Natiq Cəfərli: “ İnzibati qaydada qiymətlərə müdaxilə heç bir effekt verməyəcək”

OXUNUB: 681 İQTİSADİYYAT

Adətən mart ayında, xüsusən də Novruz bayramı ərəfəsində ərzaq və kənd təsərrüfatı məhsullarının qiymətində artım müşahidə edilir. Bəzi şirkətlər və sahibkarlar bayramlardan istifadə edərək qiyməti artırırlar. Ümumiyyətlə, suni qiymət artımının qarşısının alınması üçün hansı tədbirlər görülməlidir? Məsələ ilə bağlı BNEWS.az-a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda bayram ərəfəsində ərzaq və kənd təsərrüfatı məhsullarının qiymətinin artırılması illərdir ki, davam edir: Ümumiyyətlə, baş verən qiymət artımın bir obyektiv səbəbi var. Belə ki, mövsümü olaraq bəzi yerli məhsullar bazardan çəkilir. Nəticədə ərzaq və kənd təsərrüfatı məhsullarına tələbat artır. Tələbatın artması isə qiymət artımına səbəb olur. Əslində qiymət artımını inzibati yolla qarşısını almaq mümkün deyil. Dövlətin qiymətlərə birbaşa müdaxilə etməsi isə doğru olmaz. Satış yarmarkalarını təşkil etməklə, qiymət artımının qarşısını almaq olar. Eyni zamanda bayram ərəfəsində xaricdən ölkəyə idxal olunan, əsasən də ərzaq məhsullarına bir aylıq olsa belə, gömrük rüsumundan azad etmək olar. Bu isə qiymətlərin ən azı 10-15 faiz uçuzlaşmasına səbəb olar. Dövlət bu cür addımlar atmaqla qiymətləri tənzimləyə bilər”.

Natiq Cəfərlinin sözlərinə görə, dövlət birbaşa qiymətlərə müdaxilə etməyə başlasa, bu düzgün olmaz: "Düzdür Sovetlər dönəmində qiymətləri dövlət özü tənzimləyirdi. Bunun nəticəsində məhsullar piştaxtalardan yoxa çıxırdı. Sonradan məhsullar piştaxtaların altından alıçılara satılırdı. Belə bir vəziyyət yaranmasın deyə, dövlət satış yarmarkalarının təşkili etməklə, gömrük və vergi dərəcələrini, eləcə də rəqabət mühitinin artırmaqla qiymət artımının qarşını ala bilər. İnzibati qaydada qiymətlərə müdaxilə heç bir effekt verməyəcək”, - deyə o, bildirib.

Anar Cəfərov

BNEWS.az

RƏYLƏR