Taxıl zəmilərinin 33 faizində biçin yekunlaşıb, sahələrdən 1 milyon tondan çox məhsul yığılıb

OXUNUB: 217 Özəl İQTİSADİYYAT
Respublikanın 12 rayonunda arpa biçini başa çatıb 

Bölgələrdə taxıl biçini davam edir. Artıq payızlıq əkin sahələrinin 33 faizində biçin başa çatıb. Bugünədək sahələrdən 728937 ton arpa, 366037 ton buğda yığılıb. Ölkə üzrə payızlıq arpa sahələrinin 60 faizində, buğda sahələrinin isə 16 faizində biçin başa çatıb. Hazırda orta məhsuldarlıq arpa üzrə 30.2 sentner, buğda üzrə isə 34.4 sentner təşkil edir. 

Artıq payızlıq arpa əkini aparılmış 12 rayonda arpa biçini tam yekunlaşmaq üzrədir. Bu mövsüm İmişli rayonunda 18 min hektara yaxın sahədə taxıl əkilib. Bugünədək sahələrdən 11885 hektarında biçin başa çatıb. Sahələrdən 46 min tondan artıq məhsul yığılıb, taxıl üzrə orta məhsuldarlıq 38,8 sentner/ha təşkil edir. İmişli rayonunda arpa sahələrinin 95 faizində biçin prosesi yekunlaşıb. 

Hazırda rayonun taxıl sahələrində 24 kombayn cəlb olunub, bunlardan 11 kombayn "Aqroservis” ASC-nin yerli rayon bölməsinin balansında olan kombaynlardır. Biçinə həmçinin fiziki və hüquqi şəxslərə məxsus 13 özəl kombayn cəlb olunub. 

Qeyd edək ki, hazırda respublikanın 61 rayonunda biçin gedir. Biçin prosesinə ümumilikdə 1447 kombayn cəlb olunub. Ölkə üzrə biçin aparılmış sahələrin 95223 hektarı "Aqroservis” ASC-nin kombaynları, qalan hissəsi isə özəl kombaynlar vasitəsilə biçilib. "Aqroservis” ASC-nin kombaynları dislokasiya planı üzrə ilkin mərhələdə 5 hektaradək olan kiçik sahələrdə biçin aparır. Sosial biçin prosesi növbəlilik prinsipi əsasında həyata keçirilir.    

Qeyd edək ki, bu il ölkə ərazisində 1 058 398,9 hektar taxıl sahəsi əkilib ki, bunun 40 faizi arpa, 60 faizi buğda sahəsidir.
 







RƏYLƏR