Pandemiyanın uşaqlarda yaratdığı psixoloji təsirlər

OXUNUB: 926 SOSİAL
Məqalə Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi  ilə birgə keçirdiyi qrant müsabiqəsində qalib olmuş "Regionlarda ailə dəyərlərinin təbliği və gənc ailələrə psixoloji yardımın göstərilməsi” layihəsi çərçivəsində yazılıb. 

Pandemiyanın uşaqlarda yaratdığı psixoloji təsirlər.

Fevral ayından etibarən bütün dünyada olduğu kimi Azərbaycandan  da yan keçməyən Covid -19  öz təsirlərini hər gün biraz daha artırır. Heç şübhəsiz ki, bu hadisə bütün həyatımıza mənfi və müsbət baxımdan təsirlər göstərir. Bəli, mənfi və müsbət. Yanaşmadan asılı olaraq mənfilər içində müsbətlər tapmaq heç də çətin deyil. Ailə, iş, sosial həyat, maddi və mənəvi çətinliklər. Lakin bir şeyi nəzərə almaq lazımdır ki, biz insanlar koronavirusdan daha çox onun yaratdığı təşviş və qorxudan narahat oluruq. Durum dəyərləndirməsi etdiyimiz zaman müşahidə edə bilərik ki, biz böyüklərin həyəcan təşvişi, aqresiyası, gərginliyi birbaşa uşaqlara və ətrafımıza təsir edir. Məqalənin əvvəlində qeyd etdiyim kimi mənfilər içində müsbətlər axtarsaq, bu axtarışa ailəmizdən başlamaq daha məqsədə uyğun olardı. 
Yüklənmiş iş qrafiklərimizə nəzər saldıqda ailəmizlə birlikdə nə qədər az zaman keçirdiyimizi, hətta biraz daha dərinə getsək ailə fərdlərimizlə bağımızın zəiflədiyini görərik. Evin içərisində övladının nə istədiyindən xəbərsiz olan analar belə var. Bu baxımdan pandemiya bizə uşaqlarımızla daha keyfiyyətli, səmərəli vaxt keçirə biləcəyimizi öyrətdi. Statistik diaqnostika müraciətlərinə nəzər yetirdiyimiz zaman, psixoloji problemlərin ailə içindən qaynaqlandığını müşahidə edə bilirik. Yalan danışmaq, davranış pozuntusu, daxili aqressya, ünsiyyət çətinliyi, özgüvən və s. kimi bir sıra problemlərin təməlində sevgi doyumsuzluğu, mənəvi diqqət çəkmə istəyi dayanır. Mənəvi baxımdan qayğıya ac olan uşaqların bir başa ruh halına və davranışlarına mənfi təsir edir. Fəsadlarını isə valideynlər daha çox məktəb və yeniyetməlik yaş dönəmində hiss etməyə başlayırlar. Bu zaman isə bəzi problemlərin həlli üçün çox gec olur. Bu baxımdan evdə necə səmərəli zaman keçirə biləcəklərini bu məqalə üzərindən valideyinlərə izah etmək istəyirəm. 
İlk olaraq telefon, televizor, kompüter və s kimi texnoloji əşyaları bir kənara qoyub övladlarını tanımağa başlasınlar. Tanımaq deyərkən, nə yediyi, nə geyindiyindən daha çox, oğlunun və ya qızının dostları varmı? Kimdir dostları? Ailəsi kimdir? Necə insanlardır? Bunu öyrənə bilərlər. Hansı rəngi daha çox sevir? Hansı oyunlarla oynamağı üstün tutur? Boş zamanın olsa dostlarınla görüşsən harda görüşərdin? kimi suallar verə bilərlər. Amma bu suallar əsla sorğulanmalı və ya ittiham etmə tipli olmamalı, dostcasına yanaşma olmalıdır. Ən son hansı kitabı oxuyub? əyləncə anlayışı nədir, zarafatları necədir? və s kimi. Bu bilgilər tanımadan əlavə bağları daha gücləndirəcək.
 Aşağı yaş qrupunda uşaqlarla isə əlbəttəki ev işlərinə köməklik edərək birlikdə oyunlar oynayaraq mənəvi zaman keçirərək davranışlarında müsbətə doğru dəyişikliklər olacağını müşahidə edə bilərsiz. Bir çox valideyinlər mükəmməliyyətçi, maksimalist olduğu üçün övladının nəyin ki mətbəxə girməsinə, ev işlərində kömək etməsinə belə razı olmurlar. Səbəb olaraq isə ya ürəyincə olmayacağının daha çox tökülüb dağılacağını, ya da hələ uşaqdı, nə iş? Oğlan uşağına necə ev işləri gördürə bilərəm deyə sorğulayırlar. Mütəmadi oyun oynamaq mənəvi və zaman baxımdan mümkün olmur. Amma ev işlərinə uşaqları cinsindən asılı olmayaraq yönləndirmək uşaqlarda 
Özgüvən;
Önəmsənilmə duyğusu;
Sosial bacarıqların və kəşf etmənin armasına; 
Qavrama bacarıqlarlarının inkişaf etməsinə;
Analizetmənin artmasına;
Məsuliyyət hissinin formalaşmasına;
Emosianal yaşın artmasında;
Motor bacarıqların formalaşmasında;
Birlikdə səmərəli zaman keçirmə;
Aqresiyanın azalmasına;
Enerji balansının düzgün istifadə etmə və yönlənməsinə;
Bacı-qardaş münasibətlərinin düzgün tənzimlənməsinə;
Diqqət dağınıqlığına müsbət təsir göstərir.
Nəzərdən qaçırmayaq ki, hal-hazırda pandemiya ilə bağlı uşaqları evdən çox çıxarda bilmirik, əyləncə mərkəzlərinə, dənizə, parklara, mağazaya  apara bilmirik və dörd divar arasında, oyun bölgəsi az,  yaşıdları ilə demək olar ki görüşə bilməyən uşaqların zaman keçdikcə psixoloji durumları daha çətinləşir və mənfiyə doğru gedir. Hər nə qədər biz böyüklər üçün daha çətin olsa da bəzi məqamlarda fədakar addımlar atmalı, nə olursa olsun onların uşaq olduğunu unutmamalıyıq. 
Çünki, uşaqlarımızı qorumaq, onlara dəstək olmaq, ən əsası isə  onlara xoşbəxt və sağlam gələcək bəxş etmək bizim hər birimizin arzusu və əsas vəzifəsidir. 


                                                                      Aygül Məlikova
"Loqos” un uşaq psixoloqu, PXTM –nin üzvi 

RƏYLƏR