncə AXC-ni quranlar bütün qüvvələri ilə çalışsalar da, məlum siyasi, hərbi və maddi-texniki səbəblərə görə dövlət müstəqilliyini qorumaq mümkün olmayıb, ermənilərin yenidən fəallaşan pozuculuq əməllərinin qarşısı tam alına bilinməyib. Vətən müharibəsi zamanı isə dövlət başçısının rəhbərliyi altında həm siyasi müstəvidə, həm də döyüş meydanında düşməni əzən "Dəmir Yumruq” Azərbaycan xalqının birliyini, ordumuzun gücünü və vətənpərvər ruhda yetişən gəncliyi təcəssüm etdirdi.
Tədqiqatçının Cümhuriyyət dövrünə aid bir neçə orijinal kolleksiya nümunəsini – Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xatirə medalını, M.Ə.Rəsulzadənin 1923-cü ilə aid imzalı "Azərbaycan Cümhuriyyəti” kitabını gənclər üçün sərgiləməsi seminar iştirakçıları tərəfindən böyük maraqla qarşılandı. Tədbir çərçivəsində gənclərin verdikləri suallar cavablandırıldı.
"İrəli” İctimai Birliyinin kollektivi həmçinin mayın 28-də Fəxri və Şəhidlər xiyabanlarını və Türk Şəhidliyini ziyarət edib.