"Hər gün ən azı 3 energetik içki içirəm. Kefim olmayanda, halsız olanda, bu içkilərdən içirəm, özümə gəlirəm. Çox yaxşı təsiri var”. Bu sözləri 16 yaşlı Rəhim Məmmədov deyir.
Rəhim kimi bir çox yeniyetmə son illər energetik içkilərin
alüdəçisinə çevrilib. Xüsusilə isti yay günlərində bu içkilərə tələbat daha çox
artır. Yorğun iş və ya dərs günündən sonra itirlən enerjini qaytarmağı vəd edən
içkilərə yeniyetmələr kimi, əksər gənclər də inanır. Bəs deyildiyi kimi, həqiqətən
energetik içkilər təhlükəlidirmi? Xüsusilə uşaq orqanizmində hansı fəsadları
ola bilər?
"Vəziyyət faciəvi deyil”
Marketoloq Rafiq Hunaltay Kaspi.az-a
bildirib ki, əgər əvvəllər energetik içkilərdən istifadəçi yaşı 18+ idisə, indi
10 yaşa qədər düşüb: "Enerji içkiləri bazarı Azərbaycanda son illər mütəmadi
olaraq artan bazardır. Yəni istifadəçiləri çoxalır. Əgər əvvəllər istifadəçi
yaşı 18+ idisə, indi 10 yaşa qədər düşüb. 10 yaşında gəncin bu içkidən istifadəsi
təbii ki, sevindirici hal deyil. Zərərinə gəldikdə, istənilən enerji içkisində
qablaşdırma üzərində onun istifadə təlimatları olur. Çoxunda da "gündə 1 ədəd
istehlak edilə bilər” tipli yazı olur. Amma vəziyyət mediada formalaşdırılan qədər
faciəvi deyil. Normal olaraq qəbul edilərsə, heç bir problem törətmir”.
Enerji içkiləri ilə bağlı maarifləndirməyə gəldikdə isə,
marketoloq hesab edir ki, maarifləndirmə işi istehsalçının yox, xüsusən söhbət
uşaqlardan gedirsə, valideynlərin üzərinə düşür: "Normadan artıq qəbul etmə
və onun zərərləri barədə valideynlər məlumatlı olmalıdır. Mənə görə, istehsalçı
lazımi bütün bilgiləri, müsbət və mənfi tərəflərini qeyd etməli, onu geniş kütləyə
çatdırmalıdır. Amma ən əsas məsuliyyət onu gənc yaşda istehlak edənlərdə
olmalıdır. Dövlət də burada administrativ metodlardan istifadə edə bilər. Bəzi
yerlərdə satışı qadağan edilə və ya məhdudlaşdırıla bilər”.
"İnsanımız bizim üçün çox dəyərlidir”
"Hell” enerji içkiləri Azərbaycan nümayəndəliyinin marketinq rəhbəri
Müşviq İsgəndərov bizimlə söhbətində bildirdi ki, təmsil etdikləri şirkət bütün
sosial media hesablarında (şərhlər, mesaj qutusu, postlar), canlı sempling
zamanı və mağazalarda həmişə xəbərdarlıq edib: "Əslində dünyanın heç bir
yerində bu içkilərin yeniyetmələrə ziyanları ilə bağlı rəsmi qadağa yoxdur.
Amma biz uşaqların daha çox sudan və təbii maddələrdən istifadəsini nəzərə
alıb, bunu məsləhət görmürük. Bütün satış təmsilçilərimizə (istənilən birini
yolda saxlayaraq soruşa bilərsiniz ki, biz bu tələbi qoymuşuq, yoxsa yox)
bildirmişik, yenə də burada qeyd edirəm ki, bizim üçün insanımız çox dəyərlidir”.
"Ani ölümlər...”
İçkinin zərərlərinə gəldikdə isə, kardioloji uzmanı Yalçın Velibey Kaspi-yə
açıqlamasında bildirib ki, son zamanlar daha çox uşaqlarda və gənclərdə bu
içkilərə bağlı olaraq ciddi aritmiyalar və ani ölümlər ortaya çıxır:
"Kardioloq olaraq işlədiyim kardioloji mərkəzdə enerji içkisi qəbul etdikdən
sonra ciddi aritmiyaların ortaya çıxdığı və ya anidən ölən onlarca xəstə
gördüm. İnsanlar bu içkiləri enerji verdiyi, oyaq tutduğu, konsentrasiyanı və
atletik performansı artırdığını düşündükləri üçün içirlər. Ancaq çox təəssüf
ki, bu içkiləri içən insanlar bilmədikləri təhlükələrdən xəbərsizdirlər.
