Tanınmış teleaparıcı: "Ərizəmi yazıb işdən gedərəm" - FOTO

OXUNUB: 676 ŞOU-BİZNES

Tanınmış teleaparıcı Yusif Ağayevin Milli.Az-a müsahibəsi.

- Yusif bəy, bu gün sizin 59 yaşınız tamam olur. Ötən illərə nəzər salanda hansı xatirələrə dalırsınız?

- 59 yaşımı tamam edib 60-a addımlayıram. Həyat həqiqətən də keşməkeşlərlə, acılı-şirinli, xoş və qeyri-xoş günlərlə zəngindir. Bu kimi hallar hamının həyatında olur. Bircə ona görə sevinirəm ki, 59 ilim hədər getməyib. Geriyə dönüb baxanda böyük bir ömür yaşadığımı görürəm. İşimdə, yaradıcılığımda isə həmişə böyük uğurlar qazanmışam.

- Yaşadıqlarınızdan nə vaxtsa peşmanlıq keçirmisiniz?

- İnsan həyatı elədir ki, istəmədən yaşadıqlarını təkrarlamamaq üçün zamanla yaşadıqlarından özünə dərs, ibrət götürür. Bəzən susmağı seçir. Çünki hər şeyi sonunda zaman həll edir.

- Çox hallarda susduğunuzu bilirəm. Sükutunuz sizdən nəyi alıb?

- Sükut məndən heç nə almadı, əksinə mənə çox şeyi öyrətdi. Sükut məni illərlə tərəzi kimi hər şeyi birə-bir çəkməyi öyrətdi. Necə deyərlər yaşananlar unudulmur!!!

- Yaxşı, bəs həyat sizdən nəyi alıb?

- Həyat məndən uşaqlıq illərimdə atamı alıb. Bəlkə ona görədir ki, mən 28 dekabr tarixində heç vaxt ürəyim istədiyim qədər əylənə bilmirəm. Hərçənd 28 dekabr tarixində efirdə olacağam. Bu mənim üçün həm xoş, həm də qeyri-xoş gündür. Çünki mən həmin gün 3 yaşımda olarkən atamı itirmişəm.

- Belə başa düşdüm ki, eyni gündə həm atanızın il dönümünü, həm də ad gününüzü qeyd edirsiniz.

- Özüm özümə də bəzən təəccüblənirəm. 56 ildir ki, mən bu acıyla yaşayıram. Eyni gündə həm acını, həm şirini yaşamaq çətindir. Nahaq yerə deməyiblər ki, bir göz ağlayanda, bir göz mütləq gülür.

- Hər il ad gününüzü səhər efirdə, axşam isə ailənizlə qeyd edirsiniz. Bu il də adət ən-ənənizə sadiq qalacaqsınız?

- Bəli, mən ad günlərimi sırf ailəmlə birlikdə keçirirəm. İnsanlar elə bilir ki, şou-biznes sahəsində olanların əyləncədən başları açılmır. Bu həqiqətən də belədir. Tam səmimi deyirəm ki, bunların içində mən yeganə istisnayam ki, ümumiyyətlə əyləncə məkanları, restoranlarla heç aram yoxdur. Ailəmlə olduğum yer-yəni evimiz mənim üçün minlərlə əyləncə məkanlarından daha üstündür.

- İlk ad günü təbrikini adətən kimdən alırsınız?

- İlk təbriki hər zaman qızlarımdan alıram. Səhəri gün isə onlar özəl hədiyyələri ilə birlikdə evimə gəlirlər. Mən heç vaxt onlardan hədiyyə istəməmişəm. İstəmişəm ki, hədiyyəni mən onlara verim. Onların sevgisi mənim üçün böyük hədiyyədir.

- Elə bir insan varmı sizi bir dəfə təbrik etməsi üçün hər şeydən keçərdiniz?

- Bu sualı bir dəfə böyük sənətkarımız Polad Bülbüloğluna da ünvanlamışdılar. O sualın cavabı olaraq bildirmişdi ki, "Kaş bircə dəfə Bülbül mənim oxumağımı görəydi". Mən də deyirəm ki, nə olardı bir dəfə də məni atam təbrik edərdi. Amma əfsus... Atamı heç xatırlamıram, sadəcə olaraq beynimdə o illərdən dolaşan bir epizod var ki, biz onunla masa arxasında oturmuşuq. Mən hər dəfə onun məzarı üstünə gedəndə sanki dərdimi onunla birlikdə paylaşıram. O məni həmişə eşidir...

- Ad gününüzdə sizi qəmgin notlara kökləmək istəməsəm də, siz hər dəfə atanızdan, onun xatirələrindən danışırsınız. Deyəsən çox cavabsız suallarınız qalıb?

- Bəli, cavabsız suallarım çoxdur. Ona sual verərdim ki, ata sən görəsən mənim hansı peşənin sahibi olmağımı istəyirdin? Razısanmı mənim peşəmdən? Hər halda mənim ona ilk sualım bu olardı. Ondan sonra soruşardım ki, nə idi mənim günahım mən 3 yaşımda boynu bükük olaraq sənsiz böyüdüm? (kövrəlir)

- Yusif bəy, baxımlı olmağınız həmişə müzakirə mövzusu olub. Hətta deyirlər ki, Yusif heç qocalmır...

 

- Mən son dərəcə doğru-dürüst həyat yaşayıram. Vaxtında yatıb, vaxtında oyanıram, vaxtlı-vaxtlı qidalanıram. Siqaret və içkini heç vaxt tanımamışam. Son dərəcə xarici görünüşümə diqqət yetirirəm. Çünki mən efir adamıyam, tamaşaçı isə efirdən hər şeyi gözü ilə sezir, seçir və sevir. Bundan əlavə bir otaqlı mənzilimdə trenajorum da var. Müntəzəm olaraq idmanla da məşğul oluram.

- Saçınızın rənginə görə heç kompleks yaşamırsınız?

- Xeyr, əksinə! Saçımın ağ olması mənim son dərəcə seçilməyimi göstərir. Belə daha da yaxşı görünür. Qoy televiziyada bir dənə də ağsaçlı insan olsun da (gülür).

- Bəlkə də mənim bu sualımdan inciyəcəksiniz. İnsanın saçının ağ olması onun qoca olmasına işarədir?

- Xeyr, saçın ağ olması heç bir qocalıq demək deyil! Yetər ki, insanın qəlbi gənc olsun. Bizdə bu genetikdir, gənc yaşlarımızdan saçımız ağarır. Bu heç də mənim qocalığıma dəlalət etmir. Mən dayanmadan 24 saat efir idarə edə bilərəm. Sinəsinə döyən, hansı DJ, aparıcı varsa, marafon elan olunsun, 24 saat veriliş aparsınlar, özü də 3 dildə. Əgər bacarsalar mən ərizəmi yazıb ATV-dən gedərəm. Əsfuslar olsun ki, onların bu arzusu ürəklərində qalacaq.

- Üstüörtülü də olsa həmkarlarınızdan gileyləndiniz.

- Hər bir teleaparıcı efirdə öz mədəniyyətini və səviyyəsini göstərir. Heç bir teleaparıcıya qarşı mənim iddiam yoxdur, ola da bilməz. Mən sadəcə öz bilik səviyyəmi, dünya görüşümü sərgiləyirəm. Əksər hallarda mən həmkarlarımdan bunun tam əksini görürəm. Mənim üçün efir məkanında bir nömrəli, böyük aparıcı Murad Dadaşovdur. Onun layihələrinə, bilik səviyyəsinə, təcrübəsinə heyranam. Amma əfsuslar olsun ki, hələ də onun "Maşın" realiti şousunda iştirak edə bilmirəm. Bu da mənim işimlə bağlıdır. Çünki hər axşam radioada veriliş aparıram.

- Böyüklər içində kiçilmək yaxşıdır, yoxsa kiçiklər içində böyümək?

- Mənə elə gəlir ki, böyüklər içində kiçilmək daha yaxşıdır. Nəinki, kiçiklər içində böyümək. Həyat tərəzisi o vaxt pozulur ki, kiçiklər böyüklük etməyə başlayır, ən çətin məqam da elə budur. Bunu illər öncə yaşamışam, çox şükür ki, hər şey artıq geridə qalıb. Mən o illəri heç xatırlamaq istəmirəm. Xoşbəxtlikdən o illərin səhifəsi artıq qapandı.

- Keçən ad gününüzdə Aygün Kazımova sizi Rəhim ilə barışdırdı. Bu il hansı həmkarınızla barışmaq istərdiniz?

- Bəli, Aygün mənə dedi ki, sənə sürprizim var. Rəhim Rəhimli qəfildən studiyaya girdi. Amma bir şeyi deyim, mən Rəhimi dostcasına öpüb qucaqladım. Bu efir naminə olunnan bir hərəkət deyildi. Mənim heç bir müğənni ilə münasibətim pis deyil. Mən heç kimə düşmən kəsilə bilmərəm. Şükürlər olsun ki, verilişə gələn qonaqları da hamı bilir ki, necə qəbul edirəm.

- Bu günkü ad gününüzə necə hazırlaşmısınız?

- Öncə onu söyləyim ki, 28 dekabr tarixində həm mənim, həm Manananın, həm də Rəhim Rəhimlinin doğum günüdür. Manana ilə öz ad günümü efirdə qeyd edəcəyəm. Düzdür, böyük ulduz qarşısında oxumaq olmaz, amma mahnı da hazırlamışam. Bundan sonra ya biabır olacağam, ya da seviləcəyəm (gülür). Aranjmançı İslam Şirvani ilə bir mahnı ərsəyə gətirmişik.

- Qorxmursunuz ki, müğənnilər sizi tənqid edər?

- Müğənnilər aparıcılıq edəndə mən ki, onları tənqid etməmişəm? (gülür).

- Özünüzə nə arzulayırsınız?

- Mən özümə və yaxınlarıma yalnız can sağlığı arzulayıram. Bütün maddi və mənəvi dəyərlərimə görə ATV-yə çox borcluyam. 20 ilə yaxındır ki, bu telekanalda çalışıram. Hər şeyi ATV sayəsində əldə etmişəm. Buna görə ATV rəhbərliyinə də təşəkkür edirəm.

Tanınmış teleaparıcı:

Tanınmış teleaparıcı:

İcmal.Az

RƏYLƏR