Qadın fermerlərin AFAQ layihəsinə qeydiyyatı davam edir

OXUNUB: 229 Özəl İQTİSADİYYAT
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən "Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilən Aqrar Fəaliyyətli Azərbaycan Qadınları (AFAQ) layihəsinə qeydiyyat davam edir. Kənd təsərrüfatı sahəsində aktiv iştirakı olan və aqrar biznes fəaliyyətləri həyata keçirən qadın fermerlər https://afaq.az/ saytı vasitəsilə layihəyə müraciət edə bilərlər.

Tələblərə cavab verən fermerlər layihə çərçivəsində göstərilən dəstək tədbirlərindən faydalana biləcəklər. Dəstək tədbirləri aqrar sahədə bilik və bacarıqların artırılması təlimlərindən, təsərrüfatların inkişafı üçün texniki dəstək və konsultasiya imkanlarından ibarətdir. Təlimlər ümumi biznes bacarıqları və fermerlərin məşğul olduqları sahələr üzrə xüsusi mövzuları əhatə edəcək.

Qeyd edək ki, AFAQ layihəsinin əsas məqsədi qadınların məşğulluğunun, onların informasiya, resurs və bazarlara çıxış imkanlarının, eyni zamanda qadınlar tərəfindən idarə olunan aqrar biznes subyektlərinin sayının artırılmasına və regionlarda sosial-iqtisadi rifahın yaxşılaşdırılmasına töhfə verməkdir. Bugünədək layihəyə 600-ə yaxın müraciət daxil olub, 181 müraciətçinin təsərrüfatına baxış keçirilərək qiymətləndirmə sorğusu aparılıb. Layihənin tələblərinə cavab verən ümumilikdə 151 təsərrüfat sahibinə isə müvafiq avadanlıqlar və aktivlərlə dəstək göstərilib.

Layihəyə qeydiyyat prosesində çətinlik çəkən və ya əlavə sualı yaranan şəxslərdən +994 50 400 88 99 telefon nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.

RƏYLƏR