Korrupsioner necə "Əməkdar həkim" olub? - Masallıdan Bakıya uzanan qara əllər...

OXUNUB: 1036 HADİSƏ TƏHLİL

Bir neçə gün əvvəl Masallı Rayon Xəstəxanasının direktoru Cəlil Oruc oğlu Nəzərov həsb edildi. Uzun müddət direktor vəzifəsində işləyən C.Nəzərov həmin tibb müəssisəsinin həkim-məsləhət komissiyasının sədri kimi əlillik dərəcəsinin təyin edilməsi üçün tələb edilən xəstəlik tarixçələrinin hazırlanması və səhiyyə müəssisəsinin göndərişinin "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri"nə daxil edilməsi üçün vətəndaşlardan müxtəlif məbləğlərdə rüşvət alırmış. Onun otağında müxtəlif məbləğlərdə pul vəsaitlərinə dair qeydlər olan dəftərçələr, milli və xarici valyutada olan pul vəsaitləri, xəstəxananın mühasibatlığından isə 49 ədəd plastik hesab kartı və müxtəlif tibbi sənədlər aşkar olunub.

Bütün bunlar bir tərəfə... Bəs Cəlil Nəzərov necə "Əməkdar həkim" olub, onun adını Prezidentə hansı yolla təqdim olunub? 

Heç kəsə sirr deyil ki, Prezident İlham Əliyev digər sahələrdə olduğu kimi, səhiyyə işçilərinə də daim xüsusi diqqət göstərib. 2020-ci il iyun ayının 16-da Prezident İ.Əliyev səhiyyə işçilərinə fəxri adların verilməsi və "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında" sərəncam imzaladı. Azərbaycan səhiyyəsinin inkişafında xidmətlərinə görə, C.Nəzərov da "Əməkdar həkim” fəxri adına layiq görüldü. Həmin tarixdə Respublika üzrə cəmi 18 nəfər tibb işçisi bu fəxri ada layiq görülmüşdü, onlardan biri də C.Nəzərov idi.

Şübhəsiz ki, dövlət başçısının tapşırıqları əsasında ölkədə rüşvət və korrupsiyaya qarşı amansız mübarizə aparılır. Bir neçə icra başçısı, XİN-in keçmiş yüksək vəzifələri məhz bu səbəbdən həbs ediliblər və müxtəlif sahələr üzrə korrupsiyaya qarşı tədbirlər davam etməkdədir. Digər tərəfdən, dövlət başçısı Respublika üzrə hər bir baş həkimi, direktoru tanımaq məcburiyyətində deyil, bu, fiziki olaraq mümkün deyil. Direktorları, baş həkimləri bu vəzifəyə nazir, yaxud TƏBİB təyin edir. Ancaq fəxri adların verilməsi zamanı həmin şəxslər Prezidentə təqdim olunur. Belə olan təqdirdə, "xüsusi” rüşvət metodları ilə vətəndaşları soyan C.Nəzərovun adını fəxri ad almaq üçün Prezidentə kimlər təqdim edib? Axı onun adını Prezidentə təqdim edənlər bilirlər ki, təxminən bir ildir ölkədə icra başçıları, müxtəlif vəzifəli şəxslər rüşvətə görə həbs ediliblər. C.Nəzərovun rüşvətxor olduğunu bilən şəxslər onun adını cəmi 7 ay əvvəl Prezidentə niyə təqdim ediblər? Prezidentin siyasətini, rüşvətə qarşı mübarizə addımlarını sabotaj edirlər?

Əldə olunan məlumata görə, Masallı Rayon Xəstəxanasının həbs edilən direktoru C.Nəzərov 70 saylı Masallı şəhər seçki dairəsinin deputatı Məşhur Məmmədovla yaxın dostdur və ona "Əməkdar müəllim” fəxri adının verilməsində M.Məmmədovun ciddi rolu olub. Milli Məclisin biznesmen deputatlarından olan M.Məmmədov "Embawood” şirkətinin sahibidir. Eyni zamanda, o, 2015-ci ildən "Progress Construction” şirkətinin təsisçisi və Baş direktorudur. Biznesmen-deputat bank olmayan kredit təşkilatına və digər biznes strukturlarına da sahiblik edir. Məsələ bunda deyil və M.Məmmədov hələ deputat mandatı qazanmamışdan öncə bizneslə məşğul olub. Halbuki, deputatların bizneslə məşğul olmasını da qanun qadağan edir. Maraqlıdır, M.Məmmədov 2015-ci ildən bu günədək "Vikipediyada” "Progress Construction” şirkətinin təsisçisi və Baş direktoru kimi göstərilir.

Heç şübhəsiz ki, bölgələrdə müxtəlif şəxslərin dövlət təltifinə təqdim olunması rayon icra başçılarından xəbərsiz də həyata keçirilmir. Görəsən, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun bu məsələdə nə kimi rolu var? Eləcə də, rayondan dövlət təltifinə göndərilən vəzifəli şəxsin kimliyi Bakıda müvafiq səhiyyə idarələri tərəfindən niyə araşdırılmayıb? Təltif olunması üçün rüşvətxorun adı kimlərin əli ilə Prezidentə təqdim olunub? Haqlı suallar çoxdur.

Həmçinin, direktorun öz otağında rüşvətlə əldə edilən külli miqdarda pul saxlaması təsadüf deyil. Axı C.Nəzərov bu günə qədər rüşvətə qarşı həyata keçirilən tədbirlərin videosunu izləməmiş deyildir. O zaman belə bir əminlik onda necə yaranıb!?

C.Nəzərovun ağır xərçəng xəstəsi olduğu deyilir. Allah qapısını açıq eləsin.

Onu da qeyd edək ki, səhiyyə sahəsində daha bir şəxs - Qusar Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Mübariz Zeynalov da bu gün həbs edildi.

Rayonlarda baş həkimlərin, tibb müəssisə direktorlarının qanunsuz əməllərlə məşğul olması heç kimə sir deyil. Deməli, proses davam etməlidir.

İcmal.Az

RƏYLƏR