Qarabağın döyünən ürəyinə səfərin HƏYƏCANI: "Şuşasız bizim işimiz yarımçıq olardı…" - Günel Səfərova yazır

OXUNUB: 61 SOSİAL

Şuşaya səfər edəcəyim üçün xeyli həyəcanlı və qürurluydum. Çünki mənim üçün müqəddəs məkanda olmaq arzularımdan biriydi. Dəyərli dostlarım, yaxınlarım, doğmalarım Şuşanı görmədən həyatlarını itiriblər. Şuşa mənə görə Azərbaycanın döyünən ürəyidi.

Maşınımız Şuşaya doğru qalxdıqca əsgərlərimizin qələbə üçün necə çətin yollardan keçdiyini təsəvvür belə edə bilmirəm. Sıldırım qayalara dırmaşaraq əlbəyaxa döyüşlə Şuşanı azad edən qardaşlarımız böyük fədakarlıq ediblər. Bunu ifadə etmək çox çətindir! Hərbçilərimizin Vətən sevgisini ancaq o döyüş yolu ilə hərəkət edəndə anlayırsan. Bu mənim üçün zəfərdən çox, həm də bir sevgi yoludu. Bu sevginin sonu xoş olan vüsalına qovuşmaq üçün az qala bir qərinə gözlədik. Yuxu görmürəm, yolumuz Şuşayadır. Düşmənin yerlə yeksan etdiyi Füzulidən keçirik. Estafetdə isə bir vətən torpağı, amma namus və şərəf qalamız olan Şuşadır.

Artıq Cıdır düzündəyik. O Cıdır düzü ki, ora Qarabağ atlarının kişnəyib şahə qalxdığı, ərənlərimizin qılınc oynadıb mərdi mərdanə döyüşlərə sinə gərdiyi məkandı. İgidlərimizin döyüş sınağı verdiyi bu müqəddəs məkanda Paşinyanı içkili, urvatsız şəkildə oynayan görəndə göz yaşlarıma hakim ola bilməmişdim. Allah haqdır və böyükdür! Bu haramı tanrı belə qəbul etmədi. Nəticədə Şuşa halallıq qazandı və o torpaqda gəzməyə haqqı olan insanların əhatəsindəyəm.

Həyəcanlanıram. Çünki uşaqlıq xatirələrim olan Şuşada gəzmək xoşbəxtliyini yaşayıram. Şuşaya beynəlxalq missiya nümayəndəsi kimi yox, bu torpağın sahibi kimi gəlmək nəfəsdir.

Cıdır düzünün yaxınlığında Vaqifin məqbərəsidir. 28 il bu şəhərin çəmənləri Vaqifin şux gözəllərinin gəzintisinə həsrət qalmışdı, düz yolda əyri gəzənlərin idbar addımları bu torpağın bərəkətini küsdürmüşdü. İndi o məqbərə bərpa olunub. Bu məqbərə həm də Azərbaycan intibah ədəbiyyatının ocağıdır. Nankorlar məqbərəni dağıdanda güllər Vaqifi tək qoymamışdı. Düşmənin dağıtdığı məqbərəyə güllər sahib çıxmışdı. O güllər həmişə Azərbaycan ətri verib. Şuşa çörəyi kimi, o güllər işğal vaxtı belə qurumamışdı.

Gövhər Ağa məscidini ziyarət edirəm. Şuşanın azad olunmasına bu məscidin azan səsindən sonra inanmışdım. O səs ki, xainlər onu Gövhər Ağa məscidinin minarəsindən əsir götürmüşdülər. Burada qəhrəman şəhid qardaşlarımın ruhunu görürəm. Sanki ruhu sevinən şəhid qan qardaşımın baxışlarıyla danışıram. Baxışları gülən cənnət qardaşımın "sizə bu xoşbəxtliyi biz bəxş etdik” pıçıltısını eşidirəm. Gözlərim dolur. Dua edirəm, amma o şəhid qardaşımız üçün yox, xalqımız üçün! Şəhidlərə dua olunmur, çünki onlar cənnət sakinləridir. Bir az qürurlu, bir az kədərli göz yaşlarımla özümə hakim ola bilmirəm, Allah ocağından bu şəhərin böyük sakinlərinin evinə doğru addımlayıram. Məşhur heykəlləri deyirəm, onlar həm də bizim üçün evdir. Bu heykəllər gözündən vurulmuşdu, Vətənin acı taleyinə aglaya bilmirdilər. İndi onlar gözləriylə gəlişimizə sevinirlər. Bu sevinc əbədidir. Bu sevinci bizə bəxş edənləri minnətdarlıq və şükranlıqla alqışlayıram. Bu torpağın bütövləşməsi uğrunda qan tökən, can verən qəhrəmanlarımızın uyuduğu torpağa Vətən deyirəm. İndi mənimçün Vətən onların uyuduğu torpaqdan başlayır.

Şuşa tarixinin misli görünməyən qəhrəmanlığına, eləcə də xain işğalına şahidlik edən qalanın ətrafındayam. Hər daşıyla, qayasıyla böyük tarixə yoldaşlıq edən məğrurluq qalasının kövrəklik izi artıq yaddaşımızdan silinir. Yaddaşımıza ucalığıyla bizi riqqətə gətirən Şuşamız və qalamız yazılır. Bu qala bizimdir. Biz tikmişik, düşmən üçün yox, özümüz üçün! O qalada izimiz var, həmişə də olacaq.

… Şəhəri gəzirəm, bu gözəl yerlərə həyat qayıdır. Gündə yüzlərlə vətəndaş bu məkanı ziyarət edir. Adam bu yerlərdən qayıtmaq belə istəmir. Şəhər füsunkarlığı ilə göz oxşayır, əsrarəngizliyi ilə sanki təbiətin qeyri-adi təsviridir. O təsviri Bakıya ürəyimdə gətirirəm.

Qayıdanda yolboyu düşünürəm: Şuşasız Qarabağ necə olardı? Ali Baş Komandan haqlıymış, Şuşasız bizim işimiz yarımçıq olardı…

Günel Səfərova

"Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri

P.S. Bir daha onun şahidi oldum ki, hər oxuyan Molla Pənah, hər şəhər də Şuşa olmaz!

RƏYLƏR