Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov Neftçalada vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

OXUNUB: 278 Özəl İQTİSADİYYAT
2023-cü ilin sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.
Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov aprelin 16-da Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Neftçala və Biləsuvar rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Qəbulda vətəndaşların müraciətləri əsasən əkin subsidiyası, işlə təminat, sığorta ödənişləri, torpağın sənədləşməsi və digər məsələlərlə bağlı olub. Nazir müavini Sarvan Cəfərov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.
Nazir müavini vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Vətəndaş qəbulu başa çatdıqdan sonra Sarvan Cəfərov Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin kollektivi ilə görüşüb, iş prosesinin təşkili ilə maraqlanıb, tapşırıq və tövsiyələrini verib.
Daha sonra nazir müavini Mirzəqurbanlı kəndi ərazisində yerləşən fermer Emin Əliyevə məxsus taxıl sahəsinə baş çəkib, sahədə aparılan mövsümi aqrotexniki tədbirlərlə maraqlanıb. Taxılçılığın inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, fermerlərin dövlətin bu prosesə verdiyi dəstək mexanizmlərindən geniş yararlandığı qeyd olunub.
 





 

RƏYLƏR