Bir müddət əvvəl bəzi media subyektlərində "Pilot Rezidence” MTK-nın Bakı şəhəri, Səbail rayonu, Mstislav Rostropoviç küçəsi, 5 ünvanında inşa etdiyi onbirmərtəbəli, mansardalı çoxmənzilli yaşayış binasının üçüncü girişindəki pilləkən qəfəsinin birinci mərtəbədəki hissəsinin olmaması barədə məlumat yayılmışdı.
Fövqəladə Hallar Nazirliyindən "Unikal"a bildirilib ki, məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən dərhal göstərilən ünvana baxış keçirilib. Həqiqətən də "Pilot Rezidence” MTK-nın Bakı şəhəri, Səbail rayonu, Mstislav Rostropoviç küçəsi, 5 ünvanında inşa etdiyi onbirmərtəbəli yaşayış binasının üçüncü girişindəki pilləkən qəfəsinin birinci mərtəbədəki hissəsinin layihədə sonradan edilmiş dəyişiklik əsasında olmadığı, bununla da sakinlərin gediş-gəlişi üçün çətinlik yarandığı müəyyən edilib.
Agentliyin əməkdaşlarının qanunvericiliyin tələblərinə uyğun həyata keçirdikləri tədbirlər sayəsində MTK tərəfindən pilləkən qəfəsi inşa olunaraq sakinlərin istifadəsinə verilib.