Qatar xətləri turizmin inkişafında yeni mərhələ olacaq

OXUNUB: 823 İQTİSADİYYAT

Bakı-Tbilisi-Qars, Bakı- İran dəmiryollarının açılışı kütləvi turizmin inkişafına təkan verəcək. Bunun üçün turist qatarlarının marşrutları işlənib-hazırlanmalıdır. Qatar xətləri turizmin inkişafında yeni mərhələ olacaq.

Bunu Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov bildirib.

O qeyd edib ki, yaxın gələcəkdə dəniz turizmi, o cümlədən kruizlər fəaliyyətə başlayacaq:

"Xəzər dənizinin potensialından maksimum istifadə imkanları var. Bu, eyni zamanda, Xəzər dənizi sahili ölkələri ilə turizm əlaqələrini canlandıracaq və sıx iqtisadi münasibətlər yaradacaq.

Azərbaycanda turizm sahəsində kadrların hazırlanmasına böyük önəm verilir. Dövlətin qayğı və diqqəti sayəsində 2006-cı ildən Azərbaycan Turizm və Menecmentlik Universiteti fəaliyyət göstərir. 

Bir sıra ali təhsil ocaqlarının müvafiq fakültələrində turizm kafedraları var. Bakı şəhərində turizm peşə məktəbi, Qəbələ və İsmayıllı şəhərlərində turizm peşə məktəbi və liseyi, Mingəçevir şəhərində turizm kolleci fəaliyyət göstərir.

Azərbaycan Turizm Assosiasiyası respublikada ekskursiya bələdçilərinə tələbatı nəzərə alıb, öz nəzdində Bakı Ekskursiya Bürosu yaradıb. Bununla bərabər, ekskursiya marşrutları və mövzuları işlənib-hazırlanır”.

İcmal.Az

RƏYLƏR