Şəhidlərimizin övladları üçün “Gənclik düşərgəsi” reallaşdırılıb

OXUNUB: 0 Özəl SOSİAL
9–13 fevral 2026-cı il tarixində Goranboy Olimpiya Kompleksində 17–23 yaş aralığında olan şəhid övladları üçün "Gənclik düşərgəsi” təşkil olunub.

Layihə "YAŞAT” Fondunun, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Goranboy Rayon İcra Hakimiyyətinin, "ASAN Könüllüləri” Təşkilatının, "INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Bakı Psixologiya Mərkəzinin və Azərbaycan İnsan Resursları Assosiasiyasının dəstəyi  ilə baş tutub.  

Əsas məqsəd gənclərin intellektual, sosial və şəxsi inkişafına dəstək olmaq, onların yaradıcılıq və komanda ilə işləmə bacarıqlarını gücləndirmək olub.

Düşərgənin ilk günü iştirakçılar Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət ediblər. Ardınca açılış mərasimi keçirilib və onlar düşərgə qaydaları barədə məlumatlandırılıblar. Gün ərzində "Heydər Əliyev və Azərbaycan Gəncliyi” adlı sənədli film nümayiş olunub, həmçinin komanda quruculuğu mövzusunda interaktiv oyunlar təşkil edilib.

Növbəti günlərdə "INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin dəstəyi ilə innovasiya və ideya generasiyası mövzusunda təlimlər, startap anlayışı və təqdimat bacarıqları üzrə sessiyalar keçirilib. İştirakçılar yaradıcı düşünmə, problem həlli və ideyaların təqdimatı istiqamətində bilik və bacarıqlar əldə ediblər.

Düşərgənin üçüncü günü idman yarışları, "Şəhərəsalma və Memarlıq İli”nə həsr olunmuş praktiki tapşırıqlar və yarışlar, eləcə də müsabiqə ilə yadda qalıb. Komandalar tərəfindən hazırlanan layihələr münsiflər heyəti tərəfindən qiymətləndirilib və qaliblər mükafatlandırılıblar. Bu mərhələ gənclərin həm analitik düşünmə, həm də komanda ruhunu nümayiş etdirməsinə imkan yaradıb.

Dördüncü gün Bakı Psixologiya Mərkəzinin, Azərbaycan İnsan Resursları Assosiasiyasının və Gənclər və İdman Nazirliyinin nümayəndələrinin iştirakı ilə psixoloji, şəxsi inkişaf və karyera planlaması mövzularında təlimlər keçirilib. 

Düşərgənin bağlanış mərasiminin ardından iştirakçılar üçün istirahət və əyləncə proqramı təşkil olunub.

"Gənclik düşərgəsi” gənclərin potensialının üzə çıxarılması, onların gələcək həyat və karyera seçimlərinə müsbət təsir göstərilməsi baxımından əhəmiyyətli platforma kimi dəyərləndirilib.
 



 

RƏYLƏR