Milli Məclisin sabiq deputatı Əhməd Vəliyev İrəvanda qondarma "erməni soyqırımı”na ucaldılmış abidəni ziyarət edən kanadalı nazirə sahibi olduğu "Odlar Yurdu” Universitetinin "Fəxri doktoru” adını verib.
Rektor Əhməd Vəliyev Kanadanın Ontario əyalətinin araşdırma, innovasiya və elm naziri Reza Moridiyə "Odlar Yurdu” universitetinin "Fəxri doktoru” adını sentyabrın 4-də keçirilən mərasimdə təqdim edib.
İlk baxışda burada qeyri-adi heç nə yoxdur. Onsuz da Azərbaycana səfər edən bir çox nüfuzlu dövlət xadimləri, siyasətçilər və əlbəttə ki, dünya miqyasında tanınmış alimlər ölkədə fəaliyyət göstərən müxtəlif universitetlər tərəfindən "Fəxri doktor” adına layiq görülüb. O baxımdan, Reza Moridinin bu formada fərqləndirilməsi əlbəttə ki, səbəbsiz deyil.
İş ondadır ki, Azərbaycanda ölkəmiz haqqında ağızdolusu danışan, üzləşdiyi xoş münasibətdən məmnun qalan Moridi Bakıya gəlişindən cəmi iki həftə əvvəl – avqustun 23-də İrəvanda olub.
Ancaq kanadalı nazir İrəvanda olduğu müddətdə işğalçı ölkənin ünvanına tərif yağdırmaqla kifayətlənməyib.
Moridi Türk dünyasının ən həssas məsələlərindən olan qondarma "erməni soyqırımı”nı tanıyaraq, bu uydurma tarixin "şərəfinə” ucaldılmış abidə kompleksini də ziyarət edib.
Nazir həmçinin kompleksdəki xatirə kitabına ermənilərə yönələn təəssübkeşliklə dolu qeydlərini də yazıb və bu "abidəni ziyarət edən ilk kanadalı nazir” olmaqdan da qürur duyduğunu gizlətməyib. Səfər ona çox müsbət təsir etdiyindən Ermənistan rəhbərliyinə bir neçə dəfə minnətdarlıq edib.
Moridi bununla bağlı məlumatları və görüntüləri özünün "Facebook” səhifəsində yayımlayıb.
Baxın, özünü ermənilərin genetik Türk düşmənçiliyinə şərik edən kanadalı nazir Bakıda təmtəraqla qarşılanır və Əhməd Vəliyev kimi rektorun sayəsində yüksək titullara layiq görülür.
Moridinin yazdığına görə, o, Bakıda olduğu 3-6 sentyabr aralığında nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və təhsil naziri Mikayıl Cabbarovla da görüşüb.
Nazir həmçinin Azərbaycanın Milli Aerokosmik Agentliyində və Bakı Dövlət Universitetində (BDU) də görüşlər keçirib. Lakin Vəliyevdən fərqli olaraq, BDU-nun rektoru Abel Məhərrəmov kanadalı naziri "Fəxri doktor” elan etməyib.
Ümumiyyətlə, çox maraqlıdır, ad-soyadından İran əsilli olduğu görünən və ermənilərə rəğbəti ilə seçilən Reza Moridini Bakıya kim və hansı məqsədlə dəvət edib?
Onu dəvət edənlər heç olmasa, nazirin yaxın tarixə aid səfər marşrutlarını izləməyiblər? Onun İrəvanda qondarma "erməni soyqırımı” abidəsini ziyarət etdiyini görməyiblər? Görməyiblərsə, pis. Görüb, dəvəti qüvvədə saxlayıblarsa, daha pis…
Yeri gəlmişkən, bu il aprelin 19-da deputat Əhməd Vəliyev "Odlar Yurdu” universitetinin Beynəlxalq Əlaqələr və İnnovasiyalar üzrə prorektor vəzifəsinə keçmiş deputat Ceyhun Osmanlını təyin edib. Qısacası, Əhməd Vəliyevin beynəlxalq əlaqələrini Elnur Aslanovun yaxın dostu, "bro”su Ceyhun Osmanlı kurasiya edir… İndi yuxarıda qoyulan suallara cavab tapdınız?..
İcmal.Az