QHT.az-ın baş redaktoruna “Beynəlxalq media vəsiqəsi” təqdim edildi

OXUNUB: 145 QHT
QHT.az saytının baş redaktoru Cəsarət Hüseynzadəyə Beynəlxalq Jurnalistlər Federasiyasının (BJF) təsis etdiyi "Beynəlxalq media vəsiqəsi” verilib.

"Beynəlxalq media vəsiqəsi” Azərbaycan Mətbuat Şurasının ofisində ki, BJF-nin Azərbaycan üzrə yerli üzv təşkilatı olan Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli tərəfindən təqdim edilib. 

Qeyd edək ki, Cəsarət Hüseynzadə Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika fakültəsinin bakalavr, jurnalistika fakültəsini isə magistr pilləsi üzrə bitirib. Tələbə vaxtından "Vətəndaş həmrəyliyi” qəzetində, "Qanun” jurnalında və digər mətbu orqanlarında müxbir vəzifəsində çalışıb. Daha sonra QHT sektorunda fəaliyyətini davam etdirib. İnformasiya Təşəbbüslərinə Dəstək ictimai birliyini yaradıb və həmin təşkilatın sədridir. 

Bir çox uğurlu ixtisaslaşmış media layihələrinin təşəbbüskarı və icraçısıdır. 2015-ci ildə QHT.az portalını 2017-ci ildə QHT TV internet televiziyasını yaradıb. Hər iki layihə QHT sektoru üçün vacib layihələrdən sayılır. 2021-ci ildə isə yeni ictimai iştirakçılığın təşviqi məqsədilə ictimashura.az saytını yaradıb. 

 Qeyd edək ki, BJF təsis etdiyi "Beynəlxalq media vəsiqəsi” jurnalistlər üçün dünyanın bütün ölkələrində qəbul edilən tanıtım nişanıdır. Vəsiqəni əldə etmiş jurnalist onu təqdim etməklə istənilən ölkədə informasiya toplamaq hüququ əldə edir. Bununla yanaşı, kartın digər mühüm statusları da var. Vəsiqə sahibi olan jurnalist risqli bölgələrə səfər edərkən, öncədən məlumat vermək şərtilə, BJF və onun yerli üzv təşkilatı tərəfindən diqqətdə saxlanılır. Bu halda təhlükə ilə üzləşən, təqib edilən, əsir-girov götürülən, xəsarət alan, informasiya əldə etmək hüququ pozulan vəsiqə sahibinin vəziyyətdən çıxması üçün BJF lazımi dəstək göstərir.

Məlumat üçün bildirək ki, "Beynəlxalq media vəsiqəsi” BJF-yə fərdi müraciətlərlə deyil, ölkələr üzrə BJF-nin yerli üzv təşkilatlarının zəmanəti əsasında verilir. Vəsiqəni əldə etmək üçün müəyyənləşdirilən şərtlər sırasına jurnalistika sahəsində fasiləsiz fəaliyyət göstərmək, peşəkar qaydaları bilmək, BJF-nin müəlliflik etdiyi "Jurnalistlər üçün Etik Kodeks”ə hörmətlə yanaşmaq, BJF-nin yerli təmsilçi təşkilatına üzv olmaq, onunla sıx əməkdaşlıq etmək və sair kimi məqamlar daxildir.

2021-cu ilin birinci yarısı üzrə "Beynəlxalq media vəsiqəsi” jurnalistlər Məğrur Əliyev (Əli Polad),  Ümidə Həsənova, Cəsarət Hüseynzadə,  Əminə Yusifqızı, Fuad Babayev, Emin Həsənov və Anar Yusifzadəyə verilib.  
İcmal.Az

RƏYLƏR