"Müstəqil həyata sağlam inteqrasiya” layihəsi uğurla yekunlaşıb

OXUNUB: 635 Özəl QHT
"İnternat Məzunlarının Sosial İnteqrasiyası” İctimai Birliyinin Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi "Müstəqil həyata sağlam inteqrasiya” uşaq evləri və internat məktəblərində təhsil alan və həmin müəssisələrdən məzun olan gənclərin psixo-sosial reabilitasiyası layihəsi uğurla yekunlaşıb.
13 may tarixində Suraxanı Gənclər Evində layihənin bağlanış mərasimi keçirilib.
Tədbirdə Suraxanı Gənclər Evinin direktoru Natəvan Rüstəmova, "İnternat Məzunlarının Sosial İnteqrasiyası” İctimai Birliyinin sədri, layihə rəhbəri Araz Əhmədov, layihənin işçi qrupu, psixoloq heyəti, layihə iştirakçıları və Səssiz Ünsiyyət-Jest Dilinin İnkişafına Dəstək İctimai Birliyinin komandası iştirak ediblər. 
Layihənin işçi qrupunun rəhbəri Leyla Rəhimova tədbiri Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edib və daha sonra tədbirdə Ulu Öndər Heydər Əliyevin, vətən, torpaq uğrunda həlak olan bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Sonra layihənin yekunu olaraq görülən işlərlə bağlı hazırlanan videoçarx nümayiş  edilib.
  Daha sonra çıxış edənlər - Suraxanı Gənclər Evinin direktoru Natəvan Rüstəmova, "İnternat Məzunlarının Sosial İnteqrasiyası” İctimai Birliyinin sədri, layihə rəhbəri Araz Əhmədov layihənin əhəmiyyətindən danışıblar və qeyd ediblər  ki, bu cür layihələr internat evlərində böyüyən gənclərin inteqrasiya prosssesində müsbət rol oynayacaqdır. 
 Sonra çıxış edənlər Səssiz Ünsiyyət-Jest Dilinin İnkişafına Dəstək İctimai Birliyinin sədr müavini,  jest dili təlimçisi və tərcüməçi Könül Quliyeva, layihənin psixoloqu Səmra Bağıyeva, Buzovna 8 saylı internat evinin müəlliməsi Zərif Şirəliyeva, layihə iştirakçıları Zəhra Hüseynova, Əfqan Məmmədov çıxış edərək, layihə haqqında öz təəssüratlarını bölüşüblər. 
 Sonda layihəni uğurla başa vuran şagirdlərə sertifikatlar, layihədə göstərdiyi dəstəyə görə psixoloqlara və işçi qrupuna təşəkkürnamələr təqdim olunub və xatirə fotosu çəkdirilib.
   Bağlanış mərasimindən sonra gənclər üçün Suraxanı ərazisində piknik təşkil edilib və günün sonuna  qədər piknik əyləncəli proqramla davam edib. 
Məlumat üçün bildirək ki, layihənin əsas məqsədi internat məktəblərində və uşaq evlərində təhsil alan şagirdlərin psixoloji reabilitasiyası, onlarda özlərinə inamın artırılması və Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin onlar üçün yaratdığı imkanlardan maksimum istifadə etmə sahəsində maarifləndirici tədbirlər həyata keçirməklə internat və uşaq evi məzunlarının sosial inteqrasiyası kimi fəaliyyətlərə öz tövhəsini verməkdir.

RƏYLƏR