Mingəçevirdə Ağsaqqallar şurasının konfransı keçirildi - FOTOLAR

OXUNUB: 485 SOSİAL

Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının binasının iclas zalında şəhər ağsaqqallar şurasının konfransı keçirilib. Nazirlər Kabinetinin Operativ Qərargahın tövsiyyələrinə əməl edərək şəhər ağsaqqallarının iştirak etdiyi konfransı açan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhərimizin inkişafında, gənc nəslin formalaşmasında xidmətləri olan ağsaqqalları salamlayaraq onlara cansağlığı arzuladı. 2020-ci ilin payız aylarında Azərbaycan Ordusunun 44 gün ərzində qazandığı möhtəşəm qələbədən fərəhlə danışan şəhər rəhbərinin təklifi ilə bu müharibədə həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
     Qeyd olundu ki, 2013-cü ilin fevral ayında keçirilən toplantıda Ağsaqqallar Şurasının sədri və müavinləri seçilib. Ötən illər ərzində onlar öz fəaliyyətlərində Mingəçevirin inkişafına dəstəklərini göstərmişlər. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin qətiyyəti və səriştəsi ilə 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəlişindən sonra ölkəmizdə vətəndaş müharibəsi aradan qalxmış, xaos və anarxiyanın qarşısı alınmışdır. Bu siyasi xətti uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyev ötən 17 il ərzində ölkəmizin beynəlxalq arenada nüfuzunu qaldırmaq üçün bütün qüvvəsi ilə çalışıb. Həmçinin Azərbaycan ordusunun güclənməsi, bazasının möhkəmlənməsi üçün böyük işlər görmüşdür. Bu da əsgərlərimizin 30 ildən sonra işğal altında qalan torpaqlarımızın azad edilməsinə imkan yaratdı. Azərbaycan zəfər çaldı. Dörd aydan artıqdır ki, biz qələbə sevincini yaşayırıq. Dövləti başçısının tapşırıqlarına və bilavasitə iştirakı ilə azad olunan ərazilərdə quruculuq işlərinə başlanmış və uğurla davam etməkdədir.
      Toplantının keçirilməsinin başlıca məqsədi şəhər Ağsaqqallar Şurasının sədrinin, müavinin, idarə heyətinin və təftiş komissiyasının üzvlərinin seçilməsi idi. Tədbirdə iştirak edən Milli Məclisin üzvü, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Eldar İbrahimov cəmiyyətdə xüsusi yeri və hörməti olan ağsaqqallarımızın tövsiyyə və məsləhətlərinə hər zaman ehtiyac olduğunu bildirdi. Şuranın yeni Əsasnaməsi səsə qoyularaq təsdiq edildi. Uzun illər şəhərimizdəki ilk Ali məktəbə, MDU-ya rəhbərlik edən görkəmli pedaqoq-alim, ziyalı Akif Hacıyev yenidən şuranın sədri, Yaqub Hüseynov isə müavini seçildi. Şuranın təftiş komissiyası və idarə heyətinin tərkibi seçildi.
     Akif Hacıyev çıxış edərək göstərilən etimada görə minnətdarlığını bildirdi və fəaliyyətində yenə də dövlətimizə sədaqətlə xidmət edəcəyini vurğuladı. Azərbaycan Prezident İlham Əliyevin qətiyyəti sayəsində dünya arenasında nüfuzunun qalxmasından, ikinci Qarabağ müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə cəsur əsgərlərimizin qazandığı böyük qələbədən, Əsrin zəfərindən fərəhlə danışan sədr Mingəçevir şəhərində həyata keçirilən abadlıq-quruculuq işlərini təqdir etdi. Qeyd etdi ki, bütün bunlar vətəndaşların rahatlığı və firavanlığı üçündür.
Şəhər İcra Hakimiyyətinin başçısı İ.İsmayılov konfransın işinə yekun vurdu.

RƏYLƏR