İki dövlət, bir millət!
Birlikdə düşünürük, birlikdə yaradırıq, birlikdə inkişaf edirik.
YENİ YARADILACAQ "Süni İntellekt və Rəqəmsal Texnologiyalar” İnstitutunun beynəlxalq mövqeyini gücləndirən strateji əməkdaşlıq: ODTÜ ilə Regionun ilk ali təhsil ocağının yeni inkişaf mərhələsi!
Süni İntellekt və Rəqəmsal Texnologiyalar İnstitutunun fəaliyyət strategiyasına, institusional statusuna və uzunmüddətli inkişaf modelinə mühüm təsir göstərən ilk beynəlxalq strateji əməkdaşlıq Türkiyənin elmi-tədqiqat yönümlü və qlobal akademik nüfuza malik aparıcı ali təhsil müəssisələrindən biri olan Orta Doğu Texnik Universiteti (ODTÜ) ilə qurulmuşdur.
Bu əməkdaşlıq İnstitutun regional akademik fəaliyyət modelindən beynəlxalq elmi-texnoloji platformaya keçidini, eyni zamanda AR-GE əsaslı, tətbiqyönümlü və SPIN-OFF modelinə söykənən innovativ inkişaf strategiyasının formalaşdırılmasını təmin edən əsas strateji addım kimi qiymətləndirilir.
Ankara şəhərinə rəsmi səfər çərçivəsində ODTÜ ilə imzalanmış Anlaşma Memorandumu İnstitutun inkişaf strategiyasını Azərbaycan Respublikasının dövlət prioritetləri və milli inkişaf strategiyaları ilə tam uzlaşdıraraq aşağıdakı əsas istiqamətləri möhkəmləndirmişdir:
Beynəlxalq institusional tanınma və strateji tərəfdaşlıq – Qlobal akademik reytinqlərdə yüksək mövqeyə malik ODTÜ ilə əməkdaşlıq İnstitutun beynəlxalq elmi mühitdə etibarlı tərəfdaş kimi mövqeyini əhəmiyyətli dərəcədə gücləndirir;
SPIN-OFF əsaslı elmi-tədqiqat və innovasiya modeli – Birgə layihələr çərçivəsində elmi biliklərin texnoloji məhsula çevrilməsi, startap və spin-off təşəbbüslərinin formalaşdırılması üçün dayanıqlı ekosistem yaradılır;
Elmi-tədqiqat potensialının artırılması – Birgə elmi layihələr və beynəlxalq indeksli nəşrlər İnstitutun elmi məhsuldarlığını və qlobal elmi şəbəkələrdə mövqeyini möhkəmləndirir;
İnsan kapitalının strateji inkişafı – Akademik heyətin qarşılıqlı mübadiləsi və "Süni intellekt”, "Data analitikası”, "Kibertəhlükəsizlik” istiqamətləri üzrə qısa müddətli sertifikasiya proqramları müasir bilik və texnologiyaların transferini təmin edir;
Tələbə yönümlü beynəlmiləlləşmə – 2025–2026-cı tədris ilindən etibarən bakalavriat və magistratura səviyyələrində tələbə mübadiləsi proqramları İnstitutun beynəlxalq təhsil məkanına inteqrasiyasını sürətləndirir;
Elmi rəhbərlikdə keyfiyyətin yüksəldilməsi – Magistratura səviyyəsində tətbiq olunan ikili elmi rəhbərlik mexanizmi tədqiqatların akademik standartlara uyğunluğunu təmin edir;
Müasir tədqiqat infrastrukturlarının yaradılması – Mingəçevir Dövlət Universitetinin yeni kampusunda yaradılacaq laboratoriyalar İnstitutun uzunmüddətli AR-GE strategiyasının əsas dayaqlarından birinə çevrilir;
Dövlət strategiyaları ilə tam uyğun inkişaf xətti – ODTÜ ilə əməkdaşlıq "İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik (2023–2027)”, "Rəqəmsal İnkişaf Konsepsiyası”, "2025–2028 Süni İntellekt Strategiyası” və "2026–2029 Rəqəmsal İqtisadiyyat Strategiyası”nın elmi dayaqlarını gücləndirir.
Görüş zamanı ODTÜ-nün rektoru Prof. Dr. Ahmet Yozgatlıgil ilə ali təhsilin gələcək çağırışları, süni intellekt əsaslı tədqiqatların strateji rolu və universitetlərarası əməkdaşlığın yeni modelləri ətrafında geniş fikir mübadiləsi aparılmış, ODTÜ-nün müasir elmi-tədqiqat infrastrukturu ilə yaxından tanış olunmuşdur.
Bu əməkdaşlıq Süni İntellekt və Rəqəmsal Texnologiyalar İnstitutunun fəaliyyətində keyfiyyətcə yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, Mingəçevir Dövlət Universitetində elmin, innovasiyanın və beynəlxalq inteqrasiyanın gücləndirilməsinə xidmət edir və İnstitutu bilikdən milli dəyər yaradan strateji mərkəz kimi mövqeləndirir.
Sonda bu strateji əməkdaşlığın qurulmasında göstərdiyi dəstəyə, təşəbbüsə və akademik baxışa görə ODTÜ-nün rektorun danışmanı, Prof. Dr. Ömer Delialioğluya dərin təşəkkürümüzü bildiririk.


































