Azərbaycanın Əməkdar incəsənət xadimi, aktrisa-rejissor Məlahət Abbasova Türkiyənin ən qədim və nüfuzlu sənət qurumlarından biri olan Film-San Vəqfinin Teatr Mükafatları kateqoriyasının münsiflər heyətinə daxil edilib.
Sənətçi AZƏRTAC-a açıqlamasında bildirib ki, vəqf 51-ci fəaliyyət ilində 2026–2027-ci illər teatr mükafatları mövsümünə oktyabr ayında start verəcək. Məlahət Abbasova Film-San Vəqfinin Baş direktoru Kıvanç Terzioğlundan daxil olan bu dəvəti böyük sevinclə qarşıladığını vurğulayıb: "Məni münsiflər heyətinə dəvət edəndə əvvəlcə zarafat kimi qəbul etdim, lakin məsələnin tam ciddi olduğunu gördüm. Türkiyənin bu dərəcədə önəmli sənət qurumunda yer almaq həm azərbaycanlı sənətçi, həm də Türkiyədə çalışan bir sənət adamı kimi mənim üçün böyük şərəfdir. Oktyabr ayından etibarən Türkiyənin müxtəlif bölgələrindəki teatrları ziyarət edərək mükafatlandırılmağa layiq tamaşaları, aktyorları və quruluşçuları müəyyənləşdirəcəyik”.
Münsiflər heyətində Türkiyənin dəyərli sənət nümayəndələrinin, yazıçı və rejissorlarının yer aldığını diqqətə çatdıran M.Abbasova onlarla birgə çalışmaqdan məmnunluğunu ifadə edib. O, teatr sənətinə ömür verən insanların qiymətləndirilməsində pay sahibi olmağı böyük məsuliyyət və qürur hissi kimi dəyərləndirərək göstərilən etimada görə təşəkkürünü bildirib.

