Bu içkiləri daha çox gənclər içsələr də, hər yaş qrupundan olan
insanların bu içkilərə aludə olduğunu söyləmək mümkündür. Aparılan araşdırmalar
nəticəsində bəlli olub ki, çox sıx enerji içkisi içmək insanlarda daha sonra həm
spirtli içkilərə, həm də marixuana və siqaretə meyilliliyi artırır. Daha
bir təhlükə: son zamanlar enerji içkilərinin həm idmanla məşğul olan zaman, həm
də spirtli içkilərlə birlikdə qəbul edilməsi halları da get-gedə artır. Enerji
içkiləri qan təzyiqini və nəbzi yüksəldir, ürək damarlarının büzülməsinə, ürəyin
qidalanmasının azalmasına, infarkta, qan laxtalanma qabiliyyətinin
artmasına, əllərdə titrəməyə, yuxusuzluğa, əsəbiliyə, ürək bulanma və qusmaya,
ciddi aritmiyalara və hətta ani ölümə səbəb olur. İdmanla məşğul olmazdan öncə
və ya idmandan sonra enerji içkisi içən insanlarda ciddi aritmiyalar və ani
ölüm halları get-gedə artmağa başlayıb. Ona görə də enerji içkiləri idman
zamanı qətiyyən qəbul edilməməlidir. Hamilə qadınlar, uşaqlar, şəkərli diabet və
ürək-damar xəstələri bu içkiləri qətiyyən içməməlidirlər”.
Enerji içkilərinin tərkibinə gəldikdə isə, bu içkilərin tərkibində
kofein, taurin, qlükoronat, quarana (tropik bitki növü), jenşen, inositol və
sairə maddələr mövcuddur: "Enerji içkilərində yüksək miqdarda şəkər də
mövcuddur ki, bu da kökəlmə və şəkərli diabet kimi xəstəliklərin ortaya çıxma
riskini artdırır. Enerji içkiləri içiləndə insan sağlamlığı üçün ən təhlükəli
maddə yüksək miqdarda kofeindir. Enerji içkilərindən çox istifadə etmək kofein
zəhərlənmələrinə səbəb ola bilir. Kofein zəhərlənməsi zamanı əsəbilik,
yuxusuzluq, ciddi nevroloji problemlər, ürək döyünmə, mədə bulanması, qusma,
ciddi aritmiyalar və ölüm ortaya çıxır”.
"Valideynlər uşaqlara nəzarəti gücləndirməlidir”
Tibb elmləri doktoru, professor Adil Qeybulla bu içkilərin qadağan olunmasının
tərəfdarıdır: "Təəssüflər olsun ki, energetik içkilər çox geniş şəbəkədə
yayılıb. Energetik içkilərin tərkibində tonuslandırıcı maddələr var ki, bunlar,
xüsusilə də kofein insan həyatı üçün təhlükəlidir. Bu maddələrin qəbulu böyüməkdə
olan orqanizm üçün risklidir. Belə ki, ürəyi həddən artıq gücə salır və ürək
döyünmələrini artırır. Ürəyin ritmi artığı üçün ürək əzələsi yorulur. Bu gün ürəkdə
olan müxtəlif qüsurların və bəzi ürək pozuntularının səbəblərindən biri də bu cür
içkilərin həddən ziyadə istifadə olunmasıdır. 18 yaşdan aşağı olan uşaqlara
energetik içkilərdən istifadə qadağan olunmalıdır. Valideynlər bu məsələdə diqqətli
olmalıdırlar. Çünki hansısa qərar qəbul olunsa belə, içki evə daxil olursa,
bundan istifadə edənlər olacaq. Necə ki spirtli içkilərlə bağlı hansısa ailədaxili
qadağalar, müəyyən nəzarət sistemi var, bu şəkildə də energetik içkilərə
olmalıdır. Valideynlər uşaqları bu içkilərdən çəkindirməlidirlər. Məktəblərdə
bunun satışı qadağan olunmalıdır. Uşaqlar bunu başa düşmür və təhülkəni hiss
etmirlər”.
Qeyd edək ki, energetik içkilər ilk dəfə 1987-ci ildə Avstriyada və 1997-ci ildə Amerikada satılmağa başlayıb./olke
İcmal.Az