Nazir Məcnun Məmmədov, Quba, Qusar və Xaçmazda təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb

OXUNUB: 526 Özəl İQTİSADİYYAT
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Quba, Qusar və Xaçmaz rayonlarında təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb, elmi-tədqiqat institutlarının fəaliyyəti ilə maraqlanıb. 

Quba rayonunun Zərdabi qəsəbəsində yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun  fəaliyyəti ilə tanış olan nazirə görülmüş işlər barədə məlumat verilib. Bildirilib ki, institutda müasir avadanlıqlarla təchiz olunmuş torpaq və su analizi aparan aqroekologiya laboratoriyası və bitkilərin mikroklonal çoxaltma üsulu ilə artırılması laboratoriyası fəaliyyət göstərir. İnstitutda yeni meyvə  bitki sortlarının böyüdülməsi və uyğunlaşdırılması üçün nəzərə tutulmuş xüsusi istixana-tingçilik kompleksi yaradılıb. Nazir bitki genofondunun toplanması, saxlanması və seleksiyada istifadə olunması, daha məhsuldar yeni meyvə sortlarının yaradılması, yeni bitki becərmə texnologiyasının işlənməsi və fermerlərə elmi-texniki dəstəyin göstərilməsi prosesinin gedişi ilə maraqlanıb, kollektivə öz  tapşırıq və tövsiyələrini verib.

Nazir Məcnun Məmmədov səfər çərçivəsində Qubanın Aşağı Atuc kənində yerləşən "Zafars Nursery” tingçilik təsərrüfatına, Xaçmaz rayonunun Çarxı kəndində Aqrar Kredit və İnkişaf Agentliyinin dəstəyi ilə qurulmuş damazlıq heyvandarlıq təsərrüfatına baş çəkib, təsərrüfatda damazlıq-seleksiya işlərinin təşkili, heyvanların saxlanma şəraiti və yem tədarükü prosesi ilə tanış olub.

Daha sonra nazir Məcnun Məmmədov Niyazoba kəndində yerləşən gündəlik istehsal gücü 100 000 ədəd olan yumurta istehsalı müəssisəsinin inşası prosesi ilə maraqlanıb, Xudat qəsəbəsində fəaliyyət göstərən müasir fındıq emalı zavoduna baş çəkib, Maqsudkənd kəndində özəl sektor tərəfindən salınan yeni fındıq bağı layihəsi ilə tanış olub, Qusarçay kəndində salınmış müasir superintensiv meyvə bağlarına, "Man Agro” və "Amoris” şirkətlərinə məxsus soyuducu anbarlara baş çəkib.

Nazir həmçinin "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" MMC-nin Qusar rayonunda yerləşən heyvandarlıq təsərrüfatı, "Azərbaycan-Türkiyə müştərək toxumçuluq müəssisəsinin əkin sahələri, Xaçmaz toxum emalı zavodu, Aqrar Xidmətlər Agentliyinin sort sınaq məntəqəsi, Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun Xaçmaz dayaq stansiyasında olub, iş prosesinin təşkili ilə maraqlanıb, tapşırıq və tövsiyələrini verib.
 









 

RƏYLƏR