Mədəkiçiltmə əməliyyatları nəticəsində ölüm belə qaçılmaz olur - Həkimdən ÇAĞIRIŞ

OXUNUB: 2267 Səhiyyə HADİSƏ
Son dönəmlər xüsusilə artıq çəkidən əziyyət çəkən xanımların çıxış yolunu mədə kiçiltmə əməliyyatında görmələri aktual müzakirələrdən biridir. Bununla bağlı maariflənmənin az olması, əməliyyatdan sonra həkim nəzarətinin olmaması əksər hallarda ciddi fəsadlar yarada bilir. İnsanlarda belə bir təsəvvür formalaşıb ki, artıq çəkisi olan hər kəs bariatrik prosedur etdirə bilər. ABŞ həkimlərinin isə müşahidələrinə görə, mədə kiçiltmə əməliyyatı keçirən insanların çoxunda əməliyyatdan 2-3 il sonra ciddi fəsadlar, xüsusilə xərçəng aşkarlanır, hətta ölümlə nəticələnir. Lakin bəzi həkimlər mədə kiçiltmə əməliyyatının xərçəng yaratması fikri ilə razı deyillər.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən tanınmış həkim-terapevt Sübhan Hacıyev deyib ki, son zamanlar xüsusilə xanımlar tənbəllik edərək savadlı dietoloqların müalicəsi ilə sağlam şəkildə arıqlamaqdansa, bir çox kofelərdən, arıqlama çaylarından, kimyəvi dərmanlardan, yaxud daha ağır formada olan mədəkiçiltmə əməliyyatlarından istifadə edib tez bir zamanda, kəskin arıqlamaq istəyirlər.



"Bu da orqanizmdə yaxın və uzaq gələcəkdə çox ciddi fəsadlar verir. Bu fəsadlar nədir? Dietik çay, kofe, qida əlavələrinin tərkibində kimyəvi əlavələr olur. Məsələn, metamfetamin, flouksetin kimi psixotrop, anti-depressant dərmanlar, bəzən sildenafil, metformin kimi kimyəvi dərmanlar bir çox ağır xəstəliklərin müalicəsində istifadə olunurlar. Lakin onların həm də arıqlatmaq funksiyaları var. Bu funksiyalardan istifadə edərək onları dietik dərmanların təkibinə qatırlar. Amma qida əlavəsi olduğu üçün bir çox dərmanların instruksiyalarında bunların dozaları, varlığı haqqında məlumat verilmir. İnsanlarımız da bixəbər olurlar. Eynilə mədə əməliyyatlarında da belədir...”

 

Həkim bildirib ki, mədənin üç şöbəsi var: "Kardial, fundal və antral hissəsi. Fundal tam orta hissədir. Bir çox əməliyyatlar zamanı fundal hissə götürülür. Amma bilirik ki, həmin hissədə "faktor kasla” deyilən maddə var. Bu maddə B12 vitamininin sovrulmasına birbaşa cavabdehdir. Fundal hissə olmadığı təqdirdə artıq orqanizmdə heç bir zaman B12 vitamini sovrulmur və əməliyyat keçirən insanlar "B12 defisitli anemiya”, yəni qan azlığna girirlər, tez-tez halsızlaşır, həyatlarını çox ciddi şəkildə diskomfortla yaşayırlar. Bəzən "sleeve qastrektomiya” dediyimiz mədənin tam əməliyyatı olur. Bu əməliyyat zamanı, loru dildə desək, mədə boru halında saxlanılır, insanın qəbul etdiyi qida dərhal bağırsaqlara keçir. Lakin mədədə həzm getmədiyi üçün pasientlər çox qısa zamanda bağırsaq onkologiyası, xüsusilə yoğun bağırsaq və S-vari bağırsaqda onkoloji xəstəliklər, bədxassəli şişlər, bağırsaq çatları, babasil kimi fəsadlarla  üzləşirlər. Əfsuslar olsun ki, bu xəstəliklər konservativ yolla, medikamentoz dərmanlarla müalicə olunmur. Ən yaxşı halda cərrahi müdaxilə gərəkdirir, bəzən də insanın həyatına son qoyur. Bu səbəbdən insanlara tövsiyə edirəm ki, xüsusilə bədən indeksi 40-dan yuxarı deyilsə, yəni artıq çəki, həddindən artıq piylənmə yoxdursa, təngənəfəslik, yaşamımız üçün diskomfort yaratmırsa, hərəkətimizi pozmursa, xüsusən 50 yaşdan aşağı insanlarda qətiyyən mədə əməliyyatı göstəriş olmur. İnsanların bu problemlə üzləşməməsi üçün məsləhət görürəm ki, öncəliklə artıq çəkini yaradan hormonal problemlər, həzm problemlərini mütləq şəkildə aradan qaldırsınlar. İlkin problemi aradan qaldırdıqdan sonra dietoloqların nəzarəti ilə düzgün, sağlam arıqlamağa baxsınlar. Əks halda, ölüm belə qaçılmaz olur”.

RƏYLƏR