Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

OXUNUB: 237 Özəl İQTİSADİYYAT
2023-cü ilin sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova aprelin 23-də Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Qusar rayonundan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Qəbulda vətəndaşların müraciətləri əsasən əkin və toxum subsidiyası, dəymiş zərərin ödənilməsi, torpaq üzərində mülkiyyət hüququnu təsdiqləyən sənədin alınmasında çətinliklər, dövlət güzəşti ilə kənd təsərrüfatı texnikasının alınmasına kömək və digər məsələlərlə bağlı olub. Nazir müavini İlhamə Qədimova hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Vətəndaş qəbulu başa çatdıqdan sonra İlhamə Qədimova Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin kollektivi ilə görüşüb, yazlıq əkinlərin bəyanı, əkinlərin sığortalanması prosesinin gedişi ilə maraqlanıb, öz tövsiyə və tapşırıqlarını verib.
Daha sonra nazir müavini rayonun Qalacıq kəndində "Qalagro" şirkətinin 160 hektar sahədə saldığı intensiv və superintensiv bağa baş çəkib, məhsul yığımı, qablaşdırılması, saxlanması və ixracı prosesi ilə maraqlanıb. İlhamə Qədimova həmçinin Qusar rayonunda yeni fəaliyyətə başlayan tingçilik təsərrüfatının fəaliyyəti ilə tanış olub, fermerlərlə təsərrüfatın fəaliyyəti barədə fikir mübadiləsi aparıb.
 
 







 

RƏYLƏR