Şəhid Vüqar Sadıqov haqqında sənədli film təqdim olundu – GƏNCLƏR FONDUNUN DƏSTƏYİ İLƏ

OXUNUB: 729 QHT

Bu barədə saytımıza "Qızılbaş" Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Aqil Ələsgər deyib. Onun sözlərinə görə "3 ÖVLADIN ŞƏHİD ATASI – Vüqar Sadıqov haqqında sənədli film” layihəsi Gənclər Fondunun dəstəyi ilə həyata keçirilib: ""Qızılbaş" Gəncləri Maarifləndirmə İctimai Birliyi olaraq biz bu günə qədər bir neçə film ərsəyə gətirmişik. Filmlərin böyük əksəriyəti Qarabağa, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına həsr olunmuşdu. Budəfəki film isə iyulun 12-də Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan çavuş Vüqar Lətif oğlu Sadıqov haqqındadır. Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçususu çavuş Sadıqov Vüqar Lətif oğlunun Ağstafa rayon Yuxarı Göycəli kəndində dəfn olunub. Sadıqov Vüqar Lətif oğlu xeyli sayda düşmən texnikasını və canlı qüvvəsini məhv edib. Şəhidimizin 3 övladı var.”

Filmin tamamilə başa çatdığını deyən Aqil Ələsgər Gənclər Fonduna təşəkkür edib: "Layihə üzrə bütün prosedurları vaxtında və yüksək keyfiyyətlə həyata keçirdik. Ümid edirəm şəhidimizin həyat yolu barədə gənclərimizə dolğun və ətraflı məlumat verməyi bacarmışıq. Müraciətimizə müsbət cavab verdiklərinə görə Gənclər Fonduna təşəkkür edirəm.”

Qeyd edək ki, 2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu şəhid olub.

RƏYLƏR