Kakao böhranı: Qlobal ərzaq təhlükəsizliyi təhdid altında

OXUNUB: 915 İQTİSADİYYAT
İqlim dəyişikliyi Qərbi Afrikadakı kakao istehsalçılarını çətin vəziyyətə salaraq, qlobal bazarda şokoladın qiymətlərini kəskin artırıb. Dünyadakı kakaonun təxminən 70%-ni təmin edən Fil Dişi Sahili, Qana, Kamerun və Nigeriyada fermerlər həddindən artıq isti hava, xəstəliklər və qeyri-sabit yağıntılarla mübarizə aparır. Bu əlverişsiz şərait istehsalın azalmasına və qiymətlərin sürətlə yüksəlməsinə səbəb olub.

İqlim dəyişikliyi kakao istehsalına necə təsir edir?

7News.Az "Science Alert"ə istinadən xəbər berir ki, müstəqil araşdırma institutu "Climate Central"ın yeni hesabatına görə, Qərbi Afrikada temperaturun artmasının əsas səbəbi qalıq yanacaqların istifadəsindən qaynaqlanan iqlim dəyişikliyidir. Alimlər bölgədəki 44 kakao istehsal sahəsini araşdıraraq, son illərdə temperaturun təbii şəraitdə bu qədər yüksəlməyəcəyini müəyyən ediblər.

Xüsusilə Fil Dişi Sahili və Qanada kakaonun ən çox yetişdirildiyi dövrdə (oktyabr-mart ayları) son on ildə temperatur orta hesabla üç həftə ərzində 32°C-dən yüksək olub. 2023-cü il isə qlobal iqlim qeydlərinə əsasən ən isti il kimi tarixə düşüb. Həmin il bu bölgələrdə 42 gün ərzində temperatur kritik həddi keçib.

Mütəxəssislər bildirir ki, 32°C-dən yuxarı temperatur kakao ağaclarının məhsuldarlığını azaldır və istehsala həm miqdar, həm də keyfiyyət baxımından mənfi təsir göstərir. Lakin problem təkcə yüksək temperaturla məhdudlaşmır: həşərat hücumları, qeyri-sabit yağıntılar, qaçaqmalçılıq və qeyri-qanuni mədənçilik də kakao istehsalını təhdid edən əsas amillər arasındadır.

Şokoladın qiyməti daha da artacaqmı?

İstehsal itkisi son aylarda kakao qiymətlərinin kəskin yüksəlməsinə səbəb olub. Normalda ton başına 2-3 min dollar arasında satılan kakao, Nyu-York birjasında 10 min dolları ötüb. 2023-cü ilin dekabrında isə qiymətlər 12 500 dollara çataraq tarixi rekord qırıb.

Bu bahalaşma istehlakçılara da birbaşa təsir edir. İsveçrənin məşhur şokolad istehsalçısı "Lindt & Sprüngli" kakao qiymətlərindəki artımı balanslaşdırmaq üçün 2024-cü ildə şokolad qiymətlərini yenidən qaldıracağını açıqlayıb.

Mütəxəssislərə görə, qarşıdakı illərdə də kakao təchizatında problemlər yaşana bilər. Missisipi Dövlət Universitetindən professor Narsisa Prikope bildirir ki, kakaonun gələcəyi quraqlıq səbəbindən "mövcudluq böhranı" ilə üz-üzədir. Birləşmiş Millətlər Təşkilatının araşdırmalarına görə, son 30 ildə dünya torpaqlarının dörddə üçü daha quraq hala gəlib.

Elm adamları bu prosesin əsas səbəbinin istixana qazları emissiyası olduğunu qeyd edirlər. Bununla yanaşı, meşələrin qırılması, qeyri-düzgün əkinçilik metodları və təbii ərazilərin məhv edilməsi də kakao istehsalını çətinləşdirən amillər arasındadır.

Böhran təkcə şokoladı deyil, qlobal ərzaq təhlükəsizliyini təhdid edir

Mütəxəssislər yalnız şokoladın qiymətinin deyil, ümumilikdə kənd təsərrüfatı istehsalının qorunması üçün qlobal səviyyədə birgə mübarizənin vacib olduğunu vurğulayırlar. Əks halda, təkcə şokolad deyil, bir çox əsas qida məhsulu da ciddi təhlükə altına düşə bilər.

RƏYLƏR