Sentyabrın 2-də Qazax rayon Yuxarı Salahlı kənd sakini 29 yaşlı Vüsalə Abdullayeva Qazax Rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə əməliyyatı yolu ilə dünyaya oğlan uşağı gətirib. Xəstəxananın cərrahı Binyamin Abbasəliyevin etdiyi əməliyyatdan bir gün sonra körpənin halı pisləşib. Bundan sonra uşaq Gəncədəki uşaq xəstəxanalarının birinə aparılıb. Ancaq körpənin həyatını xilas etmək mümkün olmayıb.
İcmal.Az-ın Xəzər TV-yə istinadən məlumatına görə, ananın yaxınları həkimləri günahlandırırlar. Onlar iddia edirlər ki, uşağın ölümünə səbəb qadının vaxtından əvvəl əməliyyata alınması olub. Bu səbəbdən də uşaq dünyaya gəldikdən bir qədər sonra keçinib.
Şikayətçi tərəf həmçinin iddia edir ki, cərrah Binyamin Abbasəliyevdən körpənin ölüm səbəbini soruşduqda onlara təhqiredici ifadələr işlədib.
Məsələ ilə bağlı Qazax Rayon Mərkəzi Xəstəxanasının cərrahı Binyamin Abbasəliyev məsələyə münasibət bildirməkdən boyun qaçırıb və sadəcə bildirib ki, uşağın ölüm səbəbini Qazax Rayon Doğum Evinin baş mamaginekoloqu Aynur Namazova bilir.
Aynur Namazova isə deyib ki, Vüsalə Abdullayeva xəstəxanaya qanaxma ilə daxil olduğundan dərhal əməliyyata alınıb. Qeysəriyyədən sonra isə uşaqda kəskin sarılıq olub və ölümün də bu səbəbdən baş verməsi ehtimal edilir.
Qeyd edək ki, bu, Vüsalə Abdullayevanın ikinci hamiləliyi olub.
İcmal.Az