Bu il 05 oktyabr – Beynəlxalq Müəllimlər Gününü Azərbaycan xalqı, ölkəmizin zəhmətkeş müəllim ordusu suveren ərazilərimizdə böyük sevinclə qeyd edir. Müəllimlər cəmiyyət quruculuğunun memarlarıdır. Bizim layiqli vətəndaş kimi yetişməyimizdə müəllimlərimizin əvəzsiz xidmətləri danılmazdır.
Regionda fəaliyyət göstərən müəllimlərimizi təbrik etmək, habelə təhsil sahəsində görülən işlərdən bəhs etmək məqsədilə 92 saylı Göyçay-Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev 05 oktyabr 2026-cı il tarixində Ağdaş rayon Fikrət Qoca adına Kotanarx və Oruc Hümmətov Adına Cardam kənd Tam Orta Məktəblərini ziyarət edib, təhsil işçiləri, ziyalılarımızla görüşlər keçirib.
Səfər çərçivəsində Kotanarx kənd Tam Orta Məktəbində uşaqlar arasında keçirilən dama yarışının açılış mərasimi baş tutub, məktəbin pedaqoji kollektivi ilə görüş keçirilib, daha sonra Cardam kənd Tam Orta Məktəbi ziyarət olunub, orada fəaliyyət göstərən müəllimlərlə görüşdən sonra məktəb stadionunda siniflərarası mini futbol üzrə yoldaşlıq oyunu izlənilib.
Görüş ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Çıxış edən M.Əfəndiyev ilk növbədə Azərbaycan təhsilindən söz açaraq, tarixən Azərbaycanın bir çox şəhərlərinin təhsil, elm, mədəniyyət mərkəzi olaraq tanınmasından, eyni zamanda Azərbaycan Xalq Cümhuriyyəti və Sovetlər dönəmindəki inkişaf yolundan bəhs etdi.
Bu məcrada ölkəmizin maariflənməsi və təhsil ənənələrinin inkişafında müəllimlərin böyük xidmətləri xüsusi vurğulandı: "Müxtəlif dövrlərdə Azərbaycan müəllimləri savadlı və vətənpərvər nəslin yetişdirilməsinə, elm və mədəniyyətin inkişafına mühüm töhfələr veriblər. Müəllimlər yalnız məktəbdə dərs deməklə deyil, həm də cəmiyyətin intellektual və mənəvi inkişafında fəal iştirak etməklə mühüm missiya yerinə yetirirlər.”
Sonra 5 oktyabr tarixinin Ümumdünya Müəllimlər Günü kimi UNESCO tərəfindən qeyd edildiyi, bu tarixin müəllimlərin hüquqlarına, əməyinə və təhsilin inkişafındakı mühüm roluna diqqət çəkmək məqsədi daşıdığı diqqətə çatdırıldı.
Bu baxımdan, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda təhsilin inkişafına, müəllim əməyinə və savadlı, milli-mənəvi dəyərlərə bağlı nəslin yetişdirilməsinə verdiyi xüsusi önəm qeyd edildi. Onun müəyyən etdiyi inkişaf strategiyası çərçivəsində təhsil sisteminin müasirləşdirilməsi, məktəb infrastrukturunun yenilənməsi və müəllim nüfuzunun artırılması istiqamətində mühüm addımlar atılıb. Bu siyasət Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilərək, ölkənin bütün regionlarında yeni və müasir məktəblərin yaradılması, təhsil infrastrukturunun gücləndirilməsi, müəllimlərin peşəkarlığının və sosial rifahının artırılması istiqamətində genişmiqyaslı tədbirlərlə müşayiət olunub.
Sonda müəllimlərin peşə bayramı münasibətilə təhsil işçilərinə təbriklərini çatdıran M.Əfəndiyev onlara şərəfli və məsuliyyətli fəaliyyətlərində uğurlar arzuladı, gələcək nəsillərin savadlı, vətənpərvər və layiqli vətəndaş kimi yetişdirilməsində müəllimlərin mühüm rolunu bir daha vurğuladı. Görüşlər yarışlarda iştirak edən uşaqlara diplomların təqdim olunması, qarşılıqlı fikir mübadiləsi və xatirə fotolarının çəkdirilməsi ilə yekunlaşıb.

























