Sumqayıt şəhərində Azərbaycan Respublikasının dövlət rəmzinə qarşı biganə münasibət ictimai narazılıq doğurub. Şəhər sakinlərinin 7news.az-a verdiyi məlumata görə, Heydər Əliyev adına mərkəzi parkda ucaldılmış üçrəngli bayraq uzun müddətdir ki, yararsız vəziyyətdədir.
Vətəndaşların bildirdiyinə görə, bayrağın təxminən 25 faizi cırılıb və bu hal həm estetik baxımdan xoşagəlməz mənzərə yaradır, həm də dövlət atributuna qarşı hörmətsizlik kimi dəyərləndirilir. Redaksiyamıza təqdim olunan foto və video materiallarda bayrağın cırılmış vəziyyətdə dalğalandığı açıq şəkildə görünür.
Qeyd edək ki, dövlət atributlarına — xüsusən də bayrağa qarşı münasibət yalnız texniki məsələ deyil, həm də vətəndaşların milli qürurunu əks etdirən mühüm göstəricidir. Bayrağın belə vəziyyətdə qalması müvafiq qurumların məsuliyyətinə ciddi suallar yaradır.
7news.az olaraq məsələ ilə bağlı aidiyyəti qurumların münasibətini öyrənməyə çalışacağıq. Aşağıda vətəndaşlar tərəfindən çəkilərək redaksiyamıza göndərilən görüntüləri təqdim edirik: