Bakı Kommersiya Məhkəməsində "Xaliq Faiqoğlu” MMC-nin idarə heyətinin sədri Faiq Seyidovun öz şirkətinə (həmin MMC-ni) qarşı iddiasına baxılıb.
Hakim Fərrux Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, F.Seyidovun iddiası rədd olunub.
Qeyd: F.Seyidov öz şirkətinə qarşı borc müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb. Borcun məbləği isə açıqlanmayıb.
Xatırlatma: "Xaliq Faiqoğlu” MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin kommersiya qurumlarının dövlət reyestrində F.Seyidova məxsus olduğu qeyd olunub. Şirkətin nizamnamə kapitalı 20 manat, dövlət qeydiyyatına alındığı tarix isə 11.09.2006-cı ildir.
Mətbutada yayılan məlumata görə, "Xaliq Faiqoğlu” şirkətinin uzun müddətdir vergiyə ödənməyən külli miqdarda borcu da var. Məlum olub ki, şirkətin 75 min manatdan çox ödənilməyən vergi borcu var və buna görə də məhkəmə çəkişməsi davam edir.
Bildirək ki, "Xaliq Faiqoğlu” şirkətinin faktiki rəhbəri Faiq Seyidovdur. Şirkət rəhbərinin adı mətbuata oğlunun törətdiyi qəza ilə də tanışdır. Faiq Seyidovun oğlu Xaliq Seyidovun Binəqədi rayonu ərazisində törətdiyi qəzanın gizlədilməsi ilə bağlı yazılar dərc edilirdi.
Bundan başqa, Faiq Seyidovla sahibkar Azadxan Xanməmmədovun arasında yaranan mülk davası da geniş müzakirələrə səbəb olmuşdu.
Azad Xanməmmədov 2 min kvadrat metr sahəsi olan obyektləri həm də "Safa Holdinq”in sahibi olan Faiq Seyidova icarəyə verdiyini, pulu ala bilmədiyini deyirdi. Azad Xanməmmədov mühafizəçilərlə holdinqə gedərək ictimai asayişi pozmuşdu. Buna görə də o, və bir neçə mühafizəçi həbs edilmişdi./Pravada.az