Salyan icra başçısı və generalın sahibkarlara qarşı "soyqırımı" davam edir: PREZİDENTİN TAPŞIRIQLARI NİYƏ İCRA EDİLMİR? (VİDEO)

OXUNUB: 19 Özəl İQTİSADİYYAT
Salyanda fermerlərin su yolu da bağlanır? — Prezidentin illər əvvəlki xəbərdarlığı yenidən gündəmdə

7NEWS.az xəbər verir ki, bu günlərdə redaksiyamız Salyan rayonunda bir neçə təsərrüfatın su təminatının dayandırılması ilə bağlı şikayət əsasında material dərc etmişdi.
Həmin yazıda balıqçılıq, quşçuluq və heyvandarlıqla məşğul olan fermerlərin su təminatının məhdudlaşdırıldığı, şikayətçinin iddiasına görə isə "Salyan Aqro Park”ın əməkdaşlarının texnikanın köməyi ilə təsərrüfatlara gedən su kanalını torpaq və palçıqla bağladığı bildirilirdi.

Materialda daha ciddi bir iddia da səsləndirilmişdi. Şikayətçinin sözlərinə görə, bu addımların "Salyan Aqro Park”la əlaqəli olduğu bildirilən, Penitensiar Xidmətin keçmiş rəisi, general Ceyhun Həsənovun tapşırığı ilə həyata keçirildiyi iddia olunurdu.

Lakin 7NEWS.az-ın həmin yazısından sonra redaksiyaya daxil olan yeni məlumatlar vəziyyətin daha da gərginləşdiyini göstərir.

İddia olunur ki, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov və "Salyan Aqro Park”ın sahibi olduğu bildirilən general Ceyhun Həsənovla bağlı şikayətlər fonunda fermerlərin su təminatını həyata keçirən digər su yollarının da bağlanmasına başlanılıb.

Əgər bu iddialar təsdiqini taparsa, artıq söhbət ayrı-ayrı fermerlərlə təsərrüfat subyektləri arasında mübahisədən deyil, kənd təsərrüfatı ilə məşğul olan insanların fəaliyyətinə ciddi maneə yaradılmasından gedə bilər.

Daha ağır iddia isə fermerlərin vəziyyətinin artıq müflisləşmə həddinə çatması və psixoloji baxımdan son dərəcə ağır vəziyyətə düşmələri ilə bağlıdır. Hətta bəzi fermerlərin intihar həddinə çatdığı da iddia olunur.

Bu, araşdırılmalı son dərəcə ciddi məsələdir.

Çünki fermer üçün su sadəcə təsərrüfat resursu deyil. Balıq, mal-qara və quşçuluq təsərrüfatlarının normal fəaliyyətinin əsas şərtlərindən biridir. Su yolunun bağlanması bir neçə gün ərzində belə ciddi maddi itkilərə səbəb ola, uzunmüddətli məhdudiyyət isə illərlə qurulmuş təsərrüfatı iflasa sürükləyə bilər.

Prezidentin Rüstəm Xəlilova verdiyi tapşırıq yada düşür

Məsələnin daha maraqlı tərəfi isə Prezident İlham Əliyevin Rüstəm Xəlilovu icra başçısı vəzifəsinə təyin etdiyi zaman ona verdiyi tapşırıqlardır.

Rüstəm Xəlilov icra başçısı vəzifəsinə təyin olunarkən Prezident İlham Əliyev onu qəbul edib və sahibkarlarla bağlı mövqeyini açıq şəkildə ifadə etmişdi. Dövlət başçısı investorların incidilməməsini, əksinə, onlara kömək göstərilməsini tapşıraraq bildirib. Sitat: "İnvestorları incitməməlisiniz, əksinə, onlara kömək göstərməlisiniz...”

Prezident həmin çıxışında vətəndaşların rəhbər şəxslərin fəaliyyətindən razı qalmasının vacibliyini vurğulayaraq "Xalqın gözü tərəzidir” ifadəsini işlədib və etimadı doğrultmayan rəhbərləri ciddi cəzanın gözlədiyini bildirib.

Bu gün Rüstəm Xəlilov artıq Salyan Rayon İcra Hakimiyyətinin başçısıdır. O, 17 sentyabr 2024-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə təyin edilib.

Elə buna görə də Salyandan gələn bu şikayətlərə münasibət daha böyük ictimai əhəmiyyət daşıyır.

Prezidentin sahibkarlıqla bağlı mövqeyi dəyişməyib

Prezident İlham Əliyev müxtəlif çıxışlarında dəfələrlə sahibkarların dövlət tərəfindən dəstəklənməli olduğunu, onların fəaliyyətinə süni maneələrin yaradılmasının yolverilməzliyini bildirib.

Dövlətin sahibkarlıq siyasətinin əsas prinsiplərindən biri də məhz sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısının alınmasıdır. Qanunvericilikdə də sahibkarlıq fəaliyyətinin yalnız qanunla nəzərdə tutulan hallarda məhdudlaşdırılmasına yol verildiyi, dövlət orqanlarının sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxiləsinin yolverilməz olduğu göstərilir.
Salyanda su yolları həqiqətən bağlanıb?
İndi əsas sual budur: Salyanda fermerlərin su təminatının qarşısını kim alır?

Və ən əsası: illərlə zəhmət çəkərək təsərrüfat qurmuş insanların müflis olmaq həddinə çatdırılması ilə bağlı iddialar araşdırılacaqmı?

Yazıda adı çəkilən Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilovun, "Salyan Aqro Park”ın, general Ceyhun Həsənovun, eləcə də aidiyyəti hüquq-mühafizə və dövlət qurumlarının mövqeyini dərc etməyə hazırıq. Təəssüf ki, icra hakimiyyəti yenə göndərdiyimiz sorğunu cavabsız qoyub. 

Mövzunu izləyəcəyik, redaksiyamıza daxil olan videonu növbəti yazımızda dərc edəcəyik
 
 
 

7NEWS.az

RƏYLƏR